Əsas səhifə 

YAP xalqımızın inamını və etimadını doğrultmuş partiyadır

1992-ci il noyabrın 21-də Naxçıvanda ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransı ilə yaradılan Yeni Azərbaycan Partiyası (YAP) 1992-ci il dekabrın 18-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınan siyasi partiyadır. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan səriştəsiz, səbatsız siyasi qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Həmin zamanda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirirdi. Bu hadisələrin fonunda 91 nəfər ziyalı yaranmaqda olan böyük siyasi və sosial gücə malik Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə müraciət etdi. Ulu öndər Heydər Əliyev ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Nəticədə, 1992-ci il noyabrın 21-də Naxçıvanda, C.Məmmədquluzadə adına Dram Teatrının binasında keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. Ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası qısa müddət ərzində, böyük sürətlə ölkə üzrə təşkilatlandı, xalqın iradəsi, dəstəyi və təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə gəldi.

Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılması zərurətini belə əsaslandırmışdır: “Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış partiyadır. Buna görə də bizim əsasımız var deyək ki, Yeni Azərbaycan Partiyası müstəqilliyin həyata keçirilməsinin əsas qüvvəsidir və təkcə onun qorunub saxlanmasının yox, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin təminatçısıdır”.

Yeni Azərbaycan Partiyası ötən 29 il ərzində şərəfli yol keçmiş, qədirbilən xalqımızın inamını və etimadını doğrultmuş, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində önəmli rol oynamışdır. Ulu öndər Heydər Əliyevin YAP haqqında fikrini “Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır” ifadəsi ilə bildirmişdir.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının Sədri Prezident İlham Əliyevdir. Prezidentimiz Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, müstəqil, qüdrətli və qalib ölkəmiz dünya ölkələri içərisində öz layiqli, yüksək yerini tutmuşdur. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin ölkəmizdə uğurla həyata keçirilməsi ilə yeni, müstəqil Azərbaycan bugünkü inkişafa və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha, ən əsası, 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərindəki möhtəşəm Qələbəyə nail olunmuşdur. Müzəffər Azərbaycan Ordusunun 2020-ci il torpaqlarımızı düşmən işğalından azad etməsi və qazandığı böyük tarixi Qələbə də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış Ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir.

Möhtəşəm siyasi partiya ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramı, onun məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət idi və bu 29 ildə YAP öz əsas məqsədlərinə uyğun fəaliyyət göstərib və demək olar ki, o məqsədlərə nail ola bilib. YAP-ın gücü həm də onun ideyalarının və cəmiyyət həyatının ən müxtəlif məsələlərinə dair baxışlarının məhdud zaman çərçivəsinə deyil, uzun bir dövrə və tarixi proseslərə hesablanmasında idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi qələbələrin, uğurların davam etdirilməsi, beynəlxalq səviyyədə imkanların artırılması hər bir Azərbaycan vətəndaşının ümdə arzusudur. Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da möhkəmləndirilməsi, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hakim partiyalar – Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında da sıx, yüksək səviyyəli, məhsuldar əməkdaşlığın qurulması, qarşıda duran hədəflərə doğru bir çox işlərin birgə görülməsi xalqlarımızın, siyasi həmfikirlərimizin ürəyindən xəbər verir. Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin yüksəlməsi, təkcə qardaş Türkiyənin deyil, bir çox dost ölkələrin hakim siyasi partiyaları ilə əməkdaşlığı müstəqil Azərbaycanımızın beynəlxalq mövqeyinin möhkəmlənməsi və gələcək inkişafına da öz töhfəsini verməkdədir.

Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasının fəaliyyətinin mühüm istiqamətlərindən biri ölkədə keçirilən seçkilərdə yaxından və fəal şəkildə iştirak etməkdir. Ötən illər ərzində Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası böyük uğurlar əldə etmişdir. Qeyd edək ki, 1995, 2000, 2005, 2010, 2015 və 2020-ci illərdə keçirilən Parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qalib gəlib. 125 üzvdən ibarət olan Milli Məclisdə YAP 1995-ci ildə 53 nəfərlə, 2000-ci ildə 77 nəfərlə, 2005-ci ildə 63 nəfərlə, 2010-cu ildə 71 nəfərlə, 2015-ci ildə 74 nəfərlə, 2020-ci ildə isə 70 nəfərlə təmsil olunub. Yeni Azərbaycan Partiyası məqsədyönlü fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, seçkilərdə əldə etdiyi qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. 1992-ci ildə çox ağır şəraitdə yaradılan Yeni Azərbaycan Partiyası yarandığı gündən çox şərəfli bir yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilmişdir. Sözlə əməl birliyi, partiya üzvlərinin ümummilli lider Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə sədaqəti YAP-ın ölkədə nüfuzunu daha da artırmış, ümumilikdə, bölgənin aparıcı təşkilatı kimi mövqeyini möhkəmləndirmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının 800 minə yaxın vətənpərvər insanları birləşdirən üzvü var.

Farid Mustafayev,

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun YAP ərazi partiya təşkilatının sədr müavini

Daha çox xəbərlər