Zəngəzur dəhlizi: Top Ermənistan tərəfdədir
Dünya Azərbaycanlılarının V Qurultayında xarici ölkələrdə məskunlaşan soydaşlarımızın qarşısında duran vəzifələrdən bəhs edən Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı tarixi faktları da diqqətə çatdırdı
Prezidentlik fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən cənab İlham Əliyev əsası Ümummilli Lider tərəfindən qoyulan dünya azərbaycanlılarının qurultaylarını keçirməklə xarici ölkələrdə yaşayan soydaşlarımızın milli birlik və həmrəyliyinin , diaspor təşkilatları arasında əlaqələrin möhkəmlənməsi istiqamətində də mühüm addımlar atır. Bu günlərdə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı tarixi əhəmiyyəti ilə fərqləndiyi kimi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixi əraziləri ilə bağlı söylədiklərinin gerçəkləşməsi baxımından da dəyərli idi.
Ötən əsrdə imperiyanın havadarlıq etdiyi ermənilərə hədiyyəsi olaraq Azərbaycan torpaqlarından pay ayrılması ölkəmizin ərazi bütövlüyünə xəyanət idi. Ulu Öndərin imzaladığı «Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında» Fərmanında qeyd olunan «Qafqazda bolşeviklərin hakimiyyətinin bərqərar olduğu ilk günlərdən, hələ 1918-ci ildə özünü mart qırğınları zamanı büruzə vermiş bölşevik-daşnak sövdələşməsi geniş vüsət aldı. Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi» sözləri sovetlər dövründə belə imperiya siyasətinin zorakılıq üzərində qurulduğunun tarixi sübutu idi. Muxtar respublikanın 75 illik yubileyindəki çıxışında bir daha həmin məsələyə diqqət yetirən ulu öndər Heydər Əliyev « İndi görürsünüz, tarixi nöqteyi-nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyət verilmişdir. Amma bu gün xalq, millət, dövlət qarşısında heç bir xidməti, səriştəsi olmayan cılız insanlar durub Naxçıvanın müxtariyyətinin əleyhinə çıxırlar. Hansı mənəvi haqla? Hansı hüquqla?» sözlərini əməli, qətiyyəti ilə doğruldan Ümummilli Lider Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi müddətdə doğma yurdunu, elini, obasını Ermənistanın təcavüzündən qorudu. Daşnakların əsrlərlə xəyallarında yaşatdıqları Naxçıvanın Ermənistana birləşdirilməsi iştahlarının üzərindən xətt çəkdi. O ağır illərdə muxtar respublikanın qorunması bu gün beynəlxalq əhəmiyyətli yol-nəqliyyat infrastrukturu kimi dəyərləndirilən Zəngəzur dəhlizinin bərpası üçün təməl oldu. Bu təməli 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərimizlə əbədilik edən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin bərpası üçün göstərdiyi qətiyyət də ata vəsiyyətinə sadiqlikdir.
Vətən müharibəsinin uğurlu nəticələrindən ən önəmlisi dünya siyasətinin aktual mövzularından olan, tarixi nailiyyətimiz adlandırılan Zəngəzur dəhlizinin bərpasıdır. 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında imzalanan üçtərəfli bəyanatlarda bölgə dövlətlərinin iqtisadiyyatının inkişafı, regional sabitliyin təminatı üçün ən vacib nəqliyyat infrastrukturu kimi Zəngəzur dəhlizinin bərpası ilə bağlı bəndin yer alması Prezident İlham Əliyevin iradəsinin nəticəsi, siyasi qələbəmizdir. Postmüharibə dövründə Azərbaycanın bölgədə yaratdığı ən böyük reallıq olan Zəngəzur dəhlizinin bərpası istiqamətində işlər sürətləndirilir. Bu günlərdə Füzuli rayonuna səfəri zamanı Qarabağın dirçəlişini sürətləndirəcək, Zəngəzur dəhlizi ilə birləşəcək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası ilə tanış olan Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında Zəngəzur dəhlizinin tarixi, müasir dövrümüz üçün regional əhəmiyyəti ilə bağlı söylədikləri dünya ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb. Xarici ölkələrin mətbu orqanlarında dövlət başçımızın dəhlizin tarixi həqiqətləri ilə bağlı açıqlamaları beynəlxalq arenada böyük rezonans doğurub. Çünki tarixi köklərə malik olan bu yenilənmiş yol həm də qardaş Türkiyə ilə daha böyük ərazidə quru əlaqələrinin bərpası deməkdir. Zəngəzur dəhlizi təkcə Azərbaycan iləTürkiyəni deyil, ümumilikdə, bütün Türk dünyasını daha sıx birləşdirəcək. Türk dünyasının ticarət imkanlarının