Türkiyə-Azərbaycan: Sarsılmaz gücə çevrilən qardaşlıq
«TEKNOFEST» bu həmrəyliyin səmada təsdiqi olmaqla, gənclərimizin yaradıcılığına, bacarığına baxış oldu
«Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir» ifadələrini qürurla səsləndirməklə iki qardaş ölkə arasındakı birliyin sarsılmazlığını bildirən Prezident İlham Əliyevin sözlərini hər iki dövlət üçün əhəmiyyəti , coğrafi mahiyyəti ilə daha mükəmməl olan hadisələr də göstərdi. Tarixə Müttəfiqlik Aktı kimi yazılan, bir əsrlik Qars müqaviləsinin davamı adlandırılan Şuşa Bəyannaməsinin imzalanması hər iki xalqın yaddaşında, dövlətçilik tarixində əbədi qalacaq səhifələrdən olmaqla dövlət başçımız İlham Əliyevin vurğuladığı «Dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur» aforizmini də təsdiqlədi.
Dünyada gedən proseslər Azərbaycanla Türkiyənin daha yaxın, rəsmi surətdə müttəfiq olmasını zəruri etdi. Çünki böyük təşkilatlar, qurumlar ölkələrin suverenliyinin qorunmasında, insanların hüquqlarının təmin olunmasında səmərəli addım atmırlar. Güclülər çox vaxt ikili standartlara əsaslanan siyasət yürüdərək öz mənfəətlərinə uyğun gedişlər edirlər ki, bu da həmin təşkilatların öz prinsiplərini pozması anlamına gəlir. Buna görə də Türk dövlətlərinin təhlükəsizliyini, suverenliyini təmin etmək üçün daha ciddi gedişlərə tələbat yarandı. Belə ki, türkdilli ölkələrin birləşdiyi Türk Dövlətləri Təşkilatının yaranmasında da aparıcı qüvvə Azərbaycan –Türkiyə müttəfiqliyi oldu. Təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik Zəngəzur dəhlizinin açılması ilə bağlı hər iki qardaş ölkənin birgə qətiyyət göstərməsi, enerji, nəqliyyat, loqistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi növbəti əlaqələr üçün imkanları genişləndirir. Zəfər yolunun açılması, hər iki qardaş ölkə başçılarının birgə iştirakı ilə Füzuli, Rizə-Artvin Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin təməli olan Füzuli-Ağbənd yolunun inşasının sürətlənməsi regional əhəmiyyətli infrastruktur layihələri olmaqla, Qafqazda uzunmüddətli sülhü tənzimləyəcək qoşa addımların qətiyyətlilik nümunəsidir.
Bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda ilk dəfə «TEKNOFEST» festivalının keçirilməsi ölkələrarası ” Aerokosmik və texnologiya sahəsində əməkdaşlığın nümunəsi olmaqla ulu öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» müdrik kəlamının səmadan dünya ictimiyyətinə mesajı idi. Mərasimdə çıxış edən, «TEKNOFEST” Azərbaycan » festivalını müstəqilliyi, qardaşlığı, elmi, milli-mənəvi dəyərləri rəhbər tutan ruh adlandıran Prezident İlham Əliyevin vurğuladığı bu ruh ölkələrimizi firavan edəcək, səmalarımızı, dənizlərimizi, torpaqlarımızı qoruyub dirçəldəcək, yüksək texnologiyaları bütün cəmiyyətlə birlikdə səfərbər edəcək. «Dünya türkün gücünü görsün, yerini bilsin”» amalı ilə səmada xaruqələr yaradan «TEKNOFEST”» iştirakçılarının elmi düşüncələrinin nümunələri olan kəşfləri, cəsur pilotlarımızın səmada göstərdikləri tryüklar türk dünyasının həmrəyliyinin, türk gənclərinin elmdə də ən ön sıralarda yer almasının dünyaya çatdırılması idi. «Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında «Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”» deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq» söyləyən Prezident İlham Əliyev ötən əsrin əvvəllərində Bakının erməni işğalından azad edilməsini də qardaş dəstəyi adlandırdı. Bu dəstək İkinci Qarabağ müharibəsində təkrarlandı. İşğalçı Ermənistan üzərində tarixi Qələbəmizin qeyd olunduğu Zəfər paradında iki qardaş ölkə başçılarının qoşa dayanması türk dünyasının bütün xalqlarını qürurlandırdı.
