Əsas səhifə 

Günbəgün qüdrətlənən, güclənən, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir

Şuşa Dünya Azərbaycanlılarının V qurultayına ev sahibliyi etməklə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrini verəcək 

Bu gün böyük qürur hissi ilə qalib Azərbaycanın uğurlarından bəhs edirik. Amma qalibiyyətə qədər keçilən yolun təhlili daim bir zərurət kimi ortaya qoyulur, onu şərtləndirən amillər əsaslı şəkildə diqqətə çatdırılır. Reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi bugünkü uğurlarımızı şərtləndirdi. Azərbaycanı müstəqilliyimizin ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, informasiya blokadasından xilas edən Ümummilli Lider dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinə, həmrəyliyinə nail olmaqla uğurlu siyasəti ilə ölkəmizin dünyaya günəş kimi doğmasını təmin etdi. Bugünkü qalib Azərbaycanı müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illəri ilə müqayisə etmək qeyri-mümkündür. Azərbaycan haqqında məlumatsızlıq ermənilərin ölkəmiz haqqında yalan təbliğatının həqiqət kimi qəbulunda stimulverici amil rolunu oynayırdı. Bu fakt inkaredilməzdir ki, dünyanın ən aparıcı ölkələri olan ABŞ, Fransa erməni diasporunun ən güclü olduğu ölkələr sırasındadır. Bircə faktı qeyd etmək kifayətdir ki, ABŞ Konqresi heç bir təhlil, araşdırma aparmadan Azərbaycana qarşı ədalətsiz «907-ci düzəlişi» tətbiq etdi, Fransa isə qondarma «erməni soyqırımı»nı qəbul edərək bunu digər dövlətlərin qarşısında da sanki bir tələb kimi qoydu, hətta ölkə daxilində bu soyqırımı qəbul etməyənlərə qarşı qanun layihəsini Senatda müzakirəyə çıxardı.

1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu dövlət siyasətinin əsasına çevrildi. Ümummilli Lider azərbaycanlı olduğu üçün fəxr etdiyini bildirərək bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağırdı və onun müsbət nəticəsini 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə gördük.

Ümummilli Lider idarəçilik təcrübəsinə istinad edərək müstəqillik yollarında ilk addımlarını atan ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən bildirmişdir ki, ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, diaspor quruculuğu əsasdır. Dünyanın müxtəlif ölkələrində Azərbaycan cəmiyyətlərinin, mərkəzlərinin yaradılmasından sonra onların vahid mərkəzdən idarə olunması məsələsi gündəmə gətirildi. Bu baxımdan Dünya azərbaycanlılarının qurultayının keçirilməsi bir tələbə çevrildi. Ulu öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli “Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında” Sərəncamında da bu reallıq öz əksini tapmışdır ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci il 16 dekabr tarixli qərarı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyinin, həmrəyliyinin zəruriliyini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Sonra bu bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikasının Ali Soveti qərar qəbul etdi. Beləliklə, 1991-ci ildən etibarən Azərbaycanda hamımız üçün əziz bir bayram olan 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təntənə ilə qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu istiqamətində səsləndirdiyi çağırışlar sırasında “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir” xüsusi yer tutdu. Məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 9-10 noyabr tarixlərində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Bu qurultay dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın birliyi, həmrəyliyi istiqamətində mühüm hadisə oldu. Dünya Azərbaycanlılarının I qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdur. I qurultayda 36 ölkədən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdir. Bu qurultayda Azərbaycan Respublikası 130-dan çox dövlət və ictimai qurumlardan, elm, təhsil, mədəniyyət və digər yaradıcı təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq ilə təmsil olunmuşdur. Ulu Öndər proqram xarakterli çıxışında bir daha bildirmişdir ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq 50 milyonluq azərbaycanlının Vətənidir. Dünya azərbaycanlılarına bu çağırış da edilmişdi: “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.” Artıq hər 5 ildən bir keçirilən Dünya Azərbaycanlılarının qurultayları günbəgün güclənən birliyin, həmrəyliyin təqdimatıdır.

Onu da qeyd edək ki, 2002-ci ilin 5 iyulunda ulu öndər Heydər Əliyev «Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında» Fərman imzaladı. Fərman Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından müstəsna əhəmiyyyət kəsb edən mühüm tarixi sənəd olmuşdur. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyevin siyasətində də diaspor quruculuğu əsas yer tutdu. Bu diqqət və qayğının bariz nümunəsi kimi Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasını qeyd edə bilərik. Bu mühüm məqamı daim nəzərə almaq lazımdır ki, müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib.

Beynəlxalq aləmdə yeri və rolunu uğurlu siyasəti ilə möhkəmləndirən Azərbaycanın ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələri genişləndi. Möhkəm təməl uğurların açarıdır. Ulu öndər Heydər Əliyevin ilk gündən Azərbaycanın ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində atdığı addımların miqyası bugünkü uğurlarımızdan daha aydın görünür. Ən əsası ermənilərin və erməni diasporunun əsassız iddiaları sayəsində ABŞ Konqresinin Azərbaycana qarşı tətbiq etdiyi “907-ci düzəliş”in əsassızlığı öz təsdiqini tapdı. Ulu öndər Heydər Əliyevin xarici ölkələrə elə bir səfəri yox idi ki, Azərbaycan həqiqətlərini, bu gün tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırmasın. Təbii ki, tarixi həqiqətlərə söykənən təbliğatın ömrü hər zaman uzun olur. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün həmin bazanı formalaşdırdı.

