Zəngəzur dəhlizi bütün bölgəni əhatə etməlidir
İyunun 16-da paytaxtımızda öz işinə başlayan və üç gün davam edəcək Qlobal Bakı Forumunda dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi aktual mövzularla bağlı çağırışların səslənməsi beynəlxalq aləmdə humanist platforma, sivilizasiyalararası körpu kimi tanınan ölkəmizə etimadın təzahürüdür
2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatda, bir illiyi qeyd olunan Şuşa Bəyannaməsində regiona sabitlik gətirəcək və bölgə dövlətlərinin iqtisadi inkişafını, qarşılıqlı əməkdaşlıq münasibətlərini gücləndirəcək nəqliyyat- kommunikasiyalarla bağlı bəndlər arasında xüsusi əhəmiyyəti ilə seçilən Zəngəzur dəhlizinin bərpası istiqamətində işlər sürətlənir. Zəngilan rayonunun ərazisindən keçəcək dəmir və avtomobil yollarının bölgədə sabitliyin qarantı, əməkdaşlıq dəhlizi adlandırılması da səbəbsiz deyil. 3+3 formatının reallaşması ilə dünyanın enerji xəritəsini yeni istiqamətlər üzrə zənginləşdirəcək, dayanıqlı sülh və təhlükəsizlik, dövlətlərarası yükdaşıma gücünə, uzaq məsafələri qısa müddətdə qət etmə qabiliyyətinə görə də sərfəli hesab edilən Zəngəzur dəhlizinin bərpasına beynəlxalq səviyyədə diqqət göstərilməsi ölkəmizin daha bir diplomatik uğurudur. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün nəzərdə tutulan, dörd və altı zolaqdan ibarət bu yola artan tələbat gələcəkdə daha çox olacaq. Bundan əlavə Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çəkilən yollar Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək.
Bu baxımdan dəhlizin bərpasına törədilən süni əngəllərin aradan qaldırılacağını «Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» sözləri ilə bildirən Prezident İlham Əliyevin layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlik yaradır. Hazırda işğaldan azad edilən Şərqi Zəngəzur istiqamətində, Zəngilanla sərhəddə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin strukturları fəaliyyət göstərir, siyasi-diplomatik müstəvidə danışıqlar davam etdirilir.
Bakıdan Naxçıvana təyyarələrin Ermənistan üzərindən uçması Zəngəzurun hava dəhlizi ilə bağlı istəkləri reallaşdırıb. «Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, Ermənistan ümumiyyətlə, Zəngəzur dəmir və avtomobil yollarının açılmasına, dəhliz ifadəsinə çox böyük qısqanclıqla yanaşır.
Zəngəzur dəhlizindən gələcəkdə Naxçıvana elektrik xətlərinin çəkilməsi Azərbaycanın enerji ixracı ilə bağlı planlarının tərkib hissəsidir. Tarixi ərazimiz olan Xudafərin və Qız qalası hidroqovşaqları ilə bağlı görüləcək işlər, Qafandan, Mehridən, Qarakilsədən keçəcək qaz xətləri Zəngəzur bölgəsini əhatə edəcək. Bu baxımdan Şərqi və Qərbi Zəngəzurun iqtisadi inkişafı üçün nəzərdə tutulan bu layihələrin hər biri Azərbaycan eyni zamanda, bölgə üçün önəmlidir. Zəngəzur dəhlizinin siyasi, iqtisadi, mənəvi, tarixi əhəmiyyətini milli dəyərlərə bağlılıq baxımından dəyərləndirən Prezident İlham Əliyev əminliklə bildirir ki, bu yolun nəzərdə tutulduğu müddətdə açılması üçün genişmiqyaslı işlər sürətlənir.
«Hesab edirəm ki, Azərbaycanın Mərkəzi Asiya ölkələrinin öz aralarında apardığı siyasi məsləhətləşmələrə qoşulmaq üçün böyük potensialı var. Bilirsiniz ki, beş ölkə formatı var. Bizim bu ölkələrlə və ölkələrin xalqları ilə çox yaxın tarixi əlaqələrimiz və ənənəvi münasibətlərimiz var. Əlavə olaraq, Xəzər dənizi mədəniyyətlər və iqtisadiyyatlar arasında daha böyük körpü rolunu oynamalıdır. Ermənistan bu prosesdə iştirak edəcəkmi? Bilmirəm. Düşünürəm ki, onlar iştirak etsələr hamı üçün yaxşı olar. Bunun üçün imkan var. Bizim təklif etdiyimiz Zəngəzur dəhlizi adlandırılan dəhliz onların ərazisindən keçəcək. Əminəm ki, keçəcək, lakin onlar yenə də vaxt itirirlər. Çünki biz artıq Ermənistan sərhədinə avtomagistralı və dəmir yolunu tikirik və dəmir yolu bu ilin sonuna kimi hazır olacaq və avtomagistral ola bilsin sonra» sözləri ilə Ermənistandan səslənən revanşist çağırışların heç bir nəticə verməyəcəyini bildirən Prezident İlham Əliyev Azərbaycanla qonşu İran İslam Respublikası arasında Ermənistandan yan keçən körpülərin tikilməsi üçün imzalanan Anlaşma Memorandumunu da xatırladır, Azərbaycanın təşəbbüsü ilə reallaşan, dünyanın enerji xəritəsini dəyişən neft-qaz, nəqliyyat layihələrinin çəkilişindən kənarda qalan, iqtisadi böhran bataqlığında eşələnən Ermənistanı düzgün seçim etməyə çağırır: «Onlar bizə Mehri regionunda yolun keçəcəyi yerin coğrafi koordinatlarını vermədilər və onlar dəmir yolunun tikintisi ilə bağlı isə heç texniki-iqtisadi əsaslandırma işlərinə belə başlamayıblar. Baxmayaraq ki, bizim hissəmizə düşən dəmir yolunun 60 kilometri artıq hazırdır, 40 kilometri qalıb. Dediyim kimi, ola bilsin bu ilin sonunadək və ya növbəti ilin əvvəlinədək o, hazır olacaqdır. Sonra biz körpü inşa edəcəyik və bizim artıq İran hökuməti ilə razılığımız var və onlardan yan keçəcəyik. Beləliklə, mənim proqnozum, əlbəttə ki, bizim gündəliyimizə əsaslanır. Lakin mən Ermənistanda gündəliyin nədən ibarət olduğunu və dünyada qlobal vəziyyətin necə olacağını bilmirəm.»
