Əsas səhifə 

Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qeyd edilir

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanla qurum arasında bir sıra sahələrdə əməkdaşlığı nəzərdə tutan 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağından məmnunluq ifadə edilib

 

Azərbaycanın bütün sahələrdə təcrübəsi nümunədir. Demokratikləşmənin sadəcə bir niyyət, şüar olmadığını, ölkəmizin hərtərəfli inkişafı üçün əsas olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev iqtisadi və siyasi islahatların vəhdətliyi fonunda qazanılan uğurları bunun bariz nümunəsi kimi qeyd edir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması dövlətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə, media, sərbəst toplaşma, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Ölkədə normal siyasi dialoq mühiti mövcuddur. 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqları fonunda siyasi partiyaların birliyini, həmrəyliyini, ümummilli məsələlərdə vacib mövqedən çıxış etdiklərini daha aydın şəkildə görürük. Həmçinin Vətən müharibəsinin getdiyi dövrdə 50-dən artıq siyasi partiyanın bir araya gələrək imzaladıqları bəyanatda dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək öz əksini tapmışdır. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmaq barədə qərarı da ölkəmizdə siyasi partiyalar arasında yaradılan siyasi dialoq mühitinin təqdimatı oldu.

 

Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırarkən demokratik inkişaf sahəsində uğurlarımızı xüsusi qeyd edir. Ən əsası Azərbaycanın 2001-ci ildə bütün təzyiqləri, çətinlikləri dəf edərək dünyanın ən nüfuzlu təşkilatlarından olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, ötən 21 ildə qurumla ölkəmiz arasında əlaqələrin inkişafı da deyilənlərin təsdiqidir. Azərbaycan dövlətinin bəzən qurumun ikili standartlara əsaslanan siyasətinə etirazı da bu illərin məlum olaylarındandır. Azərbaycan qurum qarşısında götürdüyü bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir, demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillərin ölkəmizdə mövcudluğu və dövrün tələblərinə uyğun təkmilləşdirilməsi üçün zəruri addımlar atılır. İnsan hüquqlarının qorunması, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti sahəsində təkmil qanunvericilik bazası mövcuddur.

 

Ölkəmizdə səfərdə olan Avropa dövlətlərinin təmsilçiləri də Azərbaycanın ənənələri olan ölkə olduğunu xüsusi qeyd edir, ölkəmizlə bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün bütün imkanların mövcudluğunu xüsusi vurğulayırlar. Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə imzalanan «Tərəfdaşlıq prioritetləri» sənədində də Azərbaycanın demokratiya sahəsində qazandığı uğurlar təqdir edilmişdir.

 

Təbii ki, bu uğurları şərtləndirən əsas amil dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitliyin, qanunun aliliyinin təmin olunması dayanır. Hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə ilk olaraq mövcud ictimai-siyasi duruma, demokratiyanın inkişaf səviyyəsinə diqqət yetirir. Azərbaycan daim dünya üçün açıq, insan hüquqlarının yüksək səviyyədə qorunduğu, demokratik ölkə kimi qeyd edilir. Dövlət başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafdan danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, lakin iqtisadi inkişafı aşağı səviyyədədir. Azərbaycanda isə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib.

 

Ölkə Prezidenti İlham Əliyev daim xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin xarici KİV-ə müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.”

 

30 illik müstəqillik tarixinə malik olan ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. “Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq” söyləyən Prezident İlham Əliyev, eyni zamanda, bu fikri də önə çəkir ki, iqtisadi artım, cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementləridir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü olan ölkədə demokratiya, şəffaflıq yoxdursa, insan hüquqları yüksək səviyyədə qorunmursa, uğurdan danışmaq qeyri-mümkündür.

 

1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinə verilən dəyəri ortaya qoyur. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini təsdiqlədi. Demokratik inkişafın əsas elementlərindən olan azad mətbuatın inkişafına yönələn addımlar da davamlılığı ilə diqqət çəkir.

 

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi illərində həyata keçirdiyi çoxşaxəli islahatların və bu xəttin son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq bu gün ölkəmizdə söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.

