Cəmiyyət 

Uşaqların sosial inkişafı üçün sərbəstlik vacibdirmi?

Uşağın sosial inkişafı onun yaşına və inkişafına uyğun olaraq məsuliyyətlərini yerinə yetirməsi, digər şəxslərlə münasibət qura bilməsi, ailə və cəmiyyətin qaydalarına uyğun davranması deməkdir. Uşağın ana-atası və ətrafında olan insanlarla yaşaması onun sosial həyatının başlanğıcıdır. Doğulduğu andan etibarən uşağın sosial inkişafı başlayır və çevrəsindəki insanlarla qurduğu münasibətlə davam edir. Uşaqlar dil, fiziki, zehni, hissi baxımdan inkişaf etdikcə çevrələri də genişlənir. Beləliklə, ailə içində başlayan sosial münasibətlər dostluq münasibətləri və məktəb həyatı ilə davam edir.

Ünsiyyət uşağın sosial keyfiyyətlərinin formalaşması üçün başlıca rol oynayır. Əsasən, bu dövrdə valideyn ilə uşaq daha çox ünsiyyətdə olur. Uşağın sosial tərbiyəsi onun sosial inkişafının əsasını təşkil edir. Məhz, məktəbəqədər yaş dövründə uşaqlar və böyüklər arasında qarşılıqlı ünsiyyət yaranır. Erkən uşaqlıqda uşaqlar əşyalardan neçə istifadə etmək lazım olduğunu öyrənirlər. Daha sonra böyüklər onlar üçün bir obyekt olurlar ki, uşaqlar onların hərəkətlərini təkrar edir, onlar kimi davranırlar. Sosial tərbiyə, həmçinin uşağın başqalarının maraqlarına diqqət ayırması, işləri ilə maraqlanması, hər bir peşəyə, insanlara hörmətlə yanaşması, başqalarının kədərinə heyifslənməsi və sevincinə sevinməsi deməkdir. Psixoloqlar vurğulayırlar çünki, bu dövrdə uşaqlarda həm də paxıllıq hissi formalaşır. Sosial tərbiyə, həmçinin uşaqlarda günahkarlıq hissinin formalaşmasıdır. Məsələn, oğlan uşağı öz yaşıdının əlindən oyuncaq maşını kobudcasına aldığına görə narahat olmalı və etdiyi hərəkətə görə üzr istəməlidir. Və ya yaxud qız uşaqları oyuncaq gəlinciklərini zədələməməlidirlər. Onlar anlamalıdırlar ki, oyuncaqları korlamaq olmaz. Hər bir əşyanın, istər geyim olsun, istərsə də oyuncaq bütün bunların qiymətini bilməlidirlər.

Mütəxəssislər bildirirlər ki, 2 ayından etibarən uşaqlar analarını tanımağa başlayırlar. 6 ayından etibarən isə əvvəllər onunla oynayan hər kəsə gülümsəyən uşaq yalnız tanıdığı adamlara gülümsəməyə başlıyır. Bu dövrdə bəzi uşaqlar yanlarında ağlayan uşaqların ağlamasına əhəmiyyət vermədiyi halda, bəziləri isə müxtəlif səslər çıxararaq diqqəti öz üzərinə çəkir. 9-14 aylıq uşaqlar öz oyuncaqları ilə oynayırlar. Bu yaş dövrü üçün tək və paralel oyunlar xarakterikdir. Uşaqlar 2 yaşına çatmamış da özlərinə dost seçə bilərlər, lakin bu münasibətlər adətən qısa müddətli olur.

Uşaqlar 2-6 yaş aralığı dövründə bacardığı hər şeylə qürur duymağa başlayırlar. O, özünü dünyanın mərkəzində görür. Bu zaman intervalında ana-atası uşağa etdiyi hər hansı bir səhv hərəkətlə bağlı cəzalandırma və utandırıcı hərəkət edərsə, uşaqda qorxu və utancaqlıq yarana bilər. 4 yaşından etibarən isə uşaqlar böyüklərdən çox öz dostları ilə maraqlanmağa, onlarla bir şeylər paylaşmağa başlayırlar. 5-6 yaşlarda isə uşaqlarda dostluq, simpatiya, rəqabət hissləri görülməyə başlayır. Bu da empatik anlayışların inkişaf etməyə başladığının göstəricisidir.

