Şəhid ailələri və qazilərə diqqət və qayğı davamlıdır
Dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması və digər məsələlər ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini – hədəflərini təşkil edir. Bu strateji kurs həm də sosial məzmuna malikdir. Sözsüz ki, bu da dövlətin öz vətəndaşlarına hərtərəfli dəstək göstərməsini ifadə edir.
Ən əsası da həssas sosial qruplara – şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına yüksək diqqət də bu baxımdan xüsusi qeyd edilməlidir. Bu kateqoriyadan olan insanların təqaüdünün artırılması, onların fərdi evlər, mənzillər, nəqliyyat vasitələri ilə təmin olunması istiqamətində davamlı addımlar atılır.
Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə tədbirlər bir neçə sahə üzrə aparılıb. İlk növbədə, 93 min şəxsə – həm şəhid ailəsi üzvləri, həm müharibə əlilləri, eyni zamanda, müharibə veteranlarına 103 min sosial ödəniş təyin olunub. Sevindirici haldır ki, dövlət başçısının müvafiq Fərman və sərəncamları ilə 2021-ci ilin əvvəllərində bu kateqoriyadan olan insanlara ödənilən Prezident təqaüdünün məbləği bu ilin əvvəlindən isə əlilliyə görə aldıqları sosial müavinətlər 60 faizədək artırılıb.
Bu kateqoriyadan olan vətəndaşların məşğulluğuna dəstək tədbirləri çərçivəsində 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə kömək məqsədilə məşğulluq tədbirləri görülüb. Onların bir hissəsinə kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılıb. Həmçinin məşğulluq marafonu çərçivəsində, xüsusilə, sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlili cəlb edilib. Ən önəmli istiqamətlərdən biri mənzil təminatı məsələləri olub. Belə ki, ötən il şəhid ailələri və müharibə əlillərinə üç minədək mənzil təqdim olunub. Bu ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara verilib. Son üç il ərzində 6 min 300, ümumilikdə isə 12 min 500 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. İlin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması gözlənilir.
Həmçinin döyüşlər zamanı yaralanmış 8 min əsgərə 23 min reabilitasiya xidməti göstərilib. Belə ki, 190 qazi bugünədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq müharibədə yaralanmış 3 minədək əsgərə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir.
Müxtəlif xəsarətlərə uyğun aparılan müalicə kursu tam bitməlidir ki, müalicənin müəyyən bir nöqtəsindən sonra şəxs protezləşməyə təqdim olunsun. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün avqust ayından etibarən həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında Vahid Əlaqələndirmə mərkəzləri yaradılıb. Ötən 6 ay ərzində bu mərkəzlərdə 26 min şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib. Onlara 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.
Göründüyü kimi, ərazilərimizin işğaldan azad olunmasında əməyi olanlara xüsusi diqqət və qayğı davamlıdır.