 

Siyasi islahatlarla paralel iqtisadi islahatların da həyata keçirildiyini nəzərə alsaq, bu gün Azərbaycanın son 18 ildə əldə etdiyi uğurların miqyasının nə qədər geniş olduğunu görərik. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər həyata keçirilən uğurlu siyasətin nəticəsidir. Ölkəmizin son 18 ildə əldə etdiyi sosial-iqtisadi uğurlar göz önündədir. İqtisadiyyatımızın düzgün əsaslar üzərində qurulması Azərbaycanın dünyanı bürüyən maliyyə və iqtisadi böhranından uğurla çıxmasını, həmçinin hazırda dünyada, o cümlədən ölkəmizdə yayılan COVID-19-la mübarizədən az itki ilə çıxacağımız barədə fikirlərin səsləndirilməsini şərtləndirir. Məhz bu uğurlara söykənərək postpandemiya dövrü üçün hədəflər və onların icra mexanizmləri müəyyənləşdirilir. Pandemiya dövründə həyata keçirilən sosial dəstək və məşğulluq tədbirləri də deyilənlərin təsdiqidir. Hər zaman vətəndaşının yanında olan dövlətimizin başçısı İlham Əliyev koronavirusla mübarizə tədbirlərinə başlandığı gündən bildirdi ki, insanların sağlamlığı, həmçinin sosial müdafiəsinin gücləndirilməsi əsasdır.

 

Hər sahədə uğurlarımız bu reallığın təsdiqidir ki, davamlı inkişaf dövlət siyasətinin əsasını təşkil edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən Strateji yol xəritələri, tarixi Zəfərimizdən sonra təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» hədəflərə yüksək səviyyədə nail olmaq üçün stimuldur.

 

Prezident İlham Əliyev aprelin 4-də Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələlərə xüsusi diqqət yönəltdi. Dövlət başçısı özünün Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi vaxtilə AŞPA-dakı fəaliyyətini xatırlatdı. Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığının konstruktiv dialoq əsasında inkişaf etməsinin vacibliyini bildirərək, Avropa Şurasına üzvlük çərçivəsində ölkəmizin qanunvericilik bazasının müasirləşdirilməsi istiqamətində ardıcıl addımların atıldığını diqqətə çatdırdı. Söhbət zamanı Azərbaycanla Avropa Şurası arasında 2022-2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağı məmnunluqla qeyd edildi. Prezident İlham Əliyev regionda yaranmış yeni vəziyyət, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün irəli sürdüyü təkliflər, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyət barədə Avropa Şurasının Baş katibinə məlumat verdi.

 

Görüş zamanı ölkə Prezidenti Birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşdüyünü qeyd etdi və onların taleyinin müəyyənləşdirilməsi üçün Ermənistan tərəfindən kütləvi məzarlıqların yerləri haqqında məlumatın verilməsinin vacibliyini vurğuladı. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın mina problemindən ciddi şəkildə əziyyət çəkdiyini, 2020-ci il 10 noyabr Bəyanatından bəri 200-dən çox insanın minaların partlaması nəticəsində həlak olduğunu və ya yaralandığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan beynəlxalq humanitar hüququn təməl prinsiplərinə ciddi şəkildə riayət edib. Ancaq buna baxmayaraq, müharibə dövründə Ermənistan tərəfindən çox sayda hərbi cinayətlərin törədildiyini bildirən dövlətimizin başçısı hərbi əməliyyatlar zamanı Ermənistanın şəhərlərimizi raketlərlə atəşə tutması, nəticədə aralarında uşaq və qadınlar da olmaqla 100-dən çox mülki şəxsin həlak olması faktını vurğuladı. Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu qeyd etdi.

 

Göründüyü kimi, Azərbaycan bütün dünya dövlətləri, beynəlxalq təşkilatlarla əlaqələrini ədalətə və beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək inkişaf etdirməkdə, yeni prioritetlərin müəyyənləşdirilməsində maraqlıdır.

 

 

Daha çox xəbərlər