Əsas səhifə 

«Zəngəzura xoş gəlmisiniz!»

Brüssel görüşlərinin məntiqi nəticələri: İllərdən bəri həsrət qaldığı doğmalarını bu sözlərlə qarşılayacaq tarirxi torpağımıza qovuşacağımız anların sevincini yaşayacağımız günlər uzaqda deyil

Ermənistanın işğalından azad edilən ərazilərimizdə aparılan yenidənqurma, bərpa-quruculuq işlərindən, infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin zəruriliyini xüsusilə vurğulaması təsadüfi deyil. Bu «zəruriliyin» hikmətini Naxçıvan Muxtar Respublikasının sakinləri daha yaxşı bilir və dəhlizin açılmasını səbirsizliklə gözləyirlər. Bu gözləntinin səbəbləri vardır.

…Hələ sovetlərin vaxtında Bakı-Noraşen, Bakı-Yerevan qatarı ilə Naxçıvana gedən muxtar respublikanın sakinləri yaxşı xatırlayarlar. O illərdə azərbaycanlıların tarixi əraziləri olan Qafan, Mehri, Mincivan stansiyalarında çalışan daşnaklar qatarla Naxçıvana gedən sərnişinlərə ötən əsrlərdə soydaşlarımıza qarşı törətdikləri soyqırımların qanlı gözləri ilə baxardılar. Həmin stansiyalarda qatarları bəhanə ilə yubatmaqla rahatlıq tapan ermənilərin azərbaycanlı sərnişinlərə bu «sevgisi, hörməti» nifrətdən qaynaqlanırdı. Vaqonların pəncərələrinə daşların atılması tez-tez müşahidə olunan hallar idi. Sərnişinlər həmin stansiyalarda ermənilərin murdar sifətləri ilə rastlaşmamaq üçün pəncərələrin pərdələrini çəkərdilər. «Bir ailənin» üzvləri kimi yaşadığımız SSRİ məkanında belə türkə qarşı qəzəblərini hər məqamda, çirkin niyyətləri ilə diqqətə çatdıran ermənilər, torpaqlarımızı işğal altında saxladıqları 30 ildə «qardaş məhəbbətlərini» tarixə vəhşilikləri, Xocalı soyqırımı, silahın dili ilə yazdılar. Hətta Bakıdan Naxçıvana gələn qatarı Mehri stansiyasında girov götürməyə belə cəsarət etdilər. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevin işə qarışması ilə qatar qısa müddətdə yola salındı. 24 fevral 1992-ci ildən isə muxtar respublikanı Azərbaycanın digər rayonları ilə birləşdirən dəmir yolu ermənilər tərəfindən bağlanıldı və dağıdıldı. Muxtar respublikaya təbii qazın nəqli dayandırıldı. Zəngəzur Sunik oldu.

Şuşanın işğaldan azad edilməsindən sonra Ulu Öndərin məzarını ziyarət edən, «Mən xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim» söyləyən Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin çəkilişində israrlı olmasına sıradan bir yolun bərpasına göstərilən qətiyyət kimi baxmaq haqsızlıq olardı. Zəngəzurda bərpa olunacaq dəmir və avtomobil yollarının inşası xalqımızın çoxəsrlik tarixinə sadiqlik, soy-kökümüzə bağlılıqdır. Bu dəhliz Azərbaycanın digər rayonları ilə Naxçıvanın birləşməsi, qardaş Türkiyəyə uzanan həmrəylik rəmzidir. Zəngəzur dəhlizinin mənəvi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından açıqlayan Prezident İlham Əliyevin «Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir» sözləri dövlət başçımızın nəsil şəcərəsinə sadiqliyidir. İstər türk dövlətlərinin birlik və həmrəyliyi, istərsə də tarixi mirasa sahiblik baxımından Zəngəzur dəhlizinin açılmasında siyasi iradə göstərən Prezident İlham Əliyevin qətiyyəti dövlət başçımızın dəfələrlə sınaqdan üzüağ çıxmış diplomatiyasının həyatda da təsdiqidir.
Bölgədə davamlı, dayanıqlı sülh və təhlükəsizliyin qarantı hesab edilən, eyni zamanda əməkdaşlıq yolu adlandırılan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda, Şuşa Bəyannaməsində xüsusi bəndin yer alması, Prezident İlham Əliyevin «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» sözləri, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlikdir.

