Gündəm 

Sözün su kimi lətafətinə çamır atanlar…

Saxta yalanları, böhtanları ilə cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan bəzi sosial şəbəkələrin bədxahları həqiqətə qara yaxmaqla daxili çirkinliklərini göstərirlər

Siyasi, iqtisadi müstəqilliyinin, təhlükəsizliyinin, milli-mənəvi sərvətlərinin qarantı kimi güclənən, islahatlar ölkəsi kimi nümunə göstərilən Azərbaycan demokratik inkişaf yolu ilə də inamla irəliləyir. Təkamül təcrübəsindən də bəllidir ki, güclü dövlətlərin belə inkişafı həmin ölkədə demokratiyaya verilən dəyərlərlə tənzimlənir. Ölkə təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava, azadlıqlar yoxdursa, bu inkişafın dayanıqlı olması mümkün deyil. Siyasi və iqtisadi islahatların paralel həyata keçirildiyi respublikamız demokratik inkişaf baxımından da nümunə göstərilən dövlətlər sırasındadır. Dövlətçilik maraqlarının, xalqın mənafeyinin qorunduğu ölkəmizdə sağlam vətəndaş cəmiyyəti artıq formalaşıb. Maddi rifah, sosial-iqtisadi, demokratik inkişaf dövlət siyasətimizin əsas prioritetlərindəndir. Multikultural dəyərlərə sadiq, tolerant ölkə kimi təcrübəsi öyrənilən Azərbaycanda söz, vicdan, sərbəst toplaşma, siyasi fəaliyyət, mətbuat azadlığı təmin olunub. Özü də ən yüksək səviyyədə. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Xalq-iqtidar birliyi heç bir ölkədə olmadığı səviyyədə möhkəmdir. Demokratik uğurların əsasını təşkil edən düşünülmüş siyasətin xalq tərəfindən dəstəklənməsinin uğurlu nəticəsi ölkəmizdə keçirilən siyasi kampaniyaların mütəşəkkilliklə başa çatmasıdır. İnsan amilinə qayğı, vətəndaş hüquqlarının qorunması dövlət siyasətinin əsasını təşkil edir.

Demokratik islahatların ən bariz nümunəsi Azərbaycanda müstəqil mətbuatın, sosial şəbəkələrin sərbəst fəaliyyəti, yeni mətbu orqanların açılması üçün mövcud bəzi çətinliklərin aradan qaldırılmasıdır. Azərbaycanın yalnız demokratiya yolu ilə inkişaf edəcəyini əsas prioritet kimi qarşıya qoyan ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatlarına layiq görülmələri çoxsaylı jurnalist ordusunun demokratik islahatlar üçün göstərilən qətiyyətə minnətdarlıq duyğuları idi.

«Jurnalistlər isə əlbəttə ki, fəaliyyətləri ilə bu inkişafa öz töhfələrini verirlər. Cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir» sözləri ilə mətbuat nümayəndələrinin həqiqi dostu olduğunu bildirən , çətin peşə sahiblərinin fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev onu da diqqətə çatdırır ki, ikili standartların davam etdiyi məqamlarda ölkəmizə qarşı qərəzli şəkildə təşkil olunan «qara piar» kampaniyalarına, təxribatlara qarşı mübarizədə də obyektiklik, prinsipiallıq, vətəndaşlıq borcu, məsuliyyət qələm sahiblərinin ən güclü silahı olmalıdır.

Çox təəssüf ki, çoxsaylı, peşəsini sevən jurnalistlər arasında bu silahı dövlətin mənafeyinə, xalqın maraqlarına yönəldən nakəslər də vardır. Yoxlanılmamış, yalan, qərəzli məlumatları ictimailəşdirməklə ölkədə çaşqınlıq yaratmağa çalışanlar «yaşıl işıq» hesab etdikləri dollarların qarşılığında su kimi lətafəti olan saf sözə çamur atmaqla mənəviyyatlarını da hərraca qoyurlar. Bəzi sosial şəbəkələrin, internet TVlərin «xidmətləri» çox zaman buqələmun kimi bu simasızların özlərinə qənim olur.

