Qarabağın tacı Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirir
İyunun 4-də Şuşada bərpa olunan enerji sahəsində imzalanacaq müqavilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının «yaşıl enerji» sektorunun böyük potensila malik olduğunu təsdiqləyəcək
Bakı Enerji Həftəsi 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisini, eləcə də Xəzər Neft və Qaz konfransının davamçısı olan Bakı Enerji Forumunu bir araya gətirir.
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın müstəqilliyini bərpa etdiyi tarixdən keçirilən ilk sərgidir. Prezident İlham Əliyevin hər il keçirilən sərgilərin açılış mərasimlərində iştirakı, dünyanın aparıcı dövlətlərinin rəsmilərinin Azərbaycan liderinə təbrik məktubları, sərgi çərçivəsində yeni əməkdaşlıq formatlarının yaranmasına yol açan ikitərəfli görüşlərin təşkili və müzakirə olunan məsələlər bu mühüm tədbirin yüksək statusunu bir daha təsdiqləyir. Sərgi yeni dövrün reallıqları fonunda hər bir iştirakçı ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin reallığa çevrilməsinə nail olmaqla həm dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələrini davamlı edir, həm də yeni şaxələndirmə layihələrinin gündəmə gətirilməsini şərtləndirir. Bu fikir daim qeyd edilir ki, yeni əməkdaşlıq formatları, reallığa çevrilən hər bir layihə ölkələr, xalqlar arasında dostluq körpüsünü yaradır və möhkəmləndirir.
İki illik fasilədən sonra Xəzər Neft və Qaz Sərgisi yenidən ənənəsini bərpa etdi, dünyanın 30 ölkəsindən 250-dən çox şirkət arasından energetika sənayesinin liderlərini bir araya gətirdi. İştirakçıların siyahısına Almaniya, ABŞ, Azərbaycan, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İsveçrə, İtaliya, MDB ölkələri, Norveç, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Xorvatiya və Yaponiyanın şirkətləri daxildir.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu il Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji Sərgisi “Caspian Power” 10 illik yubileyini qeyd edir. Sərgi iştirakçıları sırasında Azərbaycan, Belarus, Böyük Britaniya, İtaliya, Rusiya Federasiyası, Türkiyə və digər ölkələrin aparıcı şirkətləri var. Sərgi əsasən enerji və elektrotexnika, alternativ və bərpa olunan enerji mənbələri, kabel və məftil məhsulları və işıqlandırmaya yönəlib. İyunun 2-dən 3-dək Bakı Konqres Mərkəzində keçirilən Bakı Enerji Forumu Xəzər Neft və Qaz Konfransının davamıdır. Bakı Enerji Həftəsinin sponsorları SOCAR, bp, TPAO, Equinor, INPEX, PASHA Bank, Tenaris, TotalEnergies, Uniper, Azeri M-I Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company, Caspian Marine Services, RussNeft i Tekfen Construction şirkətləridir. Bakı Enerji Forumunun məsləhətçi tərəfdaşı Ernst & Young şirkətidir. Nəticə etibarilə, sərgilər və forumlar ənənəvi olaraq sənaye liderləri ilə görüşmək, fəaliyyətdə olan texnologiya və xidmətləri nümayiş etdirmək, effektiv işgüzar əlaqələr yaratmaq, həmçinin yeni informasiya axını və texnologiyaları təqdim etmək imkanı yaradır, neft və enerji sahələrində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir.
Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində Azərbaycanın müstəqllik tarixində enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edərək bildirmişdir ki, hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alaraq, əlbəttə, artıq digər potensial istehlakçı ilə danışıqlar prosesindəyik: «Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir.»
Enerji Forumunda qlobal enerji perspektivləri, «yaşıl enerji»yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər müzakirə mövzusu oldu. Bu ilki Foruma dünyanın 20 ölkəsindən 400-dən artıq nümayəndə qatıldı. Plenar iclas «Enerji keçid dövründə dəyişən dünyada yeni imkanlar və problemlər» mövzusuna həsr olunmuşdur. Qeyd edək ki, iyunun 4-də Şuşada bərpa olunan enerji sahəsində müqavilə imzalanacaq. Bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının «yaşıl enerji» sektorunda böyük potensialı mövcuddur. Qarabağın tacı Şuşa dipomatik mərkəzə çevrilməklə yanaşı, beynəlxalq əhəmiyyətli sənədlərin imzalanmasına şahidlik edir. Diqqətçəkən əsas məqam imzalanan sənədlərdə azad Şuşanın qeyd olunmasıdır. Bu kimi biri-birindən əhəmiyyətli addımlar özündə böyük mənanı əks etdirir. 28 il Şuşanı erməniləşdirməyə çalışan, mədəni və tarixi abidələrimizi məhv etməklə tarixi silməyə çalışan mənfur düşmən xəbis niyyətinə çata bilmədi. Bu gün Şuşa Azərbaycanın döyünən ürəyi, tarixi torpağı kimi iqtisadi, mədəni mərkəzə çevrilib, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığı ilə diqqətdədir. Artıq dünya enerji sektorunda əməkdaşlıqdan bəhs edilərkən Şuşa müqaviləsinin perspektivləri açıqlanacaqdır.
Dövlət başçısı İlham Əliyev daim çıxışlarında tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək bu əminliyi ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişafa töhfələr veriləcək. 2003-cü ildən bu günə qədər ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bugününə və gələcəyinə inamı nümayiş etdirir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrasının nəticəsi olaraq dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da sosialyönümlü layihələrin icrasını sürətləndirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkəmizin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında iqtisadi rayonların yeni bölgüsü aparıldı. Həmin bölgüyə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası elan edib. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Azad edilmiş ərazilərdə keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib (ikisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda Lev çayı üzərində). Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq. Dövlət başçısı İlham Əliyev bildirmişdir ki, qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Kəlbəcər, Laçın rayonlarında külək elektrik stansiyalarının, Cəbrayıl, Zəngilan rayonlarında Günəş Elektrik stansiyalarının potensialı böyükdür. Bərpa olunan enerji növlərinin ümumi enerji balansımızdakı payını 30 faizə artırmalıyıq. Keçən il azad edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa edilib. “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir.
«Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də növbəti onillikdə reallaşdırılacaq prioritetlər sırasında təmiz ətraf mühit və «yaşıl artım ölkəsi» əsas yer tutur. Bildirilir ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır: yüksək keyfiyyətli ekoloji mühit; yaşıl enerji məkanı.
Strateji dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə xüsusilə daha çox artacaq. Bunu nəzərə alaraq ölkədə enerjidən səmərəli istifadə edilməli və yeni dayanıqlı enerji mənbələrinə üstünlük verilməlidir. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi genişləndirilməlidir. Elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpa olunan enerji mənbələrinin ilkin istehlakda payı artırılmaqla və iqlim dəyişikliklərinə təsir azaldılmalıdır. Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə edilməsi ətraf mühitə və atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək.
Bütün bu məsələlər Şuşa müqaviləsində əks olunmaqla qarşıdakı dövrdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi fonunda öz müsbət həllini tapacaq. Bakı Enerji Həftəsinin yekunu olacaq Şuşa müqaviləsi bir daha tarixi Zəfərimizin reallıqlarının təqdimatına çevriləcək.

