Bu gün gördüyümüz işlər gələcək nəsillər üçündür
Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirlər artıq real həyatda öz əksini tapıb
“Bakı nefti qələbənin açarı – Şərəfli keçmiş, işıqlı gələcək 1941-1945” kitabında göstərilir ki, dünyada ilk dəfə neft quyusunun Bibiheybət yaxınlığında qazılması tarixi bir sənəddə, qraf Vorontsovun 1848-ci il iyul ayının 14-də rus çarına göndərdiyi rəsmi məlumatda öz təsdiqini tapır. 1873-cü ildə Bibiheybət, Balaxanı, Sabunçu, Ramana kəndlərinin ərazisində yerləşən iri neft yataqlarında kəşfiyyat işlərinə və bu mənbələrin mənimsənilməsinə başlanıldı. Bakıda neft emalı, neftayırma zavodlarının sayı günbəgün artırdı. Onlardan birincisi 1859-cu ildə tikilmişdi. 1867-ci ildə həmin müəssisələrin sayı 15-ə çatmışdı. Yuxarıda qeyd etdiyimiz mənbəyə görə, 1920-ci il aprel ayının 30-dan may ayının 2-dək, Azərbaycanın sovetləşdirilməsindən sonra Rusiyaya ümumi tutumu 1,3 milyon pud neft olan 12 gəmi göndərildi.
Qısası, “qara qızıl” dünya siyasi arenasında artıq ən vacib yeri tuturdu. Bir sıra analitiklər hesab edirlər ki, hər iki Dünya müharibəsinin əsas məqsədi və hədəfi məhz neft amili olub. İngilis publisisti Maykl Bruks özünün “Neft və xarici siyasət” kitabında yazırdı: “Bizim mexanikləşdirilmiş əsrimizdə neftin necə böyük əhəmiyyətə malik olduğunu müharibə üzə çıxardı. Müharibə vaxtı ordunun təchizi üçün göndərilənlərin yarısını neft məhsullarının təşkil etdiyini göstərən məlumatlardan daha inandırıcı nə ola bilər?”
İkinci Dünya Müharibəsi illərində Sovet İttifaqının neft hasilatı müəssisələrinin 80 faizdən çoxu Bakı ətrafında yerləşdiyindən Hitler qoşunlarının hücumuna məruz qalan ilk respublikalardan biri məhz Azərbaycan oldu. Hətta Qafqaz uğrunda döyüş zamanı almanlara Bakını və neft istehsal olunan bölgələri ələ keçirmək tapşırığı belə verilmişdi. Səbəb məlum idi. Ona görə də faşist Almaniyasının Bakını ələ keçirtməyə çalışması heç də təsadüfi deyildi. Çünki Azərbaycan Sovet ordusunun 70 faiz neft, 80 faiz yanacaq və 90 faiz sürtkü materialını təmin edirdi. Əlbəttə, yanacaqsız və bu cür dəstək olmadan müharibədə qələbə qazanmaq mümkün deyildi. Prezident İlham Əliyev 2019-cu ilin oktyabrında MDB-nin Aşqabad Sammitindəki çıxışında qələbədə böyük rol oynayan Bakı neftinə və Hitlerin planına diqqət çəkərək bildirmişdir: “Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort verirlər (Xəzər dənizinin sərhədlərinə qara rəngli şokolad süzülüb), o, svastikanı əlinə götürür və “Bakı” sözü yazılmış yerə qoyur. Bu, faşistlərin Azərbaycanın neft yataqlarını tutmaq planını vurğulayır”.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin sürətli inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri kimi yadda qaldı. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik edən dahi lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Belə ki, 1969-cu ildən başlayaraq Azərbaycanda bütün sahələr kimi, neft və qaz sənayesinin də dinamik inkişaf mərhələsi kimi səciyyələndi. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin, xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başladı. 1970-ci ildə “Xəzərdənizneft” İstehsalat Birliyi yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə “Azərbaycan” kran gəmisi işə başladı.
1975-ci ildə “Bulla-dəniz” yatağının işlənilməsinə start verildi. 1980-ci ildə “Günəşli” yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanıldı. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verildi. Haşiyə çıxaraq xatırladaq ki, sözügedən zavodun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması və bu icazənin alınmasına nail olunması Ulu Öndərin qətiyyətinin, möhkəm iradəsinin nəticəsi idi. 1985-ci ildə “Çıraq”, 1987-ci ildə isə “Azəri” yatağı kəşf olundu.1988-ci ildə “8 Mart” yatağının işlənilməsinə başlanıldı və “Kəpəz” yatağı aşkar edildi.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında çoxsaylı taleyüklü dəyişikliklərin təməlini qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda, “Gülüstan” sarayında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi Azərbaycan Respublikasının müstəqil tarixinin yeni səhifəsini açdı. Sonradan haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılan bu saziş müstəqil, azad Azərbaycanın neft salnaməsinə qızıl hərflərlə əbədi həkk olundu. Yeri gəlmişkən, bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzaladı.
Müstəqil Azərbaycanın “Əsrin müqaviləsi”ndən başlanan yolunu ulu öndər Heydər Əliyev belə şərh edirdi: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”. Ümummilli lider Heydər Əliyev söyləyirdi ki, bizim bu gün gördüyümüz işlər XXI əsr, gələcək nəsillər üçün görülən işlərdir. Ulu Öndər uzaqgörənliklə, qətiyyətlə vurğulayırdı ki, XXI əsrdə Azərbaycanın iqtisadiyyatı bu neft sənayesi vasitəsilə yüksələcək və dirçələcəkdir.

