Gündəm 

2018-2022: Köklü islahatlar Azərbaycanın sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir

Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır

“Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır.” 11 aprel 2018-ci il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq növbəti 7 il üçün qələbəsini təmin edən dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində ifadə etdiyi bu əminlik Prezidentlik fəaliyyətinin 15 ilində əldə olunan sosial və iqtisadi uğurlara əsaslanırdı.

Son prezident seçkilərinə qədər Azərbaycanın sosial-iqtisadi uğurlarına diqqət yetirək. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artdı. Sosial infrastruktur yaradıldı. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir edildi. Bölgələrdə 43 Olimpiya İdman Kompleksi yaradıldı. Bu, onu təsdiqlədi ki,  sosial siyasət daim diqqət mərkəzindədir. “Gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır” söyləyən ölkə Prezidenti qeyd etmişdir ki, yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar Azərbaycanın yoxsulluqla mübarizə tədbirlərini təqdir edir. Bir faktı qeyd etmək kifayətdir ki, 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idisə, hazırda bu rəqəm 5 faizdir. Beynəlxalq səviyyədə bu reallıq da etiraf edilir ki. yoxsul deyil, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanda idarəçilik sistemi daim yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev 2018-ci ildəki andiçmə mərasimində bu hədəfi də açıqlamışdır ki, hamımızın amalı  ölkəmizin daha da güclənməsi,  daha da  qüdrətli dövlətə çevrilməsi,  Azərbaycan vətəndaşlarının  daha da yaxşı yaşamasıdır.

Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi də ölkəmizin sosial islahatlar sahəsində əldə etdiyi uğurlara, ən əsası insan amilinə verilən dəyərə əsaslanır. Qeyd edək ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib.  Zamanın tələbinə uyğun olaraq təkmilləşmə, iqtisadi imkanların artması fonunda güclü sosial siyasət, aztəminatlı ailələrə xüsusi diqqət və qayğı, özünüməşğulluq proqramının icrasına start verilməsi, bütün göstərilən xidmətlərdə şəffaflığın təminatı məqsədilə “ASAN xidmət”, ABAD, DOST mərkəzlərinin yaradılması kimi biri-birindən mühüm addımlar və layihələr beynəlxalq səviyyəli tədbirlərdə əsas diqqət göstərilən məsələlər sırasındadır.

Əvvəldə də qeyd etdiyimiz kimi, son 18 ildə  yoxsulluq təxminən 49 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir.  2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə kimi tanınması ilə yazıldı. Dövlət başçısı İlham Əliyev məhz əhalinin say tərkibinin genişləndiyini nəzərə alaraq, yeni iş yerlərinin yaradılmasının daimi proses olduğunu, bu istiqamətdə addımların davamlı xarakter almasının vacibliyini bildirir: “Bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.”

Təkcə son 4 ildə sosial müdafiənin gücləndirilməsi istiqamətində imzalan Prezident Fərman və sərəncamlarının say tərkibinə, onların əhatə etdiyi sosial paketlərə diqqət yetirmək kifayətdir. 2019-cu ilin sonlarından  dünyanı koronavirus infeksiyası cənginə alsa da Azərbaycan iqtisadi islahatları dərinləşdirməklə yanaşı, heç bir sosial layihənin icrasını təxirə salmadı. Dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamı əsasında 20 fəaliyyət sahəsini , 4 sektoru əhatə edən 10 yardım proqramı icra edildi. Dünyanın inkişaf etmiş ölkələri belə iqtisadi durğunluq dövrünü yaşasalar da Azərbaycan iqtisadi islahatları ilə diqqətdə oldu.

Qeyd edək ki, dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reaabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik bir dönəmdə ciddi irəliləyişlərə imkan verdi.

Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. 2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra onun imzaladığı ilk – 19 aprel 2018-ci il tarixli Fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübut edir. Eyni zamanda, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında da öz təsdiqini tapır.  2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə artdığı ölkəmizdə əhalinin nominal gəlirləri  8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artmışdı. 2018-ci ildən sonrakı köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə nail olunması ilə nəticələnib. Hələ 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artdı. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə  növbəti artımlar edildi.