Mənəviyyatlarını itirmiş bataqlıq təfəkkürlülərin operativliyə, obyektivliyə yanaşma tərzləri də xəyanətdən yoğrulub. Ən çətin zamanlarda xalqı maarifləndirmək, savadsızlığa, nadanlığa qarşı mübarizə aparmaq üçün jurnalistikanın janrlarından məharətlə yararlanan, «Sizi deyib gəlmişəm!» söyləyən Mirzə Cəlildən fərqli olaraq şüarları «Sizi söyməyə, satmağa gəlmişəm» deyən sözbaz, qiybətçilərin xəyanətləri cinayət xarakterlidir.
Ölkədə mövcud olan demokratik şəraitdən istifadə etməklə, əsası olmayan böhtanları tirajlamaqla cəmiyyətdə çaşqınlıq yaratmağa çalışan TV əməkdaşları jurnalist adına ləkə gətirərək şəxsi maraqlarını dövlət mənafeyindən üstün tuturlar. Jurnalistkanın əsas prinsiplərindən olan məsuliyyət hissini xarici təşkilatlardan aldıqları dilənçi payı qarşılığında unudan, sosial şəbəkəni söyüş, təhqir məkanına çevirən, vicdanlı jurnalistlərin arasına virus kimi yerləşən, özlərini siyasətçi, politoloq, iqtisadçı simasında görən, xarici qüvvələrin qrantlarının girovuna çevrilən internet tvlərin «fəaliyyəti» cəmiyyət tərəfindən qınaq obyektinə çevrilib. Bu şəbəkələrdə məskunlaşan simasızlar unudurlar ki, Azərbaycan elə qüdrətli ölkədir ki, heç bir, təhdid, yalan, böhtan dövlət siyasətimizə təsir edə bilməz. Əsas vəzifələri obyektivliyin qorunması olan jurnalistlər də bilməlidirlər ki, ölkəmizi bizdən artıq sevən kimsə yoxdur. Vaxtı ilə müxtəlif dövlətlərin, imperiyaların tərkibində yaşasaq belə, xalqımızın psixologiyasına təsir göstərmək özlərini supergüc hesab edən qüvvələrə belə nəsib olmayıb. Xalqımızda Vətənə bağlılıq hissləri daim güclü olub, bu gün də eyni səviyyədədir. Xalq-itqtidar-ordu birliyinin nəticəsi olan Ermənistan üzərində Zəfərimizdən sonra bu birlik və həmrəyliyimiz daha da güclənib. Belə ki, saxta internet şəbəkələrini , profillər yaratmaqla Azərbaycan həqiqətlərinə kölgə salmaq cəhdləri yalnız onların çirkin niyyətlərindən qaynaqlanan simasızlıqdır. İnternet dövründə yaşadığımız üçün hansısa yalan, böhtan, təxribat xarakterli məlumatların əsassız olduğunu gündəlik müşahidələri əsasında hiss edən cəmiyyətin hər bir üzvü feyk xəbərlərə nəinki inanmır, internet TVlər vasitəsilə yayımlanan böhtanlara əhəmiyyət belə vermirlər. Əvvəllər ölkəmizi geridə qalmış respublika kimi təqdim etməyə çalışanlar, «Azərbaycanda demokratiya yoxdur» söyləyənlər belə bu gün ölkəmizdə aparılan demokratik islahatlardan nümunə götürməyi başqalarına da tövsiyə edirlər. Azərbaycan həqiqətlərinin, iqtisadi, hərbi qüdrətimizin dünyada təbliği üçün xarici informasiya məkanına çıxmağı tövsiyə edən Prezident İlham Əliyevin demokratiyanın inkişafına yaratdığı belə imkanlardan şəxsi maraqları üçün yararlanan şərəfsizlər erməni lobbisinin dəstəkçisinə çevrilərək Azərbaycanın haqq işinə, müdafiə qüdrətinə kölgə salmaqla işğalçıya, Ermənistanın havadarlarına kömək edirlər.