Zəngəzurun tarixi Azərbaycan torpağı olmasının sübutuna ehtiyac yoxdur. Bu ərazidə olan Zəngilan, Zəngəzur, Zəngi çayı kimi digər yer adları da Azərbaycan toponimidir. Hazırda işğaldan azad edilən Şərqi Zəngəzur istiqamətində, Zəngilanda Azərbaycanın Dövlət Sərhəd Xidməti fəaliyyət göstərir. Bir neçə müddətdir ki, Bakıdan Naxçıvana uçan təyyarələr Ermənistan üzərindən keçir. Zəngəzurun dəmir və avtomobil yolları ilə bağlı Azərbaycanın istəklərinin, tarixi ərazimiz olan Xudafərin, Qız qalası ilə bağlı görüləcək işlərin, Qafandan, Mehridən, Qarakilsədən keçəcək qaz xətlərinin reallaşması ilə Prezident İlham Əliyevin «Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir» sözləri təsdiqlənəcək. Bu baxımdan bütünlükdə Şərqi və Qərbi Zəngəzurun iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələrin hər biri Azərbaycan, bölgə dövlətləri üçün önəmlidir. Postmüharibə dövründə aparılan bütün danışıqlarda Zəngəzurla bağlı iqtisadi, nəqliyyat- kommunikasiya, enerji layihələrinə xüsusi diqqətlə yanaşılması o deməkdir ki, Zəngəzur termini artıq beynəlxalq leksikona da daxil edilib. Xarici qonaqlar belə bu ərazini Sunik kimi deyil, Zəngəzur adı ilə tanıyır, dəhlizin 3+3 formatının region dövlətlərinin maraqlarına uyğun olduğu etiraf edilir.

Qısa müddətdə Brüsseldə fasilələrlə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə dövlət başçımız İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşlərdə əsas mövzu kimi, digər nəqliyyat-kommunikasiya layihələrinin bərpası və inşası ilə bağlı məsələlərə xüsusi diqqət göstərilməsi Zəngəzur dəhlizinin tez zamanlarda reallaşacağına əminliyi artırır.

22 mayda Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin, dövlət başçımız İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə dövlətlər arasında sülh müqaviləsinin hazırlanması, Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin şərtlərinə əməl olunması, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar bölgədə sabitliyin qarantıdır. Görüşün nəticələri ilə bağlı hər zaman yanımızda olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı məlumatlandıran Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması, dəmir və avtomobil yollarının çəkilməsi ilə bağlı görüləcək işlər barədə məlumat vermişdir. Dövlət başçımızın «Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında» Sərəncam, Ermənistanın baş naziri Nikol Paşinyanın «Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanını yaradılması» ilə bağlı Fərman imzalamaları sülhə doğru atılan addım kimi dəyərləndirilmişdir. Brüssel görüşü ilə bağlı mətbuata açıqlanan Bəyanatda «Dağlıq Qarabağ» ifadəsinin yer almaması Azərbaycan diplomatiyasının uğuru, dövlət başçımız İlham Əliyevin siyasi iradəsinin və prinsipiallığın, «Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur» sözlərinin məntiqi nəticəsidir.

Bu yaxınlarda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin edilən Vahid Hacıyevi videoformatda qəbul edən Prezident İlham Əliyev işğaldan azad edilmiş bu rayonda aparılan bərpa-quruculuq işləri ilə bağlı tövsiyələrini bildirməklə Zəngəzur dəhlizində işlərin sürətləndirilməsindən də bəhs etmişdir. Zəngilan rayonunun ərazisindən keçən dəmir və avtomobil yolları nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni tranzit mərkəzi olacaq. Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət çəkilən yol Şərqi Zəngəzur iqtisadi rayonundakı əraziləri birləşdirəcək Horadiz- Ağbənd dəmir yolu nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcək.

«Nəzərə alsaq ki, son vaxtlar Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır, əlbəttə, Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu yolun işə düşməsi ilə Zəngilan rayonundan İran İslam Respublikasından keçməklə ölkəmizin ixrac bazarlarına çıxış imkanları genişlənəcək və Azərbaycan bu fürsətdən maksimum faydalanacaq.

Brüsseldə keçirilən son üçtərəfli görüş Azərbaycanın maraqlarına tam uyğun olmaqla, Ermənistanın Zəngəzur dəhlizinin bərpası ilə bağlı tərəddüdlərinə birdəfəlik son qoydu. Bir məqamı da xatırlatmaq yerinə düşər. Hələ də «Sunik» sevdasından ayrılmayan Ermənistan revanşistlərinin Zəngəzurla bağlı sayıqlamalarına «Hətta böyük bir plakat da asmışıq orada ki, Azərbaycana xoş gəlmisiniz. Mən anlamıram, bu nəyə görə Ermənistanda hər hansı bir qıcıq doğurur. Sözün açığı, mən bunu anlamıram. Çünki orada hərəkət edən nəqliyyat vasitələri, o insanlar görməlidirlər ki, onlar Azərbaycana daxil olur və Azərbaycan ərazisindən rahat istifadə edir və heç bir problem yoxdur» ifadələri ilə cavab verən Prezident İlham Əliyevin sözləri doğrulur.
Yəni, illərlə həsrət qaldığı doğmalarını Ana dilimizdə yazılmış «Zəngəzura xoş gəlmisiniz!» sözləri ilə qarşılayacaq torpağımıza qovuşacağımız, bu sözlərin sevincini yaşayacağımız günlər uzaqda deyil.

Daha çox xəbərlər