Azərbaycanın təqdim etdiyi prinsiplər beynəlxalq hüququn normalarını əks etdirir
Dövlət başçısı İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bir daha bu məqamı diqqətə çatdırmışdır ki, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması əsasında Qafqaza sülh gələcək
“Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.» Dövlət başçısı İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində böyük qürur hissi ilə Novruz tonqalını alovlandırdıqdan sonra Azərbaycan xalqına bayram təbrikində bir daha son bir ildən artıq dövrdə tarixi Zəfərimizin hər bir azərbaycanlıda yaratdığı xoşbəxtlik hissindən bəhs edərək bu torpaqlarda əbədi yaşayacağımızı bildirməklə işğalçı Ermənistana mesajlarını çatdırdı. Hazırkı dövrdə bərpa və quruculuq işlərinin geniş miqyas aldığı, soydaşlarımızın Böyük Qayıdışı səbirsizliklə gözlədikləri günümüzün əsas reallıqlarındandır. Xalqımız bu anı 30 ilə yaxın dövrdə səbirsizliklə gözləmiş və heç zaman inamını itirməmişdir. Buna əsas verən dövlətimizin qətiyyəti, möhkəm hüquqi bazanın yaradılması, beynəlxalq standartlara cavab verən ordumuzun formalaşması, xalqımızın dəmir yumruq kimi birliyi, həmrəyliyi, gənclərimizdə torpaq, Vətən sevgisinin böyüklüyü, xalqımızın məğrurluğu və yenilməzliyidir.
Azərbaycan döyüş meydanında tarixi Zəfərə imza atmaqla yanaşı, informasiya cəbhəsində də üstünlüyünü bütün dünyaya nümayiş etdirdi. Baxmayaraq «Dağlıq Qarabağ» ifadəsi artıq tarixə qovuşub, informasiya mübarizənin davam etdirilməsi bugünümüz üçün də əsas vacib məsələlər sırasındadır. Tarixi faktlara, real həqiqətlərə əsaslanan təbliğat daha inandırıcı, təsir imkanları geniş olur. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dolğun şəkildə dərk olunur və ictimaiyyətə çatdırılır. Ulu öndər Heydər Əliyev bu çağırışı edirdi ki, tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz. Ümummilli Liderin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması həqiqətlərimizin təbliğində, dünyaya ədalət, beynəlxalq hüquq məfhumlarının xatırladılmasında mühüm addım oldu.
Əbəs yerə deyilmir ki, tarix təkrarlanır. Ermənilərin torpaq iddiasının 1988-ci ildə yenidən baş qaldırması artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinə səbəb oldu. 30 ilə yaxın müddətdə dünyanın ikili siyasəti, ermənilərin başına çəkilən sığallar münaqişənin həlli prosesinin uzanmasına səbəb olmuşdur. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatlarının 30 ilə yaxın müddətdə edə bilmədiklərini etdi, ədalət bərpa olundu, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edildi.
Nəzərə alaq ki, 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər – ABŞ, Fransa və Rusiya, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu xatırlatmanı ona görə edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etmələri tələb edilsə də, ermənilər bu qərar və qətnamələrə məhəl qoymurdu, “evin ərköyun” uşağı kimi istədikləri zaman danışıqlar prosesinə qatılır, istəmədikləri zaman da qatılmırdı. Ermənistan rəhbərliyinin yeni ərazilərlə bağlı müharibə planı da başına çəkilən sığallara əsaslanırdı. Azərbaycan Ordusu bütün bu planları alt-üst etdi, Ermənistanı diz çökdürdü, kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ən əsası illərdir yaradılan «güclü erməni ordusu» mifi darmadağın edildi. Dünya Azərbaycan Ordusunun məğrurluğunun, yenilməzliyinin şahidi oldu.
Prezident İlham Əliyev martın 31-də Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən də diqqəti münaqişənin öz həllini tapmasına yönəldərək bu fikri xüsusi vurğulamışdır ki, Azərbaycan bunu özü etdi və indi də Azərbaycanla Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır. Ermənistan rəsmiləri tərəfindən müəyyən mesajlar daxil olur. Bu mesajlardan biri Azərbaycan tərəfinin təkliflərinin məqbul hesab edilməsidir. Tarixi Zəfərimizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il Bəyanatından, həmçinin 11 yanvar 2021-ci il Moskva görüşündə əldə olunan razılaşmanın bütün müddəalarının həyata keçirilməsi vacibdir. Bununla yanaşı, Soçi və Brüssel görüşlərində də Azərbaycan tərəfinin sülh təklifi təqdir edilərək dünya gücləri sülh müqaviləsinin imzalanmasına öz dəstəklərini göstərməyə hazır olduqlarını bildirmişdilər.
ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşündə «Bizim təqdim etdiyimiz beş prinsip beynəlxalq hüququn normalarını, yaxşı beynəlxalq davranışı əks etdirir. Necə deyərlər, biz burada velosiped ixtira etmirik. Bütün bu prinsiplər istənilən ölkələr arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir» söyləyən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, qarşılıqlı olaraq ərazi bütövlüyünün və beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, daha sonra sərhədlərin delimitasiyası – hesab edirəm ki, bunun əsasında Qafqaza sülh gələcəkdir: «Biz bunu istəyirik. Biz Cənubi Qafqazın üç ölkəsi arasında Cənubi Qafqazda fəal əməkdaşlıq üçün potensialın olduğunu görürük və hesab edirəm ki, bu, nəinki bu ölkələr üçün, daha geniş region üçün önəmli olacaq. Əlbəttə ki, bütün bu məsələləri çox ehtiyatla və vaxtında həll etmək lazımdır. Çox şadam ki, bu və digər mühüm məsələləri sizinlə müzakirə etmək imkanımız var.»
Cənab İlham Əliyev istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xarici mətbuata çoxsaylı müsahibələrində ATƏT-in Minsk qrupunun 30 ilə yaxın dövrdə fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırır. Həmçinin münaqişənin tarixə qovuşmasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə də bu narahatlığını ifadə edərək postmünaqişə dövründə həmsədrlərdən yeni təkliflər gözlənildiyini vurğulamışdır.
Bu reallıq da məlumdur ki, ermənilər illərdir xarici himayədarlarının dəstəyindən bəhrələnərək beynəlxalq ictimaiyyətdə özləri barədə “yazıq, məzlum, əzilən və döyülən” millət, azərbaycanlıların isə mənfi obrazını yaradıblar. ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişi tətbiq etməsi də bu təbliğatın nəticəsi idi. Yalnız 2001-ci ildə ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonu bu qərarın ədalətsizliyi barədə düşünməyə və onun fəaliyyətini bir illik dondurması barədə qərar qəbul etməyə sövq etdi.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə yaşanan Xocalı faciəsi təbii ki, ermənilərin əvvəlki cinayətlərinin cəzasızlığından yaranan soyqırımıdır. Bu gün Azərbaycan dövləti bütün səylərini bu faciənin soyqırımı kimi tanıdılmasına yönəldib. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi. 44 günlük Vətən müharibəsi dövründə Xocalı faciəsinin davamı olaraq Gəncə, Bərdə, Tərtər və sair yaşayış məntəqələrimizdə terror aktları törədildi, dünya yenə də seyrçi mövqeyindən əl çəkmədi. Bunlara göz yummaq, ədalət prinsipini arxa plana keçirib öz maraqlarına uyğun mövqe nümayiş etdirmək beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Bu prinsipi yenə də təkrarən xatırlatmaq istərdik ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT-nin sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir.
Cənab İlham Əliyev çıxışlarında, həmçinin bu çağırışı da edirdi ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir: «Mən şadam ki, bu məsələ ilə bağlı – bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.»
Faktlar danışdıqca ermənilər daha aciz görünürlər. Son illərdə aparılan araşdırmalar nəticəsində erməni vəhşiliklərinə işıq salan çoxlu sayda yeni faktların və sənədlərin toplandığını vurğulayan cənab İlham Əliyev Quba şəhərində aşkar olunmuş kütləvi məzarlığı önə çəkərək bildirir ki, üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edir. Prezident İlham Əliyev bildirir ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı alimlərimiz, mütəxəssislərimiz gərək dolğun məlumat versinlər. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik: «Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi. Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı – o erməni bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir.»
Dünyaya səs salan Zəfərimiz, işğaldan azad edilmiş torpaqlarımızda ermənilərin törətdikləri vandalizm aktları mənfur düşmənin əsl simasının təqdimatında mühüm rol oynayır. Ötən il Novruz tonqalını Şuşada Cıdır düzündə alovlandıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bu il Suqovuşan qəsəbəsindən Azərbaycan xalqına ünvanladığı bayram təbrikində bildirmişdir: “Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!»

