Cəmiyyət 

Dövlət uşaq siyasəti uğurla həyata keçirilir

Uşaqlar hər bir ailənin xoşbəxtliyi,cəmiyyətimizin gələcəyi, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Ona görə də onların təhsil almalarına, sağlamlıqlarına,hərtərəfli inkişaf etmələrinə yüksək qayğı ilə yanaşılır. “Biz uşaqlarımızı yaxşı tərbiyə etməli, yaxşı şəraitdə yaşatmalı, onları gələcək üçün hazırlamalıyıq”,-deyən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ulu öndə Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli bir vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır.Bütün kateqoriyadan olan uşaqlarla yanaşı, valideyn himayəsindən məhrum olmuş və valideyinlərini itirmiş uşaqlar dövlətin qayğısı əhatəsindədirlər. Onların təhsilə cəlbi, sağlamlıqlarının qorunması, asudə vaxtlarının düzgün dəyərləndirilməsi, eləcə də onların sosial müdafiələrinin gücləndirilməsi baxımından mühüm tədbirlər həyata keçirilir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021- ci il 20 dekabr tarixli Fərmanına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara ödənilən müavinətlərin məbləği artırılaraq 100 manatdan 120 manatadək, övladlığa uşaq götürənlərə ödənilən aylıq müavinət isə 160 manatdan 200 manatadək artırılıb. Bundan başqa, dövlət, özəl ali və orta ixtisas müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqının dövlət tərəfindən ödənilməsi bu qəbildən olan uşaqlara göstərilən qayğıdan xəbər verir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 25 yanvar tarixli Qərarı ilə “Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” dəyişiklik edilmişdir. Dəyişikliyə görə valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə ayrılmış  vəsait hesabına qanunvericiliklə müəyyən olunmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, eləcə də orta aylıq əməkhaqqının 5 mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdusa artıq bu xərclərin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına ödənilməsi təmin olunacaqdır.

Qürur hissi ilə deyə bilirik ki, muxtar respublikamızda valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum uşaqlar hərtərəfli böyüyə bilirlər.Dövlətimizin göstərdiyi qayğının nəticəsidir ki, muxtar respublikada fəaliyyət göstərən Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində valideyn himayəsindən məhrum olmuş uşaq yoxdur. Müvafiq təbəqədən olan uşaqların hər biri qohumlarının himayəsində yaşayır, milli dəyərlər əsasında tərbiyə olunur, ali və orta ixtisas müəssisələrində təhsil alaraq gələcəyin əsl layiqli vətəndaşları kimi böyüyürlər.Sevindirici haldır ki, müvafiq kateqoriyadan olan 19 gənc dövlətimizin göstərdiyi qayğı nəticəsində orta ixtisas və ali təhsil müəssisələrində təhsil alırlar. Bu da muxtar respublikada uşaq hüquqlarının, qohumluq əlaqələrinin və ailə dəyərlərinin necə yüksək səviyyədə qorunduğunun bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə tək valideynli, valideyn himayəsindən məhrum olmuş uşaqlara qış geyimləri, hədiyyələr verilir, valideyn himayəsindən məhrum olmuş uşaqların yaşadıqları evlərdə monitorinqlər keçirilir, monitorinq zamanı uşaqların təlim-tərbiyələri, yaşayış və sosial şəraitləri, sağlamlıqları və uşaq hüquqlarını əhatə edən digər sahələr yoxanılır, qəyyum və himayədarlar, eləcə də uşaqlarla geniş qanunamüvafiq söhbətlər aparılır. Aparılan işlərin davamı olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iş planına uyğun olaraq, komissiyanın ekspert qrupu tərəfindən muxtar respublika üzrə, ümumilikdə, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə monitorinq aparılıb.Həyata keçirilən monitorinqlərin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir.

Həmçinin komitə tərəfindən hər iki valideyinini itirmiş, tək valideynli, valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərində asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə muxtar respublikanın istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Ekskursiyalara cəlb olunmuş uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda filmlər göstərilir, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında tamaşalar nümayiş etdirilir. Həmin kateqoriyadan olan uşaqların iştirakı ilə “Yay məktəbi” təşkil olunur,müxtəlif idman və əyləncəli oyunlar,intellektual yarışlar keçirilir. Yay tətili günlərində onların Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur, 15 sentyabr Bilik Günü ərəfəsində onlara məktəbli formaları və dərs ləvazimatları verilir, onlar qış geyimləri ilə təmin olunurlar.

Bir sözlə, nə xoş bizlərə ki, gələcəyin qurucuları olan uşaqlar belə bir cəmiyyətdə böyüyür. Və nə xoş bizlərə ki, uşaqların xoşbəxtliyinə, gülüş sədalarına, firəvan yaşayışımıza səbəb olan bu diyarda yaşamaq nəsibimiz olub. Əminik ki, cəmiyyətin ən həssas təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”.

Nuray ƏSGƏROVA

Daha çox xəbərlər