Prezident İlham Əliyevin 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri.
– Silahlı Qüvvələrimizlə fəxr edirik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir. Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Dövlətin özünü də, dövlətçiliyi də ordusu qoruyur. Bu, ordunun gücüdür, ordu isə dövlətin. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmişdi. Müstəqil Azərbaycan Respublikasının ordusu Azərbaycan Xalq Cümhuriyyətinin ordusunun varisi kimi formalaşdı, gücləndi, nəinki Cənubi Qafqazda, dünya miqyasında da ən güclü ordulardan biri oldu.
Dövlətin müstəqilliyi onun ordusunun gücündən bilavasitə asılıdır. Ordunun gücü dövlətin iqtisadiyyatı ilə, dövlətin gücü ordunun qüdrətiylə, gücüylə müəyyənləşdirilir. Ordu iqtisadiyyatı dinamik inkişafda olan dövlət üçün prioritetdirsə, güclü olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxrlə bildirir: “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var”. Bu ordunun 104 illiyini qeyd edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamıyla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Cümhuriyyət ilində Azərbaycan Ordusunun yaranmasının, Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm paradlar keçirildi. Xalq bu paradları milli-xəlqi ruhumuzun paradı kmi izlədi. İndi tarix olan o günlər böyük qürurla, fəxrlə xatırlanmaqdadır. Biz sevgilərlə, bizə düşmən kəsilənlər səksəkəylə, vahiməylə əmindirlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paradda dedikləri yaxın vaxtlarda gerçəkləşəcək reallığın ifadəsidir: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.”
Bəli , həmin paradda söylənilən bu fikirlər öz doğruluğunu ,təsdiqini tapdı.
Beləki, Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Ermənistanı 30 illik münaqişənin ikinci hərbi mərhələsində təslim olmağa Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan 4 rayonumuzu və strateji Şuşa şəhərini ildırım sürəti ilə işğaldan azad edib düşməni mühasirə vəziyyətinə salması məcbur etdi. Müzəffər Ordumuzun böyük rəşadət hesabına Şuşanı işğaldan azad etməsi Ermənistanın quldur hərbi dəstələrinə sarsıdıcı zərbə vurdu, döyüşlər onların silahlarını atıb qaçması ilə nəticələndi.
30 ildən bəri Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən havadarları müharibənin ilk günlərindən ermənilərin məğlub olacaqlarını gördüklərindən Azərbaycan Ordusunun zəfər yürüşünü dayandırmaq üçün min bir oyundan çıxdılar. Azərbaycan Prezidenti İlham Əliyev isə Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər dayanmaq əmri vermədi. Ali Baş Komandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səslənən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu.
Ermənistan hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu müharibə cinayətləri törətməkdə – Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumi vahimə və sarsıntı yaratmaqda gördü. Lakin bunların heç biri xalqımızın mübarizə əzmini qıra, ordumuzun irəliləyişini dayandıra bilmədi. Ermənilərin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə və əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir dənə də olsun, fərarilik faktı qeydə alınmadı.
Ermənistan ordusu barədə 30 il müddətində formalaşdırılan “yenilməz ordu” mifi darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili vəziyyət getdikcə gərginləşdi. Azərbaycan Ordusunun endirdiyi sərrast, güclü zərbələr nəticəsində qısa dövrdə Ermənistanın 3 milyard dollar məbləğində hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.
İmzaladığı təslim aktına əsasən, işğalçı Ermənistan qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər rayonlarından çıxarmaqla razılaşması birmənalı olaraq Azərbaycan Ordusunun tarixi qələbəsidir. Bu, həm də ölkəmizin ərazi bütövlüyünün, nəhayət, güc yolu ilə bərpa edilməsi, 30 ildən bəri Vətən həsrəti ilə yaşayan 800 minə yaxın insanın nisgilinə son qoyulmasıdır. Əlbəttə, Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıb. Nəhayət, Prezident, Ali Baş Komandan İlham Əliyev onların ən böyük arzusunu, doğma torpaqlarına qayıtmaqla bağlı istəklərini, öz yurdunda yaşamaq haqlarını gerçəkləşdirdi.
44 günlük müharibə Azərbaycanın nə qədər vətənpərvər, böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sərgiləməklə onun necə güclü olduğunu bir daha sübuta yetirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etmək, öz şərtlərini işğalçıya qəbul etdirmək istəyirdi və buna tam nail oldu.
Biz bu möhtəşəm qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsini əhatə edən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Hadrut və Suqovuşan qəsəbələri qanlı döyüşlərlə azad edildi. Bu qələbələrdən sonra düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz təslim etməyə məcbur edildi. İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə bağlı heç bir müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir. Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.
Bəli , 104 yaşlı Azərbaycan Ordusu, Silahlı Qüvvələri ilə bu gün biz fəxr edirik.. Tarix təsdiqləyir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini də uğurla davam etdirdi, Azərbaycan Ordusu ən müasir, yeni texnikalarla, qurğularla təchiz olundu və bugünki “Müzəffər” bir orduya çevirildi…
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhid Alı Mustafayev adına 5 nömrəli tam orta məktəbin tarix müəllimi Minayə Nəbbaqi

