Gündəm 

Əldə olunan uğurlar dövlətimizin gücünün göstəricisidir

Prezident İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə ölkəmizdə sosial-iqtisadi vəziyyətin təhlili, işğaldan azad olunmuş torpaqlarımızdakı son vəziyyət və fəaliyyət, ölkəmizin xarici siyasəti ilə bağlı strateji hədəflər və qarşıdakı dövr üçün müəyyənləşdirilən məqsədlərin yerli auditoriyaya çatdırılması baxımından əlamətdar idi. Dövlət başçımız müşavirədə geniş nitqlə çıxış edərək bu məqamların hər birinə ayrı-ayrılıqda toxunmuş və perspektivdə görüləcək işlərlə bağlı vacib fikirlər səsləndirmişdir.

Ayrı-ayrılıqda bir çox başlıqdan ibarət olan müşavirədə ölkə başçımız tərəfindən toxunulan nüanslardan biri də işğaldan azad olunmuş tarixi torpaqlarımızda – təqribən 10 min kvadratkilometrlik ərazidə görülən bərpa-quruculuq işləri ilə bağlı oldu. Vurğulandı ki, azad edilmiş torpaqlarda bu gün həyata keçirilən abadlıq-quruculuq işləri Azərbaycanın öz gücünə reallaşdırılır. Maraqlıdır ki, tarixdə bir çox nümunəsi olan müharibədən zərər görmüş dövlətlərə hansısa beynəlxalq qurumlar və ya qeyri hökumət təşkilatları tərəfindən dəstək göstərilməsi prosesi Azərbaycan üçün reallaşmır. Hətta tam əksinə, Avropa İttifaqı bununla bağlı tamamilə anlaşılmaz bir mövqedən çıxış edərək Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutduğu paketdə Ermənistana Azərbaycandan dəfələrlə çox miqdarda vəsait ayırmışdı. Belə ki, Avropa İttifaqı tərəfindən Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard vəsait ayrıldığı halda, Azərbaycana cəmi 140 milyon dollar vəsait ayrılmışdı. Nə qədər qəribə olsa da ərazisində müharibə aparılan, minlərlə, hətta yüz minlərlə  mina basdırılan, 10 min kvadratkilometr ərazisi yenidən qurulmağa ehtiyacı olan Azərbaycana verilən məbləğ 140 milyon, heç bir dağıntıya, minaya məruz qalmayan Ermənistana verilən məbləğ isə 2,6 milyard dollar təşkil edirdi. Məsələyə fərqli bir kontekstdən də yanaşaq. Azərbaycan həm ərazisi, həm əhalisi, həm də potensialı baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir. Ermənistanla Azərbaycan əhalisi arasında az qala 5 qat fərq var. İki ölkənin iqtisadi həcmlərini isə müqayisə etməyə belə ehtiyac yoxdur. Beləliklə, heç bir baxımdan Avropa İttifaqının Ermənistana Azərbaycandan 13 dəfə artıq vəsait ayırmasını əsaslandırmaq, izah etmək mümkün deyil. Ancaq sevindirici haldır ki, Azərbaycanın qəti mövqeyi və sözügedən məsələyə göstərdiyi prinsipial yanaşma sonda bu ədalətsizliyin aradan qaldırılmasına gətirib çıxardı. Müşavirədəki nitqi zamanı cənab İlham Əliyev bu məsələyə toxunaraq bildirdi ki, Avropa İttifaqı Azərbaycana 2 milyardlıq paket elan edib. Bu məsələ ilə bağlı qeyd etmək zəruridir ki, Azərbaycan bərpa işlərini öz gücünə aparmağa tam qadirdir. Ancaq Avropa İttifaqı kimi nüfuzlu bir təşkilatın belə bir məsələdə ədalətsizliyə yol verməsinə Azərbaycan səssiz qala bilməzdi. Aİ Ermənistana hansı şərtlərlə borc və ya qrant verirsə, Azərbaycana da eyni şərtlərlə təklif etməlidir. Çünki, haqq – ədalət bunu tələb edir. Sonda ədalətin qələbə çaldığı bu məsələyə nə qədər sevinsək də, təəssüf ki, tarix boyu dəfələrlə ikili standartlara və riyakar yanaşmalara məruz qaldığımızı unuda bilmirik. Təkcə son iki ayda baş verənlərə nəzər saldıqda belə bu gün Ukrayna üçün var gücü ilə çalışan, canfəşanlıq edən, ərazi bütövlüyünün pozulmasını beynəlxalq hüquqa zidd hesab edən onlarla ölkənin bənzər situasiyada işğalçını öz adı ilə çağırmaqdan belə yayındığını müşahidə edirik. Bizi təəssüfləndirən sadəcə böyük dövlətlərin riyakarlığıdır. Axı bu hadisələr 30 il öncə Qarabağda da baş verirdi. Mənfur düşmən insanlarımızı təhqir edir, onları ən təməl insan hüquqlarından məhrum edir, yaşama haqlarını əllərindən alırdı. Ancaq o günlərdə biz Avropanın, ABŞ-ın səsini eşidə bilmirdik. Eyni şəkildə, rayonlarımıza qarşı erməni barbarlarının törətdiyi urbusid və kultursidlərə də  qarşı Qərbin səsi çıxmırdı. İkinci Qarabağ müharibəsində Gəncə, Bərdə, Tərtər, Mingəçevir və daha bir neçə şəhərimiz müharibə zonasından kilometrlərlə uzaqda olmasına baxmayaraq vaxtaşırı olaraq düşmən hədəfinə tuş gəlirdi. Biz o günlərdə də dünyanın dəstəyini hiss edə bilmirdik. Bu riyakarlıq Azərbaycanı narahat etməyə bilməz.

