Ulu Öndərin xilaskarlıq missiyası
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan xalqının müstəqillik mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmışdı. Ümummili lider Heydər Əliyev uzaqgörən, qətiyyətli siyasətçi olduğunu hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə sübut etmişdir. Həmin illərdə Azərbaycanda dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü yaşanmışdır. Məhz bu illərdə milli və mənəvi dəyərlərin qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafı istiqamətində əməli addımlar atılmış, xalqın intellektual keyfiyyətlərinin meydana çıxması üçün əsaslı zəmin yaradılmışdır.
90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyev idi. Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə qeyd edildiyi kimi parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna çıxdı. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi, həmçinin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin, qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi böyük fədakarlıqlarından, müstəsna xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı – siyasi varis yetişdirməsindədir. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.
Bəli, bu gün ölkəmizdə qazanılan uğurların təməlində Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır. Prezident İlham Əliyev Ulu Öndərin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən uca zirvələrə yüksəldir.
Kərim Ağayev,
YAP Masallı rayon təşkilatı Tüklə ərazi partiya təşkilatının sədri

