Cəmiyyət 

Xəzərdə çimmək qadağası – Lənkəran və Xaçmaz da siyahıda…

Tibb mütəxəssisləri çirkli dəniz suyu ilə təmasın çox ağır nəticələrinin ola biləcəyini bildirir

Azərbaycanda çimərlik mövsümü rəsmi qurumların suyu təmiz olmayan, buna görə bəzi çimərliklərdən istifadəyə qadağa qoyması fonunda başlayıb. Səhiyyə Nazirliyi istifadəsi qadağan edilən çimərliklərin siyahısını açıqlayıb: Şıx, Sahil, Hövsan, Türkan, Pirşağı və Sumqayıt çimərlikləri.

Respublikanın cənub və şimal zonasında yerləşən çimərliklərdə aparılan monitorinqin nəticələri  də açıqlanıb. Lənkəranın Sütəmurdov kəndi və Aşağı Nüvədi qəsəbəsi ərazilərində və həmin ərazilərin sanitariya mühafizə zonalarında aparılan laboratoriya müayinələri nəticəsində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin normadan dəfələrlə yüksək olması halları aşkar edilib. Həmçinin Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yerləşən çimərlik ərazisində aparılmış monitorinqlər zamanı dəniz suyunun laboratoriya müayinələrinin nəticələri bakterioloji çirklənmə göstəricilərinin normadan çox olduğunu müəyyən edib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimməyin qadağan olunması barədə qərarlar qüvvədə saxlanılıb. Tibb mütəxəssisləri çirkli dəniz suyu ilə təmasın çox ağır nəticələrinin ola biləcəyini bildirir və insanlara tövsiyə olunmayan çimərliklərdən uzaq durmağı məsləhət görür.

Ziyəddin Kazımov: "Çimərliklərdə sosial məsafə qorunmalı, dezinfeksiyaedici  məhsullardan istifadə olunmalıdır"

Ziyəddin Kazımov

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun sözlərinə görə, xüsusilə Sahil və Şıx çimərliklərində dəniz suyunda bağırsaq çöplərində çirklənmə normadan artıqdır: “Əgər bir litr su üçün norma 44 mindirsə, burada 110, hətta 200 minə qədər bağırsaq çöpləri ilə çirklənmə aşkar edilib. Yəni bu, birbaşa fekal çirklənmə deməkdir. Artıq bununla əlaqədar qəbul edilən qərar icra edilmək üçün müvafiq orqanlara-Daxili işlər Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına və mənzil-kommunal təsərrüfatı departamentinə yönəldilib. Qadağa qoyulmuş zona varsa, həmin ərazilərdə sahil zolağı boyu xəbərdaredici lövhələr quraşdırılmalı, polis müvəkkili ora girişi qadağan etməlidir. Bu cür ərazilərin tamamilə bağlanması mümkün deyil”.

Qeyd edək ki, dəniz suyunun laborator müayinələrinə may ayından etibarən başlanılıb. Dəniz suyunun temperaturunun hərarəti 18 dərəcədən yuxarı qalxdıqda orada bağırsaq çöplərinin inkişafı başlayır. Həmin andan etibarən də laborator müayinələr tədqiq olunur, dəniz suyunun toksikoloji, radioloji, kimyəvi və bakterioloji müayinəsi keçirilir.

Nicat Əzimli - Teleqraf.com

 Nicat Əzimli 

İnfeksionist Nicat Əzimli “Yeni Müsavat”a bildirdi ki, bəzi xəstəliklərin törədiciləri dəniz suyunda yaşaya bilir: “Kriptosporidioz, e.coli, şigelloz kimi infeksiyalara xüsusilə insanların kütləvi istifadə etdiyi çimərliklərdə rast gəlinir. Bu infeksiyaların törətdiyi xəstəliklər, əsasən mədə-bağırsaq problemləri, bəzən isə digər problemlərlə də özünü göstərə bilir. Kriptosporidioz bir bağırsaq paraziti olub, dənizdən yoluxma hallarında çox rast gəlinir. Əsas əlaməti sulu ishaldır. Müalicəsində nitazoksanid adlanan dərmandan istifadə olunur.E.coli (eşerixia koli) və şigelloz da həmçinin bağırsaq infeksiyalarıdır. Lakin, bunlar bakterial xəstəliklərdir və əlamətləri insanın immun sistemindən asılı olaraq asimptomatikdən çox ağır formalara qədər dəyişə bilər. Başqa xəstəliklərin də dəniz suyu ilə yoluxması halları qeydə alınır və hər birinin özünə məxsus əlamətləri vardır”.

Sevinc Kərimova • Mərkəzi Gömrük Hospitalı

Sevinc Kərimova

Dermatoveneroloq Sevinc Kərimova “Yeni Müsavat”a bildirdi ki, dəniz suyunun orqanizmə çox faydası var, lakin dənizə axıdılan çirkab sularını nəzərə alaraq diqqətli olmaqda fayda var: “Çirklənmiş dəniz suyunda müxtəlif bakteriyalar, infeksiyon törədicilər  var ki, xırda da olsa, mikrotravması olan dəridən yoluxma yarada bilər. Həmçinin bağırsaq infeksiyaları da dəniz suyu ilə orqanizmə daxil ola bilər. Dənizdən sonra dəridə qızartı, yara göründükdə mütləq dermatoloqa müraciət edilməlidir. Önləyici tədbir kimi nəmləndirici kremlərdən istifadə etmək olar. İlkin müdaxilə üçün antibiotik tərkibli məlhəmdən istifadə isə dəridə yaranmış problemin klinik şəklini pozur, bu isə diaqnoz qoyulması prosesini çətinləşdirir”.

S.Kərimova eyni zamanda qeyd etdi ki, təmiz dəniz suyunun dəriyə xeyri çoxdur, lakin dərinin qidalanması normal deyilsə, elastikliyi normal deyilsə (avitaminoz, dermatit), qabıqlanan, kəpəklənən proseslər olursa, duzlu su dəriyə mənfi təsir göstərə bilər: “Dərisi quru olan şəxslərə günəşdən qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur. Bunlar həm böyüklər, həm də uşaqlar üçün keçərlidir. Uşaqları dənizə apararkən diqqət etmək lazımdır ki, dəniz suyunu udmasınlar, çünki bağırsaq infeksiyaları daha çox bu yolla orqanizmə keçir”.

Daha çox xəbərlər