Mütəxəssislər belə hesab edirlər ki, 2-6 yaş dövründə uşağa müəyyən qədər sərbəstlik vermək lazımdır. Uşaq hər hansı bir işi görmək istəyirsə, ona “sən bunu bacarmazsan” yox, “sən bunu özün də edə bilərsən, əminəm ki, bacaracaqsan” demək daha düzgündür. Uşağın bir neçə işdə uğurlu olacağı mühit yaradılmalıdır. Əvvəlcə uşağa rahat, daha sonra çətinliklə edə biləcəyi işlər verilməlidir. Məşğul olduğu işdə səhv etdikdə anlayışlı olmaq, etdiyi səhvi özünün tapması lazım olduğunu demək lazımdır.

Uşaqlara problemlərinin həlli üçün sərbəst qərar verməyi öyrədən suallar da vermək lazımdır. Məsələn, “sən necə hesab edirsən, indi nə düzgün deyil?”, “Vəziyyəti dəyişdirmək üçün nə etmək olar?”, “Sən necə düşünürsən, bu insan niyə bu addımı atıb?” Beləliklə, uşaqlae ətrafındakıların verdikləri standart həll yollarındansa, özləri düşünüb həll yolu tapmağa çalışacaqlar.

Uşaqlar 6-12 yaş aralığında ana-atasından başqa şəxslərin də bəyəniləcək tərəflərini görməyə başlayırlar. Uşaq çevrəsi tərəfindən dəstəkləndikcə özünə güvəni artır, daha çox çalışmağa can atır. Başqaları tərəfindən özünə qarşı diqqət və dəyər verilməsini gözləyir. Daha çox öz cinslərindən olanlarla yaxın münasibət qururlar. Onlara böyüklərdən çox öz yaşıdlarının dediyi fikirlər maraqlı gəlməyə başlayır. Rəqabət və iş birliyi qurmağı sevirlər. Müəllimlərin bütün uşaqlara bərabər davranılmasını istəyirlər.

Bəzən elə olur ki, müəlliminin çox tələbkar olması və ya sinif yoldaşlarının daim “əzilib-büzülən” olması uşaqların xoşuna gəlmir. Bu halda valideynlər uşaqlarını tez başqa sinfə köçürməyə tələsirlər. Lakin psixoloqlar belə hesab edirlər ki, uşaqlar öz həyat yollarında çətin insanlarla hələ daha çox qarşılaşacaqlarını valideynlər anlamalıdırlar. və onlar həmin insanlarla bir cəmiyyətdə yaşamağı öyrənməlidirlər. Uşaqlar özlərində dözümü inkişaf etdirməlidir. Valideynlər isə buunla bağlı onlara yardımçı ola bilərlər.

Uşaqların sosial inkişafı ilə yanaşı sağlam qidalanması, səhhətindəki sağlamlıq, bədən tərbiyə və idmanla məşğul olması, estetik yaradıcılıq imkanlarının genişləndirilməsi, xarici dil biliklərinin artırılması, eyni zamanda, yay tətillərinin səmərəli keçirilməsi, boş vaxtlarının səmərəli keçirilməsi, hərəkətli tədbirlərin sayının çoxaldılmasına da xüsusi diqqət yetirilməlidir.

Psixoloqlar qeyd edirlər ki, hər bir uşaq gələcəyin hər hansı bir sahəsində işləyən kadrı kimi qəbul edilməli, onların azad, sərbəst, kreativ düşüncəyə malik olması ilə bağlı xüsusi dəyər prinsipləri, dəyərlər sistemi hazırlanmalıdır. Bütün bunların möhkəm təməl üzərində formalaşması üçün isə uşaqlara bir qədər sərbəstlik vermək lazımdır.

Daha çox xəbərlər