Bəziləri yarı yolda orucunu batil edir
Elə bil, taleyimizin ən axmaq qanunudur. Yolumuzun müxtəlif döngələrində bizi özündən qoruyan bədheybətlər çıxır qarşımıza. Sevgi nədir desəniz, bəlkə də onların bizi qovan baxışları. Qayğının dadını soruşsanız, etinasız duzsuzluqları…
Bəlkə də isti-isti ağzımızı yandıran bu soyuqluğun bir adı var – doğmalıq.
Təsəvvür et, qarşı tərəf də sənin yumşaq buludlarına təslim olur. Təsəvvür et, o da sənin limitsiz enerjinə uyub, çərçivələrini sındırır.
Bütün sədləri qırıb, ovcuna yapışan xətləri zorla silir. Əlindən möhkəm yapışıb, öz izinə yönəldir taleyini.
Və sonrakı peşmanlıq… və birdən-birə bətnində dili açılan körpə vicdan böyüyür. Ciyərini sıxıb, içindəki son nəfəsi də havaya sovurur.
Bəlkə də gecikəcək peşmançılığı tezləşdirib, ürəyini daha xəfif közərdir, bəlkə də zamanını gözləyir. Ömrün boyu geciksən də, sənə səbri öyrədir.
Qəribədir, bir vaxtlar düşünürdüm ki, eyni adama ikinci dəfə vurulmaq mümkünsüzdür. Bir az da geriyə gedim, duyğularım cücərəndə, elə bilirdim, insan ilk sevdiyini heç vaxt unuda bilmir.
Əslində isə sevginin kəmiyyətini, keyfiyyətini ölçmək aciz məntiqdir.
Məsələn, 20 il sonra köhnə sevgilərini geri dönən dəb kimi əyinlərinə geyinən Cennifer Lopezlə Ben Afflek kimi.
Bəlkə də bəzən sevgi doğru zamanda, məqamda ovcuna qonmaq üçün 20 il gecikməlidir. Bəlkə də eşqini isitməkçün dərəcəni sıfıra endirməlisən.
İstənilən nağılın qaranlıq küncü də var. Nəinki iyirmi, lap əlli il keçsə də, görmədən-görüşmədən, qovmadan- qovuşmadan fəzaya buxarlanarsan. Amma doğru məqamı gözləmək elə ağır, elə yorğun müddətdir ki, bəziləri yarı yolda yıxılıb orucunu batil edir.
Dinə yad olsam da, səbrini də, mərhəmətini də doğma balam kimi sevirəm. Təmiz niyyətinlə mükafatını gözləmək güllə tozuna bürünmüş bu dünyanın bəlkə də tək işıq gələn tərəfidir.
Oxuduqlarım, bildiklərim bəlkə də kimlərçünsə önəmsiz toz zərrəsidir. Mənə görə özümü sevməyə növbəti səbəb. Axı bu toza bürünmüş yer üzündə özünə hər gün aşiq olmaq üçün xırda bəhanələr uydurmalısan. Boz səmanı palitranla rəngləməyə elə məcbursan ki…
Yanıla bilərəm, amma yorulub, məhv olanadək, rənglərindən yeni çalar doğanadək, fəsilləri bir-birinə qatıb sevən ancaq rəssamlardır, zənnimcə.
12 il birgə yaşayıb, sənətin plasentasını dəlmə-deşik edən Marina Abramoviçlə Ulay kimi.
Bəlkə də son dövrün ən qəddar, ən məhrəm, ən incə cütlüyü. İllərlə maşında yaşayıb, dünyanı gəzən, ağlasığmaz eksperimentləri sınaqdan keçirən, palitranın rənglərini damarlarına axıdan Marinayla Ulay 12 il bir-birinin iç üzünü çölünə qatanadək sevgini sümürüb cansız qoyurlar. Görüşüb evlənməyi planlaşdırdıqları Çin səddinin yanında Ulay Marinaya qovuşmaq üçün qət etdiyi uzun yolda tərcüməçisini hamilə qoyduğunu deyir. Marinanın səddi Çininkindən daha ağır gəlir.
Cütlük həmişəlik ayrılır. Amma… 20 il sonra Marinanın özü kimi divanə sərgisində yenidən barışırlar. Marina səhnədə gözünü yumub əyləşir. İstəyən pərəstişkarı önündə əyləşib əlini sıxıb, gözünə baxır. Sözsüz söhbət gerçəkləşir. Elə bu məqamda səhnəyə Ulay qalxır. 20 il sonra Marinaya toxunub, gözlərindən sevişirlər.
Və qısa müddət sonra yenidən ayrılıq…
Və 10 il sonra yenidən vüsal…
Ulay onkoloji xəstəlik ucbatından dünyadan köçsə də, Marinanın planetində sağdır.
Bəlkə də həqiqətən bizi rədd edənlərin yolundan vaxtında çəkilməyi bilməliyik ki, ən doğru vaxtında yenidən qovuşaq.