Ölkəmizə qarşı ikili standartlar siyasəti bunlarla da yekunlaşmır. Xankəndi şəhərinin erməni əsilli Azərbaycan vətəndaşlarının bir müddətdir yaşadığı qaz problemi hər birimizin məlumudur. Ötən gün baş tutan müşavirədə cənab İlham Əliyev bu məsələni xatırladaraq bildirdi ki, Qarabağda ermənilərin yaşadıqları yerdə qaz xətti bir müddət nasaz vəziyyətə düşən kimi haylar dünyaya hay-haray qaldırmışdılar ki, Azərbaycan burada humanitar fəlakət törədir. Ancaq Ermənistan Naxçıvan qazını 15 il kəsib belə vəziyyətdə saxlamışdı. Naxçıvanda isə qış daha sərtdir. Naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər qazsız yaşamışlar. Həmin dövrdə bir adam, bir təşkilat, bir ölkə belə səsini qaldırmırdı. Amma indi bir həftə Xankəndidə qaz olmayanda Amerikadan tutmuş Avropaya qədər bir adam qalmayıb ki, Azərbaycan Prezidentinə zəng etməsin. Nədir bunun səbəbi? Yəqin ki, cavab sadədir-dünyada hökm sürən ikili standartlar və ayrı-seçkilik. Qəbul etmək ağrılı olsa da reallıq budur. Qərb dövlətləri Azərbaycan, Türkiyə kimi azad siyasət yeridən, milli maraqları ən başlıca prioritet olaraq qəbul edən ölkələrə qarşı daima riyakar münasibət bəsləmiş, ikili standartlar tətbiq etmişdir. Bütün bunlara baxmayaraq bu gün Azərbaycan güclüdür. Onun güclü Ordusu və ətrafında hər bir azərbaycanlını birləşdirən Prezidenti var. Azərbaycana edilən təzyiqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq, ötən müddət ərzində əldə olunan uğurlara və nailiyyətlərə nəzər yetirdikdə dövlətimizin iradəsinin və gücünün bir daha şahidi oluruq.

Xumarə Familli,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı

Daha çox xəbərlər