Cəmiyyət 

Həyat üçün yaramayacaq dünyaya doğru irəliləyirik

Dünya əhalisinin 99 faizi çirklənmə səviyyəsi normaları üstələyən və insan sağlamlığına təhlükə yaradan hava ilə nəfəs alır

Mütəxəssislərin fikrincə, dünya getdikcə istiləşir və buna görə bəşəriyyət məsuliyyət daşıyır. Son illər ərzində Afrikadakı bəzi ərazilər, insanların istifadə etdikləri içməli su hövzələri, göllər quruyub, qumlu küləklər isə getdikcə güclənir. İçməli su problemi həddindən artıq kəskinləşir. Verilən proqnozlara görə, bu minvalla getsə ərazilər qurumağa davam edəcək və yaşayış üçün tamamilə yararsız hala düşəcək.

Planetdə aşkar edilmiş yanacaq xammal ehtiyatları təxminən 14 trln. ton həcmində qiymətləndirilir. Aşkar edilmiş yanacaq ehtiyatlarının istehlak strukturunu 35 fazi neft, 30 faiz qaz və 25 faiz  daş kömür təşkil edir. Məsələn, kömür hasilatı bütün planetə yayılmışdır. Kömür yandırıldıqda atmosferə böyük miqdarda karbon qazı (CO2) buraxılır. İnkişaf etməkdə olan ölkələr sənaye qonşularının izi ilə getdikcə, XXI əsrdə CO2 iki dəfə artacaq. Alimlər planetin temperaturunun yüksəlməsini və gələcək iqlim dəyişikliyini atmosferdə CO2 səviyyəsinin artması ilə əlaqələndirirlər. Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasına görə, Şimali Amerika və Rusiyada havanın temperaturu son 30 ildə qeydə alınandan xeyli aşağı, Arktika, Afrikanın şimal-qərbi, Avropanın cənubu və Çində isə ortalamadan xeyli yüksək olub. Əlbəttə, qeyd edilən bu statistik göstəricilər qlobal iqlim dəyişmələrinin nəticələridir.

1981-ci ildə alimlər ilk dəfə planetin qlobal istiləşmə problemi ilə üzləşəcəyini açıqladılar. Qeyd edək ki, mütəxəssislər mövcud problemi yaradan əsas səbəb kimi antropogen faktorları göstərirlər. 13 dekabr 2019-cu il tarixində Avropa İttifaqı iqlim müdafiəsi istiqamətində öz strategiyasını təqdim etdi. Sözügedən strategiyaya görə, yaxın 30 il ərzində Aİ ölkələrinin havaya buraxdıqları parnik qazlarının səviyyəsi sıfıra enməlidir. Üzləşdiyimiz qlobal istiləşmə planetin biomüxtəlifliyi üçün ciddi təhlükə hesab edilir.

2022-ci ildə havanın keyfiyyəti barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yenilənmiş məlumat bazasında isə qeyd olunur ki, dünya sakinlərinin 99 faizi çirklənmə səviyyəsi normaları üstələyən və insan sağlamlığına təhlükə yaradan hava ilə nəfəs alırlar. ÜST ölkələri yer altından çıxarılan yanacaqdan istifadəni məhdulaşdırmağa və havanın çirklənmə səviyyəsinin azaldılması üçün digər tədbirləri görməyə çağırır. ÜST-nin ətraf mühit, iqlim dəyişməsi və sağlamlıq Departamentinin direktoru Mariya Neyra bildirir ki, havanın çirklənməsi səbəbindən hər il 7 milyon insan həyatını itirir – onların ölümünün, eləcə də saysız-hesabsız xəstəliklərin qarşısını almaq olardı. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus isə bildirib: “Yer altından çıxarılan yanacağa olan yüksək qiymətlər, enerji təhlükəsizliyi və səhiyyə sahəsində ikili məsələnin – havanın çirklənməsi və iqlim dəyişikliyinə əks təsir göstərməyin həll edilməsində mühüm zərurət – yer altından çıxarılan yanacaqdan daha az asılı olan dünyaya doğru daha sürətli hərəkət etməyin vacib ehtiyacını vurğulayır”.

