Siyasət 

Rusiya-Ukrayna müharibəsi: Türkiyə vasitəsilə yenilik gözlənilir – TƏHLİL

Martın 10-da Türkiyənin vasitəçiliyi ilə Antalyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ukraynalı həmkarı Dmitri Kuleba arasında görüş gözlənilir.

Əgər tərəflər görüşdən imtina üçün hər hansı səbəblər gətirməsə, bu danışıq müharibənin gedişatında fərqli məzmun qazanılması üçün stimul ola bilər.

Çünki müharibə başlayandan sonra XİN başçıları səviyyəsində bir dəfə də olsun görüş olmayıb. Bu zamana qədər Rusiya-Ukrayna nümayəndə heyətləri arasında keçirilən üç raund danışıq daha çox müharibənin gedişatında humanitar razılaşmaların əldə edilməsinə hesablanmışdı.

Ancaq Lavrov-Kuleba görüşü həmin razılaşmalardan da üstün tezislərə dair şərtlərin formalaşması deməkdir.

Yəni, Moskva və Kiyev müharibənin nəticələrinə dair köklü dəyişikliyə hazır olduğunu bəyan edirlər və burada Türkiyənin vasitəçiliyinə inam bəsləyirlər.

Diqqəti yönəltməli olduğumuz digər məqam müharibənin gedişatında Rusiya-Ukrayna danışıqlarının ilk dəfə NATO üzvü olan bir ölkədə – Türkiyədə keçiriləcəyidir.

Bu məntiqdən yola çıxaraq belə bir mühakimə yürütmək imkanı yaranır ki, Türkiyə NATO-nun kollektiv maraqlarından irəli gələn prinsiplərə əsaslanaraq Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə tənzimlənməsində hərbi alyansın lokomotivinə çevrilir.

Ancaq Türkiyə özünün dövlət avtoritetini də NATO-nun birgə maraqlarından üstün tutur, çünki Ukraynada partlayan hər bomba, hər keçən günün yaratdığı dramatik mənzərə Türkiyə üçün də təhlükələr yaradır.

Əsasən Qara dəniz hövzəsində Rusiyanın hegemonluq meyilləri Türkiyəni  narahat edir, bu baxımdan Türkiyə üçün hələlik birbaşa risk yaranmasa da, Ankara bu risklərə qarşı müdafiə sistemini gücləndirmək əzmini nümayiş etdirir.

Bu mənada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun vasitəçiliyi Lavrovla Kulebanın eyni masa arxasına əyləşməsi həm də Ankaranın tərəflərə öz narahatlıqlarını üz-üzə formatda çatdırması deməkdir.

Lavrov isə Ankaradan Türkiyənin müharibəyə dair yanaşmasını bir daha dinləmək niyyətindədir, çünki gedişatların doğura biləcəyi nəticələr Ankaranın da fərqli siyasi kursa müraciət etməsini şərtləndirə bilər.

Bu mənada Rusiya müharibənin nəticəsindən asılı olmayaraq Ankara kimi strateji tərəfdaşını itirməyi arzulamır, Ukrayna isə Türkiyədən daha çox yardım istəyir.

Lavrovla Kulebanın Antalyada görüşə razılıq verməsi Ukraynada döyüşlərin şiddətlənməsinin müşayiətində baş tutdu.

Rusiya isə zaman irəlilədikcə strateji niyyətindən dönmədiyini bildirir və Kiyevin mühasirəsini daraldır.

Bu baxımdan Lavrov-Kuleba görüşünün müharibəni dayandıracağı barədə ehtimal irəli sürmək çətindir, XİN başçıları bağlı qapılar arxasındakı müzakirələrinin nəticələri barədə öz dövlət başçılarına məruzə etdikdən sonra verilən qərar mövcud situasiyanın xarakterini dəyişəcək.

Daha çox xəbərlər