Cəmiyyət 

Karantin cərimələri ləğv ediləcəkmi? – deputatlardan açıqlama

“İnsanların məvacibindən, sosial durumundan asılı olaraq fərdi qaydada bu məsələyə baxıla bilər”

Azərbaycanda pandemiya dövründə karantin qaydalarının pozulmasına görə yazılan cərimələrin ləğvi ilə bağlı məsələ gündəmə gəlib. Bu məsələnin parlamentin komitələri tərəfindən müzakirəyə çıxarılması təklif edilir. Qeyd edək ki, əvvəllər bu təkliflərə qarşı belə iddia var idi ki, cərimələr ləğv olunsa, əhalidə arxayınlıq yaranar, yoluxma artar. Amma artıq bu təhlükə yoxdur. Yeri gəlmişkən, qonşu Gürcüstanda pandemiya cərimələri hökumətin təqdimatı ilə parlament tərəfindən çoxdan ləğv edilib. Bu həm də inflyasiya dönəmində əhaliyə yaxşı bir jest olardı.

Bu tələb-təklif nə dərəcədə realdır? Üst-üstə icra edilməyənlərlə birlikdə, indiyədək nə qədər vətəndaş cərimələnib, topam vəsait nə qədərdir? Hazırda ödənməyən cərimələrin sayı və məbləği bilinirmi? Bu, hakimiyyətə qarşı basqı kimi qiymətləndirilir, yoxsa bu təklifi irəli sürənlər vətəndaşın gününə ağlayır?

Rektor Ceyhun Məmmədov: Dini terminlər lüğəti üzərində çalışırıq - "İki  sahil"

 Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədovun mövzu ilə bağlı “Yeni Müsavat”a açıqladığı fikirlər diqqət çəkib: “Burada bir neçə məqam var, biz onu nəzərə almalıyıq. Ümumi qaydalar müəyyənləşdirildi. Bu qaydalara əsasən də cərimələrin tətbiqinə başlanıldı. Zaman-zaman Azərbaycan cəmiyyətində bu müzakirə olunur, fikirlər irəli sürülür. Hər bir vətəndaş qanunun tələblərini yerinə yetirməlidir. Bu birmənalıdır. Kimsə qaydaları pozub, sonrakı mərhələdə biz bu cərimələri ləğv edəndə vətəndaşın gələcəkdə qaydalara əməl etməsinə münasibəti dəyişə bilər. Biz elə bil ki, bununla elə bir vəziyyət yaradırıq ki, artıq vətəndaş düşünəcək, maskaların taxılması ilə  bağlı olan cərimə ləğv olundu, digər cərimələr də ləğv oluna bilər. Amma ümumən vətəndaşların vəziyyətini, pandemiyanın arxada qaldığını nəzərə alsaq, məsələyə fərdi qaydada baxmaq olar. İnsanların məvacibindən, sosial durumundan asılı olaraq fərdi qaydada bu məsələyə baxıla bilər. Amma biz çalışmalıyıq ki, qaydalara əməl edək. Xatırlayırsınızsa, bir müddət vətəndaşlar piyadalar üçün müəyyənləşdirilməmiş yerdən keçəndə cərimələr tətbiq olunurdu. Bu, Azərbaycanda çox geniş müzakirə olunurdu. Polislər küçədə durur və cərimələr tətbiq edirdilər. Bunun müəyyən effekti olurdu. Yaxud piyada keçərkən avtomobillər piyadalara yol verməyəndə cərimələr tətbiq olunurdu. Bu gün yenə də piyadalar uyğun olmayan yerlərdən keçirlər. Avtomobillər bəzən piyadalara yol vermirlər. Biz elə bir cəmiyyətə gəlib çıxmalıyıq ki, qanunun aliliyi tam təmin olunsun. Vətəndaşlar bilməlidir ki, dövlət qanun qəbul edirsə, qərar verirsə, buna əməl etmək lazımdır. Amma vətəndaş qanuna əməl etməyəndə, dövlət də güzəştə gedəndə hüququn aliliyini tam təmin edə bilməyəcək. Ona görə diqqət etməliyik ki, növbəti mərhələlərdə digər qanunların, qaydaların tətbiqindən əziyyət çəkməyək. Bununla bağlı səlahiyyət aidiyyəti qurumlarındı. Burada ölkə rəhbərliyinin iradəsi də böyük rol oynayır. Nəzərə almalıyıq ki, pandemiya bitib. Ümumi, yumşaq yanaşmanı nəzərdən keçirə bilərik. Amma yenə də təkrar edirəm, vətəndaşlar çalışmalıdırlar ki, bu qaydalara əməl etsinlər. Misal üçün, qayda müəyyənləşdirilibsə, o, açıq şəkildə ictimai yerdə maskanı taxmayıbsa, karantin tələblərini yerinə yetirməyibsə, cərimələrdən azad etsək, digər məsələlərə yanaşmada da bunu müşahidə edə bilərik”.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovdan məsələ ilə bağlı fikir aldıq: “Biz icra edən orqanıq, cərimələrin ləğvi ilə bağlı Operativ Qərargah qərar verə bilər”.

Azər Badamov: Qeyri-neft iqtisadiyyatımız bu çətin pandemiya dövründə də  artıb

 Azər Badamov

Deputat Azər Badamov da mövzu ilə bağlı fikirlərini açıqlayıb: “Son günlərdə pandemiya ilə bağlı tətbiq olunmuş inzibati cərimələrin ləğv edilməsi ilə bağlı xəbərlər sosial şəbəkələrdə yayılmaqdadır. Təbii ki, pandemiya ilə bağlı tətbiq olunmuş cərimələr insanların ailə büdcələrinə mənfi təsir göstərir. Amma biz ilk növbədə cərimələrin tətbiq edilməsində dövlətin məqsədi nədən ibarət olduğunu bilməliyik.  Cərimənin məqsədi dövlət büdcəsini doldurmaqdan ibarət deyil. Burada əsas məqsəd insanların öz vətəndaşlıq vəzifələrinin icrasında məsuliyyətini artırmaqdan ibarətdir. Məsələn, cərimələr tətbiq olunana qədər insanlar pandemiyaya qarşı mübarizəyə ciddi yanaşmırdı. Müəyyən olunmuş normaların icrası məcburi xarakter daşıdığından dövlət norma və qaydaları pozanlara cərimə tətbiq etmək qərarına gəldi.  Əgər insanlar bu mübarizədə ciddilik nümayiş etdirməsəydi, bu gün biz postpandemiyadan danışa bilməzdik. Məhz cərimələr tətbiq olunandan sonra insanlar pandemiyaya qarşı mübarizəyə daha ciddi şəkildə yanaşmağa başladı və bu gün isə nəticələr ürək açandır. Nəticələrin uğurlu olması heç də pandemiyanın bitməsi anlamına gətirmir. Ona görə də müəyyən tələblər və normalar hələ də qüvvədədir. Pandemiya ilə bağlı tətbiq olunmuş cərimələrin ləğvinin bu gün aktual olmadığını düşünürəm. Bu gün belə bir qərarın qəbul olunacağı ilə bağlı danışmaq tezdir. Amma pandemiya bitəndən sonra belə bir qərar qəbul olunarsa, yaxşı olardı”.

Daha çox xəbərlər