Cəmiyyət 

Siqaret bahalaşsa, çəkənlərin sayı azalacaq? – Psixoloqdan CAVAB

Son günlərdə mediada siqaretin qiymətinin artacağı haqqında yayılan xəbərlər ictimaiyyətdə ciddi rezonans yaradıb. Nəzərə alsaq ki, ölkəmizdə siqaret çəkənlərin sayı yetərincə çoxdur, tütün məmulatlarının bahalaşması insanlara necə təsir göstərir? Bu qərar onları zərərli vərdişdən çəkindirə və siqaret çəkənlərin sayını azalda bilərmi?

Mövzu ilə bağlı Sonxeber.az saytına psixoloq Vəfa Əkbər açıqlama verib.

O bildirib ki, siqaretin qiymətinin qalxması siqaret çəkənlərə təsir etmir, çünki bu nikotin asılılığıdır:

“Əksinə, siqaret çəkən şəxslər daha da gərginləşə, özünə qapana bilərlər. Həmin şəxslər yeni qiymətə adaptasiya olana qədər çətin dövrdən keçəcəklər.

Məsələ qiymətin artması yox, insanın siqaretlə bağlı düşüncələrini dəqiqləşdirməsi ilə bağlıdır. Siqaret istifadə edən hər kəs “Siqaret ona nə üçün lazımdır?”, “Onun hansısa problemlərini həll edir ya yox?”, “Niyə insan bundan asılıdır?” kimi suallara cavab tapmalıdır. Psixoloji hissəni aşıb, həmin periodları keçərsə, siqaretin qiymətinin qalxması ona o qədər də təsir etməyəcək, amma gərginlik artdığı və rahatlıq tapa bilmədiyi üçün o, siqaretin sayını artıracaq.

“Siqaretin qiymətinin qalxması siqaret çəkənlərin sayının azalmasına səbəb olacaq” fikri absurddur. Nikotin asılılığı olan insanların siqaretə başlaması üçün sadəcə bəhanə lazımdır. O bəhanə tapılan kimi siqaretə qurşanırlar. İkinci faktor isə stress, gərginlikdir. İnsan özünü çarəsiz, çıxılmaz vəziyyətdə hiss etdiyi, olduğu yerdən yox olub “buxarlanmaq istədiyi” üçün siqaretə ehtiyac duyur. Bu da nikotin asılılığı yaradan səbəblərdəndir. Problem həll olunsa belə, bədən nikotinə öyrəşdiyi üçün orqanizm siqareti tələb edir. Bu kimi problemlərlə rastlaşmamaq üçün insanlar müəyyən seanslara yazılmalıdırlar”.

Daha çox xəbərlər