Halbuki intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq əhəmiyyətli, Azərbaycanla Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqidir. Zəngəzur dəhlizi 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə ölkəmizin starteji əhəmiyyətini də artıracaq.
Bu ilin aprel ayında Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən görüşlərdə Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının işlənməsi və hazırlanması prosesi ilə bağlı danışıqlarda da əsas mövzu kimi Zəngəzur dəhzili ilə bağlı müzakirələr aparılmışdır. Ölkələr arasında kommunikasiyaların, Avropa İttifaqının qlobal dəmir və avtomobil yollarının bərpası istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməsi Zəngəzur dəhlizinin reallaşmasına beynəlxalq səviyyədə yandırılan «yaşıl işıq»dır. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir və avtomobil yollarının çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin formalaşması ilə bağlı qərarın qəbulu bu sahədə işləri intensivləşdirəcək. Yuxarıda qeyd olunduğu kimi, İrəvanın düşünülməmiş siyasəti Azərbaycanın bu marşrutu İran ərazisindən keçməklə reallaşdırmaq variantına üstünlük verməsi ilə nəticələndi. Həmişə olduğu kimi, Ermənistan yenə də oyundankənar vəziyyətdə qaldı”. Artıq proses başlayıb. Təbii ki, yeni mərhələdə Ermənistan öhdəliklərinə əməl etməsə İrəvanın daralan yolları çıxılmaz dalana dirənəcək.
Prezident İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da «Qlobal dünya nizamına təhdidlər»” mövzusunda keçirilən IX Qlobal Bakı Forumundakı nitqində İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı Zəfərdən, münaqişədən sonrakı reallıqlarından barədə ətraflı bəhs edən, Vətən müharibəsini ədalətin, beynəlxalq hüququn və milli ləyaqətin bərpası kimi dəyərləndirən, fikrini «Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub və ədaləti bərpa edib. Dünyada belə hallara heç də çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı və inkişaf regionu yaratmaq istəyirik”» sözləri ilə diqqətə çatdıran dövlət başçımız Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyindən də danışdı. Bildirdi ki, Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyanın açılması məsələsinə hörmətlə yanaşmalıdır: «10 noyabr bəyanatının – Ermənistanın kapitulyasiya aktını imzalamasından il yarım vaxt keçsə də, bu keçid hələ də yoxdur. Bu, qəbuledilməzdir. Bu, Ermənistan tərəfindən 10 noyabr bəyanatının pozulmasıdır”» sözlərinə əlavə olaraq Prezident İlham Əliyev bir məsələni də diqqətə çatdırdı ki, qəbul olunmuş sənədlərdən irəli gələn öhdəliklərə əməl edən Azərbaycandan fərqli olaraq İrəvan götürdüyü öhdəlikləri icra etməkdən yayınır. Qarabağ regionunda yaşayan ermənilərin Ermənistanla əlaqəsi Laçın yolu ilə təmin edilir. Ermənistan ərazisi vasitəsilə – Zəngəzur dəhlizi ilə Naxçıvanla əlaqə yaradılmayıb: «Bu, ədalətli deyil və bununla razılaşmırıq.”» Zəngəzur dəhlizinin tezliklə açılmasını regionda gələcək sülhün fundamental elementlərindən aldandıran Prezident İlham Əliyev vurğulayıb ki, bu yol açılmasa sülhün təminatı ilə bağlı cəhdlər çətinləşəcək, Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə göstərilən səyləri nəticəsiz olacaq”.
50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri, üç gün davam edəcək Qlobal Bakı Forumunda dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılacaq. Bu diqqət, dünya siyasətinin aktual mövzuları ilə bağlı çağırışların Azərbaycandan səslənməsi beynəlxalq aləmdə humanist platforma, sivilizasiyalararası körpu kimi tanınan ölkəmizə etimadın təzahürüdür.

