Gedən qatarın dalınca baxma, Əli Kərimli!
Niyyəti və əməli Azərbaycanda daxili sabitliyi pozmaq olan «yurd şefi»nin antimilli şəbəkəsi bu gün də ölkəmizin nüfuzunun zədələnməsi üçün hər cür xəyanətə, riyakarlığa əl atır
Dünyanın siyasət aləminin əsas oyunçularından olan Azərbaycanda baş verən yeniliklər, ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti barədə səslənən etiraflar illərdən bəri müstəqilliyimizin əbədiliyi naminə çəkilən zəhmətlərin, göstərilən fədakarlıqların nəticəsidir. Ötən əsrin sonlarında dağılan SSRİ-dən canını qurtaran müttəfiq respublikaların okeanlarda tənha qalan gəmilər kimi xilas yolu axtardıqları, zamanın «olum, ya ölüm» sualına uyğun çıxış yolları aradıqları o illərdə Azərbaycanda vəziyyət daha mürəkkəb idi. Sovetlər İttifaqının dağılması üçün zəif halqa kimi hədəf seçilən, artıq tarixin arxivinə göndərilən Dağlıq Qarabağ münaqişəsinin başlanması, milli təəssüblərini, şərəflərini yadellilərə satan daxili düşmənlərin xəyanətləri üzündən ölkədə yaranan xaos, müstəqilliyimizi istəməyən xarici dövlətlərin planlarına uyğun törədilən təxribatlar, separat danışıqlar, torpaqlarımızı işğal edən Ermənistana göstərilən siyasi, hərbi dəstəklər Azərbaycanın varlığı üçün təhlükə idi. Kreslo uğrunda kəskinləşən qarşıdurmalardan, adi hala çevrilən hakimiyyət dəyişikliyindən ən çox əziyyət çəkən isə siyasət burulğanında baş verənləri dərk etməyən xalq idi. Belə bir vaxtda yaranan fürsətdən istifadə edən, özlərinin də utanmadan etiraf etdikləri kimi, tankların üstündə , doqquz dövlətin xeyir-duası ilə hakimiyyətə gələn AXC- Müsavat cütlüyünün müstəqilliyini yenicə bərpa edən Azərbaycana vurduğu zərbələr bağışlanılmaz xəyanət idi. Bu cütlüyün hakimiyyəti illərində baş verənlərin hər biri dövlətçiliyimiz üçün zərbə idi. Söz vaxtına çəkər misalına uyğun olaraq o ağır dövrdə AXC-Müsavat cütlüyünün xalqa, dövlətçiliyimizə vurduğu zərbələrə nəzər yetirək. Kreslo davasına çıxan, bu gün də eyni bataqlıq təfəkkürü ilə zehinləri korlayan , hələ də özü kimi simasızları aksiyalara çağıran AXCP sədri Əli Kərimliyə xəyanətlərini xatırladaq.
1993-cü ilin mayın 25-də, AXC-Müsavat cütlüyü hakimiyyətinin sona yaxınlaşdığı günlərində Prezidentin İcra Aparatında keçirilən müşavirədəki çıxışlardan bəzi məqamlara nəzər yetirək.
Dövlət katibi kimi respublikada hüquq-mühafizə orqanlarının rüşvətxorluğundan bəhs edən, « Respublikada mafioz qüvvələr güclənir və onlar ölkəni demək olar ki , idarə edir», «İflic vəziyyətində olan dövlət aparatının özü rüşvətxorluqla məşğuldur və rüşvətxorluğa qarşı mübarizə də məhz dövlət aparatından başlanmalıdır», « Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir», «İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-saçıq mənimsənilməsi, qeyri- qanunui yollarla xaricə satılması, həmin vəsaitlərin xaricdə saxlanılması və bu sahədə dövlət əmlakının talan edilməsi adi hal alıb. Biz bunu etiraf etməliyik» söyləyən Əli Kərimlinin bu «etiraflarının» sayını artırmaq da olar. O dövrdə dövlət katibi olan Əli Kərimlinin sözlərindən bəlli olur ki, respublikada hələ rəsmi özəlləşdirilmənin başlanmadığı bir məqamda dövlət əmlakının mənimsənilməsinin kütləvi hal, iqtisadiyyatın bütün sahələrində cinayətkarlığın iri miqyas alması AXC-Müsavat cütlüyünün gündəlik iş prinsiplərinin tərkib hissəsi idi. Hakimiyyət daxilində « bespredel»in artmasından danışan Əli Kərimliyə həmin iclasda söylədiklərini bir daha xatırladaq : « Respublikada , bütünlükdə nəinki qanunçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezidentin fərman və sərəncamlarının icrası aşağı səviyyədədir. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir.» Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı «münbit şərait»dən yararlanan xüsusi dəstələr arasında qaçaqmalçılıq tüğyan edirdi. Dəhşət doğuran hal bu idi ki, Ermənistanın torpaqlarımızı işğal etdiyi o illərdə silah- sursata hava-su kimi ehtiyac duyulduğu halda qanunsuz olaraq ölkədən çıxarılan silahların sayını bilən yox idi. «Hərbi hissələrdə apardığımız yoxlamalar nəticəsində məlum olub ki, təkcə Müdafiə Nazirliyi xətti ilə bu hissələrdən minlərlə odlu silah çıxarılıb və onlar indi əllərdədir», «Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətlər sərhədlərdən qaçaqmalçılıq yolu ilə keçirilir» sözlərinin müəllifi də Əli Kərimlidir. Ədliyyə Nazirliyinin xətti ilə insanların qanunu evlərinin zorla mənimsənilməsi hallarından isə danışmağa dəyməz. Çünki belə məqamlar adi hal kimi qəbul edilirdi. O dövrdə baş verənləri « Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi-Müsavatın əlində idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıq, hərc-mərclik, talançılıq hökm sürürdü. Kəndlər işğal altına düşürdü, Xalq Cəbhəsi-Müsavat hakimiyyəti Ermənistana benzin satırdı. Özləri də bunu etiraf etmişdilər. Bu videomateriallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədirlər. Ordunu gücləndirmək, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi korların Naxçıvanda hakimiyyət dəyişikliyi planlarının baş tutmaması iqtidarsızları daha da qəzəbləndirirdi: «Halbuki dəfələrlə belə cəhdlər olub. Orada sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki vətəndaşlar sinəsini qabağa verərək öz torpaqlarını müdafiə ediblər, məhz Heydər Əliyev amili hesabına. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyətdən devirsinlər.»
Siyasətin əlifbasından belə xəbərsiz həmin iqtidarın başçısı sayılan prezident « Xalq deyir, kaş canımız qurtaraydı bu Xalq Cəbhəsinin əlindən. Bu xalq əgər imperiyadan canını qurtardısa, gələcəkdə burada əyləşənlərdən də xilas olacaq. Deyin görüm, respublikanı niyə dağıdırsınız? Cammat yollarda oturub ata-anamızın qəbrini söyür… Bizdə demokratiya anarxiya halını alıb. İndiki şəraitdə Azərbaycan dövlətini, Azərbaycan hüququnu qorumaq olmaz» açıqlamasına « Əgər hakimiyyətdə zorla qalmışıqsa, bizi heç kim yıxa bilməz» bəyanatını də əlavə edir. Amma özlərinin də vurğuladıqları kimi, yaratdıqları anarxiyadan cana doyan xalq onların hesaba almadıqları « heç kim» deyil. Milli mənafelərimizi xarici havadarlarına peşkeş edən səbatsızların əksinə daha ağıllı seçim edən milyonlar 15 iyun 1993-cü ildə göstərdikləri birlik və həmrəylikləri ilə sübut etdilər ki, xalq «kimsə» deyil, torpaqlarının, Vətənlərinin sahibləridirlər. Bu «kimsələr» özlərinin nicat yolunu xalqın iradəsi ilə seçdikləri kimi, AXC-Müsavat cütlüyünü də tarixin zibilliyinə gömdülər.
Qısa olaraq xatırlanan bəzi məqamlar gedən qatarın arxasında baxan «demokratların», «vətənpərvərlərin» «Azərbaycansevərlərin» son nəfəslərində tökdükləri göz yaşlarının sözlə ifadəsi idi.
Bu kimi halları görsə də, dövlətə başçılıq etmək məsuliyyətini tam mənası ilə fərqinə varmadığını etiraf edən prezident Əbülfəz Elçibəyin öz komandası haqqında söylədiyi «Ay məmurlar, rüşvəti milyon dollarlarla almayın, yüz minlərlə alın, insafla alın» sözlərini unudan Əli Kərimli bu gun hansı haqla təmizlikdən danışır. «Cəbhə» komandasında təmsil olunanların özlərinin Azərbaycanı ən çox korrupsiyalaşmış ölkə adlandırmaları, « Vaxtilə xalqın qabağında duran oğlanlar indi pulun qabağında dayana bilmirlər» kimi sözləri AXC-Müsavat iqtidarının idarəçilik metodunun çirkinliklərinə nümunə olan adi misallardandır. O dövrdə iqtidarın «məsul şəxsi» olan Əli Kərimlinin iqtisadi böhran bataqlığına saldıqları Azərbaycandakı vəziyyəti « ölkədə bespridel baş alıb gedir» sözləri etirafı ölkədə yaranan hərc-mərclik haqqında izahına ehtiyac duyulmayan aydın təsəvvür yaradır. Xalq Cəbhəsinin iqtidarı dövründə Ali Məhkəmənin sədri olan Tahir Kərimli Nazirlər Kabinetini «milyarderlərdən ibarət olan cinayətkarların yığışdığı dövlət aparatı» kimi səciyyələndirir.