genişlənməsi, Orta Asiyaya birbaşa çıxmaq imkanlarını yaradacaq, bölgə üzrə davamlı sülhü və əməkdaşlığı möhkəmləndirəcək dəhliz tarixi İpək Yolunun yenidən canlanmasını təmin edəcək. Regionun nəqliyyat-tranzit infrastrukturunun inkişafına vasitə olacaq Zəngəzur dəhlizinin bərpası üçün artıq nəzərdə tutulan avtomobil və dəmir yollarının inşasına başlanılıb. Bakı ilə Füzulinin Horadiz qəsəbəsinə qədər dəmir yolu xətti işlək vəziyyətdədir. Bu xəttin Horadizdən Ermənistan sərhədinə qədər olan bəzi hissələri işğal dövründə dağıdılıb, bəzi hissələri isə su altında qalıb. Beləliklə, bərpa mərhələsində Horadizdən Ordubada qədər 166 kilometrlik yeni dəmir yolu xətti inşa ediləcək. Ermənistan isə dəhliz açıldıqdan sonra Azərbaycan ərazisi vasitəsilə Rusiya ilə ticarət əlaqələrini genişləndirə bilər. Yəni, Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirə bilsə, təcriddən azad olacaq. Dəmir yolu xəttinin Ermənistan ərazisinə düşən 43 kilometrlik hissəsinin inşası üçün davam edən danışıqlar prosesi də gündəmdədir. Prezident İlham Əliyevin söylədiyi kimi, Ermənistan istəsə də , istəməsə də Zəngəzur dəhlizi açılacaq. Türkiyə ilə Azərbaycanı birləşdirəcək alternativ Qars- Naxçıvan dəmir yolu xəttinin açılması ilə ələqələr daha da möhkəmlənəcək . Zəngəzur dəhlizin icrası Çinin «Bir kəmər» – bir yol”» layihəsinin reallaşmasında, ölkələrarası münasibətlərin möhkəmlənməsində xüsusi əhəmiyyət daşıyacaq.
Zəngəzur dəhlizi layihəsinin icrası üçün Azərbaycan öz öhdəsinə düşən vəzifələri yerinə yetirir. Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ölkəmizin növbəti təşəbbüsü olmaqla geostrateji müstəvidə yeni reallıqlar yaradır
Dünya Azərbaycanlılarının V Qurultayında xarici ölkələrdə məskunlaşan soydaşlarımızın qaşısında duran vəzifələrdən bəhs edən Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı tarixi faktlara nəzər yetirməsi postmüharibə dövründə Azərbaycanın yaratdığı reallıqların daha geniş miqyasda təbliği, xarici siyasətimizlə bağlı maarifləndirmə işlərinin sürətləndirilməsi ölkəmizin daxili və xarici siyasətinin prioritetlərindəndir.
Ötən əsrlərdə Azərbaycanın parçalanmasına yönələn Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələri ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının gücündən səmərəli istifadəni vacib amil hesab edən dövlət başçımızın söylədiyi kimi, Azərbaycan torpaqlarını erməniləşdirmək siyasətinə son qoyan Vətən müharibəsindən sonra yaranan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, Zəfər yolunun çəkilişi, işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun əhatə dairəsinin genişlənməsi, «yaşıl enerji» siyasətinin, «ağıllı kənd», «ağıllı şəhər» layihələrinin icrası milli ruhumuzun əbədiyaşarlıq nümunəsidir. «Eyni zamanda, avtomobil körpülərinin və dəmir yolu körpülərinin inşası da nəzərdə tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin açılmasını inkar etmir. Zəngəzur dəhlizi açılmalıdır» söyləyən, Zəngəzur üzərindən dəmir yolu, həm avtomobil yolu məsələsinin Brüssel görüşündə geniş müzakirə olunduğunu bildirən dövlət başçımız dünyanın enerji və nəqliyyat xəritələrini dəyişən Azərbaycanın təşəbbüsləri ilə reallaşan qlobal layihələrin həllini ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzunun, iqtisadi inkişafımızın məntiqi nəticəsi adlandırır.
Cənubi Qafqazda «3+3» platforması üzrə işlərin davam etdirilməsi, çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet olaraq ticarət, energetika, sənaye, innovasiya texnologiyaları, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həllinin nəzərdə tutulması Azərbaycanın bölgədə yaratdığı reallıqların təsdiqidir.
Prezident İlham Əliyevin ADA Universitetində keçirilən «Cənubi Qafqaza yeni baxış- münaqişədən sonra inkişaf və əməkdaşlıq» adlı beynəlxalq konfransdakı çıxışında söylədiyi, bu gün üçün də aktual olan «Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar» sözləri diaspor təşkilatlarımızı Azərbaycanın məhv etdiyi dünya ermənizminə qarşı mübarizədə, bərpa-quruculuq işlərində fəal olmağa çağırışdır.

