Əsas səhifə 

Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

Novruz – birlik və bərabərliyin simvolu olan, təbiətin canlanmasıyla baharın gəlişinin bayram edilməsi ilə insanlarda yüksək əhval-ruhiyyə yaradan xüsusi bir gündür.Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Hər bir xalq, millət öz milli-mənəvi dəyərləri, adət-ənənələri ilə tanınır. Azərbaycan xalqı öz dəyərlərini qoruyan, inkişaf etdirən, gələcək nəsillərə çatdıran xalq kimi nüfuz qazanıb. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olan milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği beynəlxalq səviyyədə də yüksək nüfuz qazanıb. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri ilə keçirilən kütləvi bayramdır. Müstəqillik dövrümüzdən bu yana Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram kimi qeyd olunmağa başlayıb.
Bu gün xalqımız sevinclidir. İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır, Novruz tonqalları alovlandırılır. 30 ilə yaxın dövrdə düşmən tapdağı altında qalan torpaqlarımız rahat nəfəs alır, yazın gəlişini duyur, sahibinə qovuşduğu üçün özünü qürurlu hiss edərək Novruzun bütün ənənələrini sevinclə qeyd edir. Ötən il dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ailə üzvləri Şuşamızın Cıdır düzündə Novruz tonqalını alovlandırdılar. Prezident bu məkandan müraciətində sevinclə, qürurla – “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” gəlmişik və burada dayanmışıq deyə bəyan etdi.

Daha çox xəbərlər