İqtidarsızların yaratdıqları şəraitdən narahat olan ulu öndər Heydər Əliyev Xalq Cəbhəsinin ilyarımlıq hakimiyyətinin uğursuzluqlarını səbrlə izah edirdi: «Bu, respublikanın qara günə qoyulması, dağılıması demək idi. Onlar hər şeyi- təsərrüfatı da , mənəviyyatı da, psixologiyanı da viran qoymuşdular. Ən dəhşətlisi bu idi ki, adamlar daha əlini ağdan- qaraya vurmur, işləmirdilər… Dolanmaq üçün camaat xırda ticarətə girişmişdir. Amma di gəl ki, bir şey istehsal etmirlər.. Kiçik elmi işçi, yazıcı olan bu adamlar dövlətin nə olduğunu başa düşmürlər. Azadlıqdan, hürriyyətdən və haqq –ədalətdən dəm vurur, bunlardan ağızdolusu danışırlar, axırı nə oldu, hamılıqla oğurluğa qurşandılar.»
Niyyəti və əməli Azərbaycanda daxili sabitliyi pozmaq olan, fəaliyyəti ilə hər zaman ölkənin nüfuzuna xələl gətirməyə çalışan radikal müxalifətin çıxdaş Əli Kərimlisi və «yurd şefi»nin antimilli şəbəkəsi bu gün də ölkəmizin nüfuzunun zədələnməsi üçün hər cür xəyanətə, riyakarlığa əl atır. Xarici dairələrdən aldıqları qrantların «hesabatlarını» vermək, mövcudluqlarını nümayiş etdirmək üçün küçələrə çıxan Əli Kərimlinin qaragürühçu tayfası ilxı, sürü anlamından başqa bir şey deyildir. Artıq radikal müxalifət düşərgəsindəkilər də etiraf edirlər ki, Əli Kərimlinin «fəaliyyəti» daxildən çox, xarici qüvvələrə göstərilən xidmətə hesablanıb. AXCP sədrinin dağıdıcı və zorakı məqsədləri üçün istifadə etdiyi «qeyri-hökumət təşkilatları», «siyasi partiya» adı altında fəaliyyət göstərən «buyruq qulları», Azərbaycan dövlətçiliyinə və nüfuzuna xələl gətirmək üçün hər cür xəyanətə əl atan korafəhimlər, primitiv düşüncə tərzinə malik daxili düşmənlərimiz xarici dairələr tərəfindən hazırlanan məlum «ssenari»lərin xain obrazları simasında keçi suyu bulandırırlar. Azərbaycanın əldə etdiyi davamlı uğurları həzm edə bilməyən bədnam qüvvələrin hədəfi dəyişməz olaraq qalır: Nəyin bahasına olursa-olsun Azərbaycanda ictimai- siyasi sabitliyi pozmaq, vəziyyəti gərginləşdirmək, aparılan islahatların üzərinə gölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq. Elə buna görə də iqtidarda olduqları dövrdə ölkəyə gətirilən hərbi avadanlıqları, silah-sursatları şəxsi maraqları naminə xırıd edənlər bu gün Azərbaycanın güclənən müdafiə qüdrətini həzm edə bilmirlər. Məhz bu səbəbdən ötən ilin sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsindəki Zəfərimizi erməni qohumları kimi onlar da məyusluqla qarşıladılar. Bütün məsələlərdə yalnız şəxsi mənafelərini güdənlərin doğmalarının təmasından fərəhlənən, Şuşanın rəmzi sayılan xarıbülbül qədər torpaq qeyrəti olmadı. Bu siyasət dəllalları, Antiazərbaycan şəbəkəsinin dağıdıcı ruhlu əlikərimliləri hələ də « Xalqa nə qədər pisdirsə, bizə bir o qədər yaxşıdır» isterikasından, biabırçı psixologiyadan qurtula bilmirlər. Ulu öndər Heydər Əliyevin müdriklik ziyasından gözləri kor olan, yarasalar kimi qaranlıq axtaran «əbədi məğlublar» unudurlar ki, Azərbaycan inkişafının zirvəsinə yüksəlib, onlar isə bataqlığın çamurunda itib-batıblar.

