Heydər Əliyev: xilas missiyası və inkişafın başlanğıcı – əbədi tarix faktoru!
Əgər o vaxt xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Onu da qeyd etməliyəm ki, Heydər Əliyevi Naxçıvanda devirmək, o cümlədən silahlı desant göndərmək istəyən AXC-Müsavat qruplaşması özü də ağır vəziyyətə düşəndən sonra Heydər Əliyevə müraciət etdi, onu Bakıya dəvət etdi ki, onların canlarını qurtarsın. Naxçıvana üç dəfə təyyarə göndərmişdilər. Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. O, böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi və ondan sonra Azərbaycanda inkişaf dövrü başlamışdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
9 və 15 iyun tarixləri sözün həqiqi mənasında, xalqımızın taleyində dönüş anı yaratması ilə yanaşı həm də böyük Qurtuluş missiyasının başlanğıcı olmuşdur. Məhz milli tariximizin həmin unudulmaz günləri Ulu Öndər Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir.
Onu da qeyd edək ki, xalqımızın nicatı və milli dövlətçiliyimizin xilası əslində böyük Qurtuluşdan – iyunun 15-dən başlasa da qurtuluşun mühüm zəmini də məhz iyunun 9-da yaranmışdır. Məhz bu günlərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdır. Bütün tarixçilər və siyasətçilər haqlı olaraq adı çəkilən addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız Heydər Əliyevin siyasi uzaqgörənliyinin istiqamətlərini hələ əsrin 70- ci illərindən bilirdi.
Ölkəmizdə ilk dəfə 1969-1982- ci illərdə hakimiyyətdə olan Heydər Əliyev öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail olmuş, geniş vüsət alan inkişaf proseslərinə təkan vermişdir. Ümummilli Lider ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışmış və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etmişdir. Ona görə də 1993-cü ilin iyununda Ümummilli Liderimizin Naxçıvandan Bakıya gəlişi xalqın böyük məmnunluğuna səbəb olmuşdur.
Onu da qeyd edək ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz Ulu Öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz Heydər Əliyevin siyasi hakimiyyətdən istefasından sonra baş verməsi də təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Heydər Əliyev hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı Nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etmişdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi. Məhz 20 Yanvar hadisələrindən sonra Ulu Öndərin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin ona qarşı xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa və işləməyə imkan verilmədiyi indi hamıya məlumdur. Eyni zamanda, o da bəllidir ki, Heydər Əliyev Moskvada qalaraq yaşayıb-fəaliyyət gösərə bilərdi. Lakin o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşünmüşdü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşılamışdı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində onu özlərinə rəhbər seçmişdilər. Heydər Əliyev hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirmiş, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başlamışdı.
Beləliklə, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Ölkədə yaranmış dözülməz şərait, respublikanın vətəndaş müharibəsi, parçalanma və dağılma təhlükəsi ilə üzləşməsi, Ermənistanın hərbi təcavüzünün genişlənməsi qəti addımların atılmasını, hakimiyyətin etibarlı əllərə tapşırılmasını tələb edirdi. Əlbəttə, xalqının görkəmli oğlu, alovlu vətənpərvər bu acı hadisələrə laqeyd qala bilməzdi.
Belə bir zaman kəsimində – xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Davamlı və təkidli çağırışlarını nəzərə alan Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi!
Xalqımızın xoşbəxtliyidir ki, bu gün dövlət və cəmiyyət həyatının bütün sahələrində Prezident İlham Əliyev də Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Xalqımızın firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, ölkəmizin nüfuzu daha da artmışdır.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirən, Onun milli-dövlətçilik ideologiyasını yaşadan, inkişaf etdirən Prezident İlham Əliyevin fenomenal idarəetmə qabiliyyətinin nəticəsidir ki, ölkəmiz bütün sahələr üzrə inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. Və ən əsası, Qarabağ toraqlarımızın 44 günlük Vətən müharibəsində işğaldan azad edilməsi yönündə dünyanı heyran qoyan qətiyyət və iradə Azərbaycan dövətinin və xalqının nüfuzunu daha da yüskəklərə qaldırdı. Əbəs deyil ki, dövlətimizi başçısı Şuşa şəhəinin erməni işğalından azad edildiyi gün Ata vəsiyyətini yerinə yetirdiyini qürurla vurğuladı və bu reallıq hər bir ölkəvətəndaşının qəlbini riqqətə gətirdi. Bu gün qalib və zəfər dolu Azərbaycan inamla növbəti qələbələrə doğru addımlamaqdadır.
Gülnarə XUDİYEVA,
YAP Qaradağ rayon təşkilatının məsləhətçisi

