Suqovuşanda verilən açıqlamalar düşmən üçün ciddi mesajdır
Ali Baş Komandanımızın ötən il Şuşada, bu il Suqovuşanda Azərbaycan xalqına ünvanladığı Novruz təbriklərində səsləndirdiyi fikirlər region üçün çox əhəmiyyətlidir. Belə ki, Cıdır düzündə xalqa müraciətində Azərbaycan lideri tarixi ədalətin bərpa olunduğunu və bundan sonra heç kimin bizi öz torpaqlarımızdan çıxara bilməyəcəyini elan etmişdi: «Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz» deyən Prezident bununla təkcə Vətən müharibəsində qazandığımız qələbəni yox, həm də ölkəmizin qüdrətli gələcəyinin olacağını bildirmişdi.
Ötən bir il ərzində azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, eləcə də Azərbaycan Prezidentinin qazandığımız qələbəni möhkəmləndirmək, beynəlxalq aləmdə dünyanın supergücləri də daxil olmaqla hər kəs tərəfindən qəbul edilməsi istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi də bunu əyani şəkildə göstərir.
Bir il sonra Prezident İlham Əliyev yenidən Qarabağda- Suqovuşanda bayram tonqalı qalaması xalqımızı Novruz bayramı münasibətilə təbrik etməsi də tarixi hadisədir. Xüsusilə, bu çıxışıda iki mühüm məqam xüsusilə diqqət çəkir. Burada düşmənə xəbərdarlıq edilir ki, Azərbaycan torpaqlarında heç kim «status», «müstəqillik» kimi absurd xülyalara düşməməlidir, çünki buna heç vaxt imkan verilməyəcək : «Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Qarabağın gözəl, səfalı yerləri qondarma quruma daxil edilmişdi, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi. Bu, xalqımıza qarşı növbəti ədalətsizlik idi, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır. Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu».
Bu gün Azərbaycan dövlətinin əsas prioriteti azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin qısa müddətdə evlərinə qayıtmasıdır. Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın Suqovuşanda iştirak etdiyi təməlqoyma mərasimləri də bunu əyani şəkildə göstərir. Səfər zamanı Suqovuşan qəsəbəsinə çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatı keçirildi. Dövlət başçısı qəsəbədəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış oldu. Məlum oldu ki, qəsəbədə tam orta məktəbin binasının əsaslı təmirinə başlanılıb. Bununla yanaşı, Prezident Suqovuşanda ikimərtəbəli yeni məscidin təməlini atdı. Turizm kompleksinin təməlqoyma mərasimi keçirildi, avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı baş tutdu. Bütün bunlar isə Suqovuşana ümumilikdə isə Qarabağa həyatın yenidən qayıtmasının başlanğıcıdır.
Mühüm məqamlardan biri də Prezident İlham Əliyevin Suqovuşanda Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin açılışını etməsi oldu. Bu, dövlət başçısının «Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir» fikrinin praktikadakı təsdiqidir. Azərbaycan dövləti azad edilmiş ərazilərə həyatın qaytarılması istiqamətində genişmiqyaslı işlərlə yanaşı, bu torpaqlarda sülhün və təhlükəsizliyin təminatı üçün Ordumuzun mövqelərini də gücləndirir.
Almaz Həşimova,
YAP Füzuli rayon təşkilatının sədri