Türkiyə ilə Azərbaycan birliyinin təntənəsi, bütün dünyaya verilən «Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq» mesajı idi. Bütün dünyanın heyrətlə izlədiyi «TEKNOFEST» festivalı isə bu qardaşlığın növbəti nümayişi, türk birliyinin təzahürü idi. ” Elm-inkişaf- bilik vəhdətinin nümayişi olan, texnologiya bayramı kimi tarixə yazılan «TEKNOFEST»də iştirak edən gənclər elmi yaradıcılıqlarının təqdimatı olan bu günləri tarixi hadisə kimi hər zaman xatırlayacaq, gələcəkdə də daim bir yerdə olacaqlar.
Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, tanınmış alim Əziz Səncərin, eyni zamanda, «TEKNOFEST»”in təşkilatçısı və təşəbbüskarı, məşhur ixtiraçı Səlçuk Bayrakdarın davamçıları kimi türk dünyasının şöhrətini qaldıracaqlar.
«Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik» sözləri ilə bu qardaşlığın bütün sahələr üzrə inkişafında böyük rolu olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqına hörmət və etimadını yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirdi ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək. Xəzərin incisi Bakıda «Bir millət, iki dövlət, tək festival»” şüarı ilə keçirilən və dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı adlandırılan «TEKNOFEST»”in keçirilməsinin Türkiyə-Azərbaycan diplomatik münasibətllərimizin yenidən qurulmasının 30-cu ildönümünə təsadüf etməsini ortaq tariximizdən qaynaqlanan ilham adlandıran Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı əlaqələrin tarixin dərinliklərinə qədər uzanmasını da eyni kökdən qaynaqlanan mənsubiyyət birliyi, qardaş sədaqəti kimi dəyərləndirdi: «1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.» Qardaş ölkənin Prezidenti Türkiyə ilə Azərbaycanın hər iki xalq üçün ikinci ana Vətən olduğunu vurğuladı: «Bəli, biz könüllərimizə çəkilən hüdudları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdumuz, könül coğrafiyamızın ayrılmaz bir parçasıdır». Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahəni əhatə edən qarşılıqlı, çoxşaxəli istiqamətlər üzrə möhkəmlənən əməkdaşlıqlar yeni töhfələri ilə əlaqələri gücləndirir, bütün dünyaya qardaşlıq nümunəsi kimi göstərir. Bu cür möhtəşəm tədbirlərin «Şuşa İli»”ndə gerçəkləşməsinin isə xüsusi, rəmzi mənası vardır. Qarabağ Zəfəri türk xalqlarının qəhrəmanlıq dastanlarının ən son örnəyi olduğu kimi, 44 günlük Vətən müharibəsi ağılın, texnologiyanın və cəsarətin bir araya gəldikdə qarşısı alınmaz gücə çevrildiyini də göstərdi. Azərbaycan gəncliyinin bacarığını, istedadını nümayiş və inkişaf etdirməsi üçün önəmli bir platforma olan «TEKNOFEST”» bu güvənin rəmzi olmaqla sıradan bir tədbir olmadığını da göstərdi. Festivalda ilk yaradıcılıq nümunələri ilə çıxış edən gənclərimiz sabahın pilotsuz uçuş aparatlarını, süni zəkalarını, rəqəmsal texnologiyalarını istehsal edəcək müəlliflər kimi tanınacaqlar.
Türk Dövlətləri Təşkilatı üzvlərinin də «TEKNOFEST»də iştirakı bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqların, ortaq gələcəyimizin daha aydın üfüqlərdə yer alacağının müjdəçisidir. Qarşıdakı hədəf Zəngəzur dəhlizinin bərpası, Qarabağa Böyük Qayıdış, Zəngilanda və Laçında inşa olunacaq yeni hava yollarının açılışında birgə iştirakdır. Hədəfə uzanan bu yolların bələdçisi Türkiyə ilə Azərbaycanın hüdudu olmayan qardaşlığıdır.

