Gündəm 

Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Cəmi 23 ay ömrü olan müstəqil dövlətin ruslar tərəfindən məcburi şəkildə SSRİ adlı İttifaqın tərkibinə qatılması nəticəsində xalqımız yenidən 70 il müddətində müstəqil dövlət kimi fəaliyyət göstərə bilmədi.

Lakin ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. 1990-cı illərin əvvəllərində yenidən müstəqilliyə qovuşan xalqımız çətin sınaqlardan keçərək müstəqilliyini qorumaqla yanaşı möhkəmləndirmiş və bu gün dünya siyasi arenasında müstəqil xarici siyasət yeridən dövlətə çevrilmişdir. Müstəqilliyimizin ilk günündən daim Azərbaycanın yanında olan qardaş Türkiyənin dəstəyi təkcə ölkələrimizin deyil, regionun inkişafına müsbət təsir göstərmişdir.

Tarixi Zəfər Qələbəmizdən sonra regionda  yeni reallıqların ortaya çıxması region ölkələri ilə yanaşı Türkiyə ilə də əməkdaşlığın yeni formatını müəyyənləşdirdi. Siyasi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalanması qardaş Türkiyə ilə əlaqələri yüksək səviyyəyə qaldırmaqla yanaşı yüksək işbirliyinin keyfiyyətini də artırır. Vətən müharibəsi dövründə dostluq, qardaşlıq prinsipləri üzərində qurulan əlaqələrimiz öz unikallığı ilə bütün dünya ölkələrinə bir nümunədir. Şuşa Bəyannaməsinin imzalanması tarixən mövcud olan münasibətlərdən yaranan bir zəruriyyətdir.

28 may 2022-ci il tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışında Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrildiyini, bu münasibətlərin bundan sonra da yüksək xətlə inkişaf etdiriləcəyini vurğuladı. Türkiyə dövləti ilə müttəfiqliyin isə Azərbaycana müstəqil siyasət aparmasına stimul və əlavə güc verir. Festivalda türk dünyasının böyük oğulları, by gün hər bir gəncə nümunə olan,  TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş  məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktar və dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncərin iştirakı isə türk dünyasının tarixində önəmli bir hadisədir. Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illik yubiley tarixinə təsadüf edən  festivalda Türkiyə Respublikasının Prezidenti Rəcəb  Tayyub Ərdoğan çıxışında iki qardaş ölkə arasında dostluq, həmrəylik münasibətlərinin köklərinin keçən əsrin əvvəllərinə təsadüf etdiyini söylədi. Bu gün qardaş Türkiyə ilə dostluq əlaqələrimiz 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində yaşanan dostluğun, köməkliyini, hərbi və siyasi dəstəyin bərqarar olmasıdır. “Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” deyən Rəcəb  Tayyub Ərdoğan Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdığını, ikitərəfli əlaqələrimizin sarsılmaz birlik olmasını Azərbaycan və Türkiyəyə qarşı təhdidlərə layiqli cavab olduğunu vurğuladı.

Zəfər Qələbəsndən sonra azad edilmiş torpaqlarda infrastruktur layihələrin bərpasında,  abadlıq-quruculuq və digər yenidənqurma işlərinin həyata keçirilməsi nəqliyyat layihələrinin həyata keçirilməsində də  Türkiyə ilə əməkdaşlığın artırılması qardaş dövlətə olan inamdan irəli gələn minnətdarlıq hissləridir. Zəngəzur dəhlizinin açılması isə təkcə Azərbaycan, Türkiyə və region dövlətləri üçün deyil, ümumilikdə Avropa və Asiyanı dəmiryolu və avtomobil yolu ilə birləşdirməklə geosiyasi əhəmiyyətə malikdir. Zəfər Qələbəsi əldə olunduqdan sonra Zəfər Paradında Türkiyə Prezidentinin iştirakı, tarixi əhəmiyyətə malik Şuşa Bəyanatının imzalanmasından sonra cari ilin 28 may tarixində keçirilən festival bir daha iki ölkə arasında qardaşlığın, dostluğun, birliyin əbədi olmasını nümayiş etdirməklə yanaşı, bu münasibətlərin bundan sonrakı dövrdə regionda sülhün möhkəmlənməsinə və işğaldan azad edilmiş torpaqların tərəqqisi istiqamətində davam etdiriləcəyi barədə dünyaya verilən mesajdır.

Tural Cəfərov,
Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi

Daha çox xəbərlər