Gündəm 

Müstəqilliyi əbədi edən Lider

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, bu müstəqilliyin qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider – Böyük Azərbaycanlı Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Tariximizin son yarım əsrlik dövründə, çağdaş inkişafımızın istənilən prizmadan qiymətləndirilməsi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini nəzərə almadan mümkün deyildir. Müdrik siyasi lider həmişə qarşıya qoyduğu məqsədə doğru qətiyyətlə irəliləmiş, maneələri səy və bacarıqla dəf etmişdir. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndərin fəaliyyətində respublikamızın kəskin böhran vəziyyətindən çıxarılması məsələsi xüsusi yer tutmuşdur. Heydər Əliyev fenomeni hələ Sovetlər dövründə ölkəmizi çiçəklənən bir diyara çevirmiş, müstəqilliyin bünövrəsini hələ o zamanlar qoymuş,milli kadrların hazırlanmasında o dövr üçün analoqu olmayan tədbirlər həyata keçirmişdir. Ümummilli Liderin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması isə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının tam olaraq möhkəmlənməsinə şərait yaratdı.

1991-ci il oktyabrın 18-də Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyimizin elan edilməsinin ilk illərində ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü yeni yaranmış respublikanı uçuruma doğru sürükləməkdə idi. Əhalinin sosial durumu günbəgün ağırlaşırdı. Artıq bu vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyacı olduğunu göstərirdi. Məhz belə bir ağır dövrdə – dövlətçilik, müstəqillik təhlükə qarşısında qaldıqda, Ümummilli Lider 1993-cü ildə xalqın təkidli çağırışına cavab verərək hakimiyyət sükanına keçmiş, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etmiş, eyni zamanda insan hüquq və azadlıqlarının təminatına xidmət edən hüquqi islahatların müəllifi olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında köklü müsbət dəyişikliklər baş verdi və ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. O zamankı Azərbaycan kimi qeyri-sabit, hərc-mərcliyin baş alıb getdiyi qarışıq bir məmləkətdə çox qısa bir vaxtda sabitliyin yaradılması Heydər Əliyev şəxsiyyətinin, şücaətinin, böyüklüyünün bariz nümunəsidir. Rəhbərliyə başladığı ilk gündən qayda-qanunun bərpası, icra intizamına əməl edilməsi, cəmiyyətdə əmin-amanlığın bərqərar olması üçün çox mühüm və təsirli tədbirlər həyata keçirməyə başladı. Ulu Öndər hakimiyyətə qayıdışından sonra irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü doğrultmuşdur.

Müdrik siyasi lider bu dövrdə vətəndaş qarşıdurmasının, separatçılıq cəhdlərinin qarşısını aldı. Həmin dövrdə cənub bölgəsində qondarma “Talış-Muğan Respublikası” yaradılmağa çalışılırdı. Yurdumuzun başı üstünü qara buludların aldığı bu çətin anlarda Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində qondarma “Talış-Muğan respublikası” ləğv edildi. Ölkənin şimal-şərq sərhəddində sadvalçıların özbaşınalığına da son qoyuldu. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu modelin əsas dayağına çevirən Heydər Əliyev cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq üçün hər şeydən öncə, insan hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə xüsusi diqqət yetirmişdir. Heydər Əliyev Azərbaycanda milli dövlətçiliyin prioritet inkişaf istiqamətlərini müəyyənləşdirərkən xalqın milli mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə almışdır. Heydər Əliyevin dövlət quruculuğu strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıtmış və ölkəmizin dünya birliyində öz layiqli yerini tutması üçün möhkəm zəmin yaratmışdır.

Böyük Azərbaycanlı Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələblərinə uyğun formada uğurla həyata keçirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq Azərbaycan regionun inkişaf etmiş dövlətinə, dünyada isə söz sahinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, torpaqlarımız işğaldan azad edilmiş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir.

Məmləkət Qaraçobanova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər