Gündəm 

SOS: dünya aclıq təhlükəsinə doğru

Azərbaycan ərzaqlıq buğda ilə özünütəminat səviyyəsini 70 faizə çatdırmaq üçün tədbirlər həyata keçirməyə başlayıb

BMT-nin baş katibi Antoniu Quterreş Ukraynada davam edən müharibə ilə əlaqədar qida çatışmazlığı səbəbindən dünyanın müxtəlif yerlərində aclığın geniş vüsət alacağından dərin narahatlıq keçirdiyini deyib. Bu barədə baş katib Avstriya kansleri Karl Nehammer və xarici işlər naziri Aleksandr Şallenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib: “Qeyd etməliyəm ki, Ukraynadakı müharibə səbəbindən üzləşdiyimiz dramatik ərzaq təhlükəsizliyi vəziyyətinə görə aclığın dünyanın müxtəlif yerlərində geniş vüsət alması riskləri məni çox narahat edir”.

Qeyd edək ki, baş katibdən bir neçə gün əvvəl Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Svenya Şulz da “Bild” nəşrinə müsahibəsində Ukraynadakı müharibənin qlobal aclıq təhlükəsi yaratdığını deyib. Onun sözlərinə görə, bütün dünyada ərzaq qiymətləri 35 faizə yaxın artıb və hazırda rekord səviyyədədir: “Dünya quraqlıq, koronavirus pandemiyası və Ukraynadakı münaqişə səbəbindən İkinci Dünya müharibəsindən bəri ən pis aclıqla üzləşə bilər. BMT-nin hesablamalarına əsasən 2022-2023-cü illərdə aclığa məruz qalanların sayı 8-13 milyon nəfər arta bilər. Ümumdünya Ərzaq Proqramı hesab edir ki, dünyada 300 milyon nəfər aclıqdan əziyyət çəkir. Bu qiymətləndirmə daim artan istiqamətdə dəyişir. Hazırda əsas çağırış bundan ibarətdir ki, bizi İkinci Dünya müharibəsindən bəri ən böyük aclıq və milyonlarla qurban gözləyir”.

BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı taxıl qıtlığını proqnozlaşdırmır -  Turkic World

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının hesablamalarına əsasən aprel ayında qlobal ərzaq qiymətləri indeksi 158,5 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0,8 bənd aşağıdır. Lakin bu göstərici keçən ilin aprel ayına nəzərən qiymətlərin 29,8 faiz artdığını ifadə edir.

FAO bildirir ki, ərzaq qiymətlərindəki azalmanın ən əsas səbəbi bitki yağlarının kəskin ucuzlaşmasıdır. Eyni zamanda taxıl qiymətindəki nisbi azalma da prosesə təsirini göstərib. Aprel ayında şəkərin, ətin və süd məhsullarının qiymətində bahalaşma davam edib.

FAO ekspertləri taxıl məhsullarının ucuzlaşmasının əsas səbəbi kimi Argentina və Braziliyada yığım mövsümünün başlanmasını qeyd edirlər. Bu zaman buğdanın qiymətindəki 0,2 faizlik cüzi bahalaşma ümumi taxıl qiymətlərinə təsir etməyib.

Ərzaq qiymətlərinin baha olaraq qalmasına Ukrayna limanlarının Rusiya tərəfindən işğalı, bir qisminin isə mühasirədə saxlanması səbəb olub. ABŞ-da əkinlərin vəziyyəti ilə bağlı təhlükə də nisbətən az təsirə malik olub. Bu şəraitdə Hindistandan gözlənildiyindən daha çox buğdanın ixrac olunması, Rusiyanın özünün ixracı artırması, həmçinin qlobal tələbin azalması qiymətlərin bahalaşmasının qarşısını alıb.

Süd məhsullarına gəlincə, apreldə onlar martla müqayisədə bahalaşıb ki, bu da Qərbi Avropa və Okeaniyada süd istehsalının mövsüm səviyyəsindən aşağı olmasından irəli gəlib.

Ət isə apreldə martdakı rekord artım göstəricisini örtərək daha 2,2 faiz bahalaşıb. Quş əti Ukraynadan ixracda yaranan fasilələr və Şimal yarımkürəsində quş qripi hallarının artması nəticəsində bahalaşıb. Donuz əti marta nisbətən az bahalaşıb. Buna Qərbi Avropada kəsimə verilən heyvan sayının azalması, iri istehsalçıların özlərində tələbatın artması səbəb olub. Braziliyadan ixracın kəskin artımı mal ətinin sürətli bahalaşmasının qarşısını alıb. Çindəki karantin tədbirləri üzündən limanları bağlanması qoyun ətinə tələbatın azalması və onun qiymətinin cüzi də olsa düşməsinə gətirib çıxarıb.

Ölkənin taxıl zəmilərindən 1 milyon tona yaxın buğda yığılıb – Nazirlik  rəqəmləri açıqladı

FAO-nun hesablamalarına əsasən, hazırda Ukraynada 25 milyon tona yaxın ixraclıq taxıl yığılıb qalıb. “Reuters” qurumun direktor müavini Cozef Şmidhuberə istinadən xəbər yayıb ki, Qara dəniz limanlarının işğalı və mühasirəsi nəticəsində Ukrayna bu məhsulu ixrac edə bilmir: “Bu, hazırda Ukraynada müşahidə etdiyimiz qrotesk vəziyyətdir. Demək olar ki, 25 milyon ton taxıl ixrac oluna bilərdi, lakin infrastrukturun olmaması səbəbindən ölkəni tərk edə bilməyəcək”.

Mütəxəssisin fikrincə, satılmayan məhsulla dolu elevatorlar iyul və avqust aylarında növbəti məhsul yığımı zamanı ehtiyat yer çatışmazlığına səbəb ola bilər. Eyni zamanda o qeyd edib ki, münaqişəyə baxmayaraq, yığım səviyyəsini “acınacaqlı” adlandırmaq olmaz, lakin yığılacaq məhsulu saxlamaq imkanları- müvafiq anbarlar doludur: “Narahatlığa daha bir səbəb Ukraynadakı döyüşlər zamanı bəzi taxıl anbarlarının məhv edilməsi ilə bağlı xəbərlərdir”.

Məlumdur ki, Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatı başlayandan Ukrayna taxılını dəniz yolu ilə deyil, qərb sərhədindən və ya Dunaydakı kiçik limanlarından dəmir yolu ilə ixrac etməyə məcbur olub. Bu yolla anbarlarda olan məhsulu tam ixrac etmək mümkün deyil. Mayın 9-da Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkə limanlarında ticarət dayandırılıb. O, dünya ictimaiyyətini Rusiyanın limanların mühasirəsini qaldırmaq, buğda ixracını bərpa etmək və qlobal ərzaq böhranının qarşısını almaq üçün hərəkətə keçməyə çağırıb. Prezident kənd təsərrüfatı məhsullarının ən böyük ixrac limanı olan Odessaya gedən Avropa Şurasının prezidenti Şarl Mişellə görüşdən sonra bu məsələni qaldırıb: “Onilliklər ərzində ilk dəfədir ki, Odessa limanında ticarət donanması hərəkət edə bilmir. Belə vəziyyət Odessada İkinci Dünya müharibəsindən bəri ilk dəfədir yaranır. Bu, yalnız Ukraynaya yönəlik zərbə deyil. Bizim aqrar ixracımız olmadığı üçün artıq dünyanın müxtəlif guşələrində onlarla ölkə ərzaq çatışmazlığı həddindədir. Zaman keçdikcə bu vəziyyət qorxunc ola bilər. Buna görə də Ukrayna limanlarının buğda ixracı üçün mühasirədən çıxarılması lazımdır”.

Bir neçə gün əvvəl Kiyevə səfər edən Kanadanın baş naziri Castin Trüdo bildirib ki, ölkəsi Ukraynaya anbarlarda qalan taxılın ixracı variantlarını işləyib hazırlamağa kömək edəcək.

BMT Baş katibi Antoniu Quterreşin sözlərinə görə, Ukraynanın aqrar məhsullarının dünya bazarına çıxışı təmin olunmadan qlobal ərzaq böhranını həll etmək mümkün deyil. Ukrayna kənd təsərrüfatı sahəsinə məsul şəxslər ölkədə daxili tələbatdan artıq 12 milyon tondan yuxarı məhsulun olduğunu bildiriblər.

Ölkənin kənd təsərrüfatı naziri Nikolay Solskinin verdiyi məlumata əsasən aprel ayında Ukrayna 1 milyon 90 min ton taxıl ixrac edə bilib. Halbuki planlaşdırılan həcm 4 milyon tondan yuxarı idi.

Mayın 10-da ABŞ prezidenti Co Bayden məsələyə toxunaraq ölkəsinin müttəfiqləri ilə birlikdə Ukrayna taxılının dünya bazarına qaytarılması üçün imkanlar axtardığını bildirib. Ölkədəki inflyasiyaya qarşı mübarizə, amerikalılar üçün qiymətlərin endirilməsi yollarından danışan Baydenin sözlərinə görə, Ukrayna anbarlarında təxminən 20 milyon ton civarında taxıl var. Bu həcmlərin bazara çıxarılması taxıl kimi strateji məhsulun qiymətinin düşməsinə səbəb ola bilər.

Qeyd edək ki, Ukrayna limanlarını mühasirədə saxlayan Rusiya işğal etdiyi ərazilərdəki taxılı oğurlayaraq xaricə satmağa çalışır. Aprelin sonlarında Ukrayna hökuməti müəyyən edib ki, Rusiya gəmisi müvəqqəti işğal altında olan Krımda 27 min ton taxıl yükləyərək onu Misirə satmağa çalışsa da, bu ölkədən aldığı imtinadan sonra istiqamətini Livan və Suriyaya dəyişib.

İşçilər Rusiya neftini daşıyan gəmini boşaltmaqdan imtina edirlər »  Anews.az Azərbaycan xəbər portalı

Bu barədə ilk dəfə “Myrotvorets” portalı MarineTraffic gəmi izləmə sisteminin məlumatlarına istinadən məlumat yayıb. Belə ki, “Matros Poziniç” gəmisi işğal altındakı Krımda 27 min ton taxıl yükləyib və onunla birlikdə Misirin İsgəndəriyyə limanına gedib. Ukrayna Xarici İşlər Nazirliyi 27 min ton taxıl ixracı ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin  nümayəndəsi Oleq Nikolenko vurğulayıb ki, ukraynalı diplomatlar Rusiyanın bu taxılın İsgəndəriyyəyə çatdırılmasına mane olublar: “Bizdə olan məlumata görə, hazırda Rusiya tərəfi Ukraynanın cənubunda oğurlanmış taxılla birlikdə gəmini Livan və Suriyaya göndərib. Xarici İşlər Nazirliyi artıq Livan və Suriya hakimiyyətinə müraciət edib ki, oğurlanmış yüklə dolu gəmi onların limanlarına daxil olarsa, həbs edilsin”.

Ukrayna tərəfinin məlumatına əsasən, Xerson vilayətindəki anbarlarda olan 400 min tona yaxın buğda ixrac üçün Krıma daşınıb. Ölkə XİN mayın 11-də Rusiyadan taxıl alan ölkələrə müraciət edərək, Ukraynadan oğurlanan taxılı almamağa çağırıb. Nazirlik bəyan edib ki, Krımdan çıxan taxıl dolu gəmilərin hamısı Ukraynadan oğurlanan məhsulu daşıyır.

Onu da bildirək ki, hərbi əməliyyatlar üzündən Ukraynada taxıl əkinlərinin sahəsi kəskin azalıb. Belə ki, Ukrayna KTN-in məlumatına əsasən bu ilin ötən dövründə ölkədə 7 milyon hektara yaxın sahədə kənd təsərrüfatı birkiləri əkilib. Bu, ötən illə müqayisədə 25-30 faiz az deməkdir. Xüsusilə qarğıdalı əkinlərində azalma daha çoxdur.

Rusiya KTN də toxum çatışmazlığı üzündən ölkədə taxıl əkinlərinin azaldığını açıqlayıb. Bu isə payız və qış aylarında qlobal taxıl bazarında təklifin azalması və qiymətlərin daha da yüksəlməsinə gətirib çıxara bilər. Bu baxımdan, xüsusilə buğda idxalından asılı olan ölkələrin indidən ehtiyatlar yaratması zəruridir. Belə ölkələrdən olan Azərbaycanda hökumət 2022-ci ilin əvvəlindən buğda və digər strateji ərzaq ehtiyatlarının həcmini artırmaq üçün tədbirlər həyata keçirir. Bu tədbirlər arasında zəruri ehtiyatların həcminin 2 aylıq+1 aylıq istehlak həddinə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Dövlət idxalçı və istehsalçı sahibkarlara 3-cü ay üzrə ehtiyatların yaradılması üçün faizsiz kredit ayırır. Eyni zamanda minimum istehlak səbətinin tərkibinə daxil edilən ərzaq məhsullarının ixracı İqtisadiyyat Nazirliyinin xüsusi razılığı ilə həyata keçirilir. Nəhayət, Azərbaycan ərzaqlıq buğda ilə özünütəminat səviyyəsini 70 faizə çatdırmaq üçün tədbirlər həyata keçirməyə başlayıb. İsrail mətbuatının yazdığına görə, bu istiqamətdə əsas tərəfdaş bu ölkənin şirkətləri seçilib…

Daha çox xəbərlər