Qeyd etdiyimiz kimi, son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycana biri-birindən əhəmiyyətli, möhtəşəm uğurlar qazandırıb. Xarici siyasətimizin aydın, açıq olduğunu ən yüksək tribunalardan bəyan edən cənab İlham Əliyev Azərbaycanın siyasətində müstəqil olduğunu 44 günlük Vətən müharibəsində bir daha dünyaya çatdırdı: “XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik.” Artıq bu gün dövlət başçısı İlham Əliyevin bu çağırışlarını postmünaqişə dövrünün reallıqlarının qəbulu ilə bağlı məqsədlər əvəzləyir. Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, yeni səhifə açılıb. Dünya gücləri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsinin imzalanmasına öz töhfələrini verməyə səy göstərirlər.

18 ildən artıq dövr Azərbaycanın bütün sahələrdə, o cümlədən diaspor quruculuğu istiqamətində mühüm uğurlu addımlarla yadda qalıb. 2001-ci ildən etibarən hər beş ildən bir dünya azərbaycanlılarının qurultayları keçirilir və ötən dövrün hesabatı verilir və qarşıdakı illərin prioritetləri açıqlanır. Dünya Azərbaycanlılarının IV qurultayı 2016-cı ildə keçirilib. O zamandan bizləri ayıran 6 ilin ölkəmizin həyatında hansı mühüm uğurlarla qaldığını geniş təhlil etməyə böyük ehtiyac yoxdur. Bu baxımdan ki, tarixi Zəfərimiz görülən işlərin, qazanılan uğurların təqdimatıdır. 6 ildə Azərbaycan dünya azərbaycanlılarının birliyi sahəsində daha mühüm uğurlara imza atdı, Azərbaycan və Türkiyə diasporunun birgə fəaliyyəti nəticəsində erməni yalanları ifşa olundu, onların əsl siması dünyaya çatdırıldı. Hətta erməni diasporunun güclü olduğu ölkələrdə belə onların cərəyan edən proseslərə təsir imkanları azaldı, Azərbaycan diasporu öz gücü, qüdrəti ilə dünyanın diqqətində oldu.

30 ilə yaxın dövrdə müharibə şəraitində olduğumuzu, Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik qələbənin əsas olduğunu nəzərə alaraq, bu istiqamətdə göstərilən səylər davamlılığı ilə diqqətdə oldu. Eyni vaxtda müstəqillik qazanan Azərbaycan və Ermənistanın müqayisəli təhlili fonunda müstəqil siyasətin ölkəyə hansı uğurları qazandırdığının aydın şahidi oluruq. Müstəqilliyi formal xarakter daşıyan işğalçı Ermənistan daim iri güc mərkəzlərinin əlində vasitəyə çevrilib. Siyasətində müstəqil olmayan bir dövlətin uğurlardan danışması mümkünsüzdür. Bu fikir beynəlxalq qurumların, dövlətlərin təmsilçiləri tərəfindən də qeyd olunur ki, yalnız müstəqil iqtisadi siyasət aparan ölkə siyasətində müstəqil ola bilər. Azərbaycan bu sahədə nümunə kimi önə çəkildi. İqtisadi tərəqqinin hər bir inkişafın əsası olduğunu nəzərə alsaq, iqtisadi müstəqilliyin siyasi müstəqillik üçün nə qədər əhəmiyyətli rol oynadığını da gördük və görürük. Azərbaycanın uğurlu siyasəti, diaspor təşkilatlarının fəaliyyəti nəticəsində ermənilərin apardıqları təbliğatların nə qədər yalan, əsasız olduğu faktlarla sübut olundu, dünya Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini dərindən dərk etməyə başladı. Təkcə 44 günlük Vətən müharibəsinin getdiyi dövrlərdə Azərbaycan diasporunun fəaliyyətinə diqqət yetirək. Vətən müharibəsi dövründə diaspor təşkilatları dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirib, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak edib, 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərib.

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın tarixi Zəfərinin sevincini yaşadağımız vaxtlara təsadüf edir. Artıq ötən qurultaylardan fərqli olaraq tədbirin keçirildiyi məkan da, dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışında səsləndiriləcək çağırışlar da fərqli olacaq. Bu dəfə Dünya azərbaycanlıları Qarbağın tacı, musiqi beşiyimiz, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada bir araya gələcək. Şuşa 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsini qarşılayacaq, dastan yazan Şuşa əməliyyatından, dəmir yumruq kimi birliyimiz sayəsində 44 gündə 30 ilin işğalına böyük qəhrəmanlıqla son qoyub ədaləti bərpa etməyimizdən bəhs edəcək. Son bir ildən artıq dövrə nəzər salsaq Azərbaycanın döyünən ürəyinin müxtəlif tədbirlərə ev sahibliyi etdiyini görərik. Hələ bu tədbirlər çox olacaq. Şuşa əvvəlki şöhrətini özünə qaytardığı üçün daha da ruhlanaraq bura xoş niyyətlə ayaq basan bütün qonaqlara tarixindən, 28 il əsarətdə olsa da əyilməyərək milli ruhumuzu qorumasından bəhs edəcək.

Daha çox xəbərlər