Sevinc Osmanqızı, Qənimət Zahid kimi Avropa ölkələrinin günc-bucağında sığınacaq taparaq Azərbaycana qarşı təxribat aparan AXCP sədri Əli Kərimlinin «söyüş şəbəkəsi»nin ölkə daxilində formalaşdırdığı söyüş, xəyanətkar şəbəkəsi ictimaiyyət tərəfindən lənətlə qarşılanır. Sosial şəbəkələrdə «gəzişən», başqa kanallar vasitəsilə də ölkəmizə qara yaxmağa çalışan nadanlar, blogerlər milli mənsubiyyətlərini itirməklə sağlam düşüncə tərzinə, qələminə hörmət edən, Vətənə bağlılıqları ilə seçilən sağlam düşüncəli jurnalistləri də çıxılmaz vəziyyətə salırlar. Ermənistan üzərindəki Qələbəmizə, düşmənə qan udduran Silahlı Qüvvələrimizə belə böhtan atanları azərbaycanlı adlandırmaq xalqımıza, millətimizə xəyanətdir. Xalqımız arasında davamlı müraciət olunan bir el məsəli var: «Bəyə, xana yaradı, keçəl qıza yaramadı.» Zəfərimizdən sonra Azərbaycanda keçirilən biri-birindən dəyərli, beynəlxalq əhəmiyyətli tədbirləri xatırlayaq. Ölkəmizə gələn qonaqların, xarici jurnalistlərin respublikamız, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Azərbaycanın bölgədə sabitliyin təminatı naminə həyata keçirdiyi reallıqlar barədə söylədikləri xoş sözlərlə müqayisədə oyuncaq, şər yuvası olan internet TVlərin bağırtıları milçək vızıltısı, keçi suyu bulandırmasıdır.

Böhtançı sosial şəbəkələrini söyüş, təhqir yuvasına çevirənlər mənəvi cəhətdən yoxsul olduqları kimi, siyasi əxlaqsızlıqları ilə də nifrət qazanırlar. Hədəf seçdikləri insanlar barədə etikadankənar ifadələr işlədənlər unudurlar ki, internet şəbəkələrini bütün yaş qruplarından olan istifadəçilər izləyirlər. Gənclərin vətənpərvərlik tərbiyəsinə xələl gətirən böhtanların yayımlanması xüsusilə yolverilməzdir. Vətən təəssübünü unudan qərəzli sosial şəbəkə böhtançılarının qanı-canı bahasına torpaqlarımızı azad edən hərbçilərimiz, müdafiə qüdrətimiz haqqında söylədikləri yalanlar şəhidlərimizi özlərinin qəhrəmanı seçən gənclərin əxlaqına, vətəndaşlıq duyğularına mənfi təsir göstərir. Yalanları ilə ailələrin dağılmasına belə səbəb olanlar haqqında ciddi tədbirlərin görülməsinin vaxtı çatıb. «Media haqqında» Qanundan irəli gələn müddəlara istinad etməklə belə şər yuvalarının dağılması ictimai tələb kimi aktuallığını artırır. Saxta profillər vasitəsilə başqalarının şəxsiyyətinə toxunan təhqiredici sözlər işlətməyin, fotolar yerləşdirməyin özü belə etikadan kənar mənəviyyatsızlıqdır. Buna görə də dövlətimizin, milli maraqlarımızın qorunması naminə hər bir istifadəçi sosial şəbəkələrdə rast gəldikləri feyk xəbərlərə vətəndaşlıq məsuliyyəti ilə yanaşmalı, belə yalan, böhtan tirajlayanlara qarşı etirazların bildirməlidir.

Daha çox xəbərlər