Antiinflyasiya tədbirləri: Qiymətlər necə “reaksiya” verir?
Məlum olduğu kimi, Azərbaycanda bu ilin əvvəlindən gücləndirilmiş antiinflyasiya tədbirlərinə başlanılıb. Belə ki, yanvarın 18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdi. Eyni zamanda, fevralın 17-18-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclasında ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi məsələsi əsas diqqət mərkəzində olmuşdu. Bundan başqa, Baş nazir fevralın 21-də “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzalamışdı. Əli Əsədovun sədrliyi ilə növbəti ayın 29-da keçirilən müşavirədə isə “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Nazirlər Kabinetinin 18 mart tarixli Qərarından irəli gələn tapşırıqlar, əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması, yerli istehsalçıların stimullaşdırılması, əsas ticarət tərəfdaşları ilə idxal-ixrac əməliyyatları, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi və digər məsələlər geniş müzakirə olunmuşdu.
Müşavirələrdə əhalinin həyat səviyyəsinin və ərzaqla etibarlı təminatının bazarların səmərəli fəaliyyətindən bilavasitə asılı olduğu nəzərə alınaraq ərzaq bazarının səmərəli təşkili və tənzimlənməsinin daim diqqət mərkəzində olmasının vacibliyi qeyd edilmişdi. Həmçinin dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunmuşdu. Xüsusilə vurğulanmışdı ki, haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısını qətiyyətlə almalı, istehlak bazarına antiinhisar nəzarəti gücləndirilməlidir. Nəticədə çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verə biləcəyi qənaətinə gəlinmişdi.
Bəs, verilən ciddi tapşırıqların fonunda görülən tədbirlərə qiymətlər necə “reaksiya” verib? Ötən dövrdə inflyasiyanın dinamikası necə dəyişib?
Rəsmi statistikaya görə, 2022-ci ilin yanvar-may aylarında inflyasiya 2021-ci ilin yanvar-may aylarına nisbətən 12,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 6,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz təşkil edib.
Cari ilin may ayında inflyasiya əvvəlki aya nisbətən 0,7 faiz, əvvəlki ilin may ayına nisbətən 13,7 faiz olub. Mayda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya əvvəlki aya nisbətən 1 faiz, əvvəlki ilin may ayına nisbətən 20,2 faiz təşkil edib.
Ümumiyyətlə, orta inflyasiyanın dinamikasına nəzərə salanda məlum olur ki, yanvarda 12,5 faiz olan bu göstərici yanvar-fevral və yanvar-mart aylarında 12,2 faizə ensə də yanvar-apreldə yenidən yüksəlməyə başlayıb. Ərzaq, içkilər və tütün məmulatları üzrə orta inflyasiya yanvarda 17,1 faiz olsa da yanvar-mart ayları nisbətən səngiyib (17 faiz), sonradan yenidən əvvəlki xətt üzrə davam edib. Qeyri-ərzaq məhsulları üzrə də göstərici ilə 5,9 faizlə başlayıb və hazırkı göstəriciyə çatıb. Əhaliyə göstərilmiş ödənişli xidmətlər inflyasiya isə yanvarda 11,1 faiz olsa da sonrakı müddətdə azalıb.
Aylar üzrə isə yanvarda 12,5 faiz, fevralda 11,9 faiz, martda 12,1 faiz, apreldə 13 faiz inflyasiya qeydə alınıb. Bununla da ilin 2-ci ayında proses səngiməyə doğru getsə də martda yenidən yüksələn trayektoriya davam edib. İnflyasiyanın “aparıcı qüvvəsi” qida məhsulları olaraq qalmaqdadır. Belə ki, yanvar və fevral aylarında bu məhsullar üzrə inflyasiya ötən ilin müvafiq dövrünə nisbətən 17,5 faiz idisə, apreldə 19,1 faizə, mayda 21 faizə çatıb.