Qlobal iqlim, bioloji, geoloji, kimyəvi proseslər və təbii ekoloji sistemlər bir-biri ilə sıx bağlıdır: proseslərin birində baş verən dəyişikliklər başqalarına təsir edə bilər. Qlobal iqlim dəyişikliyi problemi son illərin ən həllivacib məsələsinə çevrilib. Lakin təəssüflər olsun ki, bəzi şirkətlər, ölkələr məsələnin ciddiliyinin fərqində deyillər. BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişməsi üzrə Hökumətlərarası ekspertlər qrupunun üçüncü məruzəsinin təqdimatına həsr olunmuş videomüraciətində deyib: “Məruzədə iqlim istiləşməsi ilə mübarizə sahəsində yerinə yetirilməyən vədlər ətraflı sadalanır. Bu sənəd xəcalət hissi əmələ gətirir. Axı biz bundan əvvəl üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməməsi səbəbindən həyat üçün yaramayacaq dünyaya doğru rəhmsizcəsinə irəliləyirik”. BMT Baş katibi həyəcan təbili çalaraq bəşəriyyətin fəlakətlə üz-üzə olduğunu nəzərə çatdırır. O qeyd edir ki, bütöv şəhərlər suyun altına gedir; planetin bir çox regionlarının sakinləri misli görünməyən istilərdən və şiddətli qasırğalardan əziyyət çəkir; içməli su çatışmazlığı kəskin şəkildə hiss olunur; milyonlarla bitki və heyvan növü məhv olur. “Bunlar uydurma və mübaliğə deyil. Bu, hazırkı enerji siyasətinin nəyə apardığını göstərir. Biz qlobal istiləşmə yolundayıq. Bu istiləşmə Parisdə razılaşdırılan ən son 1,5 dərəcə Selsi göstəricini iki dəfədən çox üstələyir. Bəzi dövlət xadimləri və biznesmenlər dediklərinin əksini edir. Bir sözlə, onlar yalan danışır. Bu yalanın nəticəsi faciəli olacaq”, – deyə A.Quterreş vurğulayıb.

İqlim dəyişmələri ilə bağlı problemin aktuallığı və qurumlararası əlaqələrin gücləndirilməsinin əhəmiyyətini nəzərə alaraq, hələ 1997-ci ildə ulu öndər Heydər Əliyev ölkədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yaradılması barədə Sərəncam imzaladı. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 mart 2020-ci il tarixli Sərəncamı ilə yeni tərkibdə təsdiq edilmiş Dövlət Komissiyasının fəaliyyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir.

Hazırda qlobal iqlim dəyişikliklərinin qarşısını almaq üçün planetin enerjiyə olan tələbatının ətraf mühitə zərər vurmadan ödənilməsi ən aktual məsələlərdəndir. Məhz bərpaolunan qaynaqlardan alınan enerji sayəsində ətraf mühitə vurulan ziyanı minimuma endirmək olar. Onu da xüsusi olaraq vurğulayaq ki, Azərbaycan alternativ enerjini dəstəkləyən ölkələrdəndir. Xatırladaq ki, bərpaolunan enerji təbii ehtiyatlardan əldə edilir – günəş işığı, külək, yağış və s. , eyni zamanda da, ətraf mühitə zərər vurmur. A.Quterreş də qeyd edib ki, hər şeydən əvvəl biz bərpaolunan enerji mənbələrinə üç dəfə daha sürətlə keçməliyik. BMT Baş katibinin sözlərinə görə, bu, sərmayələrin və subsidiyaların mədən yanacağı növlərindən bərpaolunan enerji mənbələrinə yönləndirilməsi, özü də dərhal yönləndirilməsi deməkdir.

Daha çox xəbərlər