Apreldə TANAP xəttinin Avropaya təbii qaz nəql edəcək “Faza-1” hissəsində sınaqlara başlanılacaq
ARANTV.AZ xəbər verir ki, aprel ayında Trans-Anadolu Qaz Boru kəmərinin Avropaya təbii qaz nəql edəcək hissəsində sınaqlara başlanılacaq. Bu barədə TANAP-ın baş direktoru Saltuk Düzyol deyib. Onun sözlərinə görə, “Layihənin Faza-0” hissəsi üzrə hazırda Türkiyəyə təbii qaz nəql edilir. Gələn ay isə Avropaya qaz ötürəcək Faza-1 hissəsində sınaqlar aparılacaq. TANAP və TAP xəttlərinin birləşdirilməsi, “qızıl qaynaq” ötən ilin noyabrında baş tutsada hazırda burada boru kəmərinin, habelə kompressor və ölçü stansiyalarının, sazlama işləri həyata keçirilir. Bu barədə isə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktor müavini Rəşad Mustafayev bildirdi.
Rəşad Mustafayev – “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktor müavini:
– Şəhdəniz üzrə ilk qazın verilməsi 100 faizə çatdırılsada ümumi inkişaf, yəni avadanlıq və qurğuların işlənməsi üçün inkişaf faizi 92,2 çatıb. Eləcə də, Cənub qaz boru kəmərinin genişləndirilməsi demək olar ki, bitmək üzrədir 99 faiz. TANAP layihəsində “Faza 0” 100 faiz, Faza- 1 üzrə işlər 99,5 faizə çatıb.
Xatırladaq ki, keçən ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. Həmin dövrdən ötən müddətdə TANAP-la ümumilikdə 1 milyard 250 milyon kubmetr təbii qaz Türkiyəyə çatdırılıb. Bu ilin sonuna kimi isə bu həcmin 4 milyard kubmetrə çatdırılması planlaşdırılıb. Ümumilikdə TANAP-ın ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə TAP xətti vasitəsi ilə Avropaya nəql ediləcək. Artıq TAP layihəsi üzrə işlərin 85,2 faizi başa çatdırılıb.

