Şamaxıda ilin ilk üç ayında heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb
Cari ilin ilk üç ayı Şamaxı heyvandarları üçün uğurlu olub. Belə ki, məhsul istehsalı bütün göstəricilər üzrə ötən ilin eyni dövrü ilə müqayisədə artıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin birinci rübündə diri çəkidə 1098 ton ət istehsalı olunub. Bu göstərici ötən ilin müvafiq dövründəkindən 18,7 ton çoxdur. Süd istehsalı da 1304 ton artaraq 10 min 644 tona çatıb. Birinci rübdə 4 milyon 765 min ədəd yumurta istehsal edilib. Bu sahədə isə artım 263 min ədəd olub.
Qeyd edək ki, hazırda Şamaxıda 28 min 541 baş iribuynuzlu, 116 min 142 baş davar bəslənilir.