Cari ilin ilk sosial paketinin özündə ehtiva etdiyi Prezident Fərman və sərəncamlarına diqqət yetirək.  2022-ci ilin əvvəlindən  3,4 milyon şəxsi əhatə əmək haqqı, pensiya və digər sosial ödənişlər artırıldı və bunun üçün də illik əlavə 2,1 mlrd. manat ayrıldı. Beləliklə, yalnız son 4 ildə minimum əmək haqqı 2,3 dəfə, orta aylıq əmək haqqı 40 faizə yaxın, median əmək haqqı 74 faiz artıb. Minimum pensiyada 2,2 dəfə, orta pensiyada 65 faiz artım, müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə  3 dəfədən çox artım baş verib. Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı Fərman və sərəncamlarla ölkə əhalisinin yarısını əhatə edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manatdır.
Əhalinin məşğulluğunun təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində 2004-cü ildən bu günədək 2 milyondan artıq yenii iş yeri açılıb. Iş yerlərinin yaradılması əhalinin məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.

Prezident İlham Əliyevin Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramının işsiz və işaxtaran şəxslərin məşğulluğunun təminatında, onların kiçik sahibkarlığa çıxışına imkan yaradılmasında mühüm dəstəkdir. 2021-ci ildə 16232 şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. Özünüməşğulluq proqramın fəaliyyət sahələrinin sayı da yeni sahələr əlavə edilməklə 44-ə çatdırılıb.   Dövlət başçısının təşəbbüsü və göstərişi ilə icra olunan ödənişli ictimai işlər proqramı da işsiz və işaxtaranların əmək bazarına çıxışına önəmli dəstəkdir. Proqram üzrə 56 min şəxs işlə təmin edilib.

Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı istiqamətində atılan addımlar davamlılığı ilə diqqət şəkir. Regionlarda infrastrukturun yenilənməsi sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Onu da qeyd edək ki, son illər dövlət başçısı İlham Əliyevin tapşırıqları əsasında ənənəvi kənd təsərrüfatı sahələri inkişaf etdirilir. Bunun üçün rayonlar arasında ixtisaslaşmalar aparılıb, ayrı-ayrı kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı Dövlət proqramları təsdiqlənib və uğurla icra edilir.

Hazırda iğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir. Tarixi Zəfərimizdən sonra dövlət başçısı İlham Əliyevin Fərmanı əsasında rayonların yeni iqtisadi bölgüsü həyata keçirildi, Onun Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Əsas hədəflər və onların icra mexanizmləri sənəddə öz əksini tapıb. Atılan bütün addımların təməlində insanların sosial müdafiəsinin gücləndirilməsi, yüksək rifahının təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması dayanır.

Dövlət başçısı İlham Əliyevin sosial islahatlar proqramının əsas hədəflərindən biri də  dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Ölkə Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il avqustun 9-da imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. DOST Agentliyi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir.

“Bizim siyasətimiz demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki,  çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcək, inkişafımıza töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar.

Qeyd edək ki, 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu göstərir. “Texnologiya alətləri” kateqoriyasında sosial xidmətlərdə smart modelin tətbiqinə görə DOST Agentliyi 20 mindən çox səslə Avropanın nüfuzlu Mükafatına sahib olub. Təşkilata üzv Avropa dövlətlərinin DOST layihəsinə olan marağının göstəricisi kimi həmin səslərin 17 mini qeyd edilən dövlətlərdən gəlib. DOST bu gün Avropa Sosial Şəbəkəsi Şurasının Avropa İttifaqı üzvü olmayan yeganə dövlət qurumu, eyni zamanda şəbəkənin tədbir və müzakirələrinin fəal iştirakçısı olan yeganə MDB təmsilçisidir. Bu da DOST-a Avropada olan böyük  marağı və onun uğurlu islahat təcrübəsi kimi qəbul edildiyini ehtiva edir. Hazırda 5 DOST mərkəzi fəaliyyət göstərir və ötən dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən faydalanıb.

Göründüyü kimi, dövrün tələblərinə uyğun təkmilləşmə, yeniləşmə fonunda aparılan islahatlar Azərbaycanın yenilikçi olduğunu bir daha təsdiqləyir.

Daha çox xəbərlər