Dünyanı aclıq təhlükəsi gözləyirmi?
Aydın Hüseynov: Azərbaycan dövləti bütün çətinliklərin minimuma endirilməsi istiqamətində həmişə uğurlu addımlar atıb
Qlobal miqyasda müşahidə olunan ərzaq bahalaşmasının səbəbləri nələrdir? Bu sual dinindən, dilindən və irqindən asılı olmayaraq hər kəsi maraqlandırır.
Xatırladaq ki, bir müddət öncə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında Ukraynadakı münaqişənin dünya ərzaq qiymətlərinə birbaşa təsir edəcəyi, qlobal miqyasda qiymətlərin 8-22 faiz arta biləcəyi bildirilirdi. Müşahidə olunan odur ki, artıq dünya bazarlarında buğdanın və bitki yağlarının qiyməti nəzərəçarpacaq dərəcədə artır. Əlbəttə, ekspertlərin də proqnozlaşdırdıqları kimi, bu, gözlənilən idi. Çünki Rusiya son illərdə beynəlxalq bazarlara ən böyük buğda tədarükçüsünə çevrilib. Ukrayna isə öz növbəsində bu məhsulun əsas ixracatçıları sıralamasında beşinci yeri tutur. Demək onların payına dünya taxıl ixracının üçdə birindən çoxu düşür.
BMT-nin məlumatına görə, dünyanın müxtəlif ölkələrində aclıq artıq qaçılmazdır. Təşkilat qeyd edib ki, ərzaq çatışmazlığı problemi son üç ildə böyüyür və Ukraynada baş verənlər vəziyyəti daha da gərginləşdirib. Ümumiyyətlə, silahlı münaqişələrin ərzaq təhlükəsizliyinə təsiri ilə bağlı aparılmış araşdırmalara görə, münaqişələr adətən kənd təsərrüfatı məhsullarının istehsalının həddən artıq azalması ilə nəticələnir. Bu isə öz növbəsində aclığa və çoxlu sayda insanın yeni ərzaq mənbələri axtarışında miqrasiya etməsinə gətirib çıxarır.
Bütün yaşananların fonunda əlbəttə, bir sıra ölkələr kənd təsərrüfatını gücləndirmək, ərzaq tədarükü zəncirinin pozulmasının qarşısının alınması istiqamətində bir sıra layihələr icra edirlər. Bu istiqamətdə Azərbaycanda da əhəmiyyətli addımlar atılır. Xatırladaq ki, bir neçə ay öncə FAO ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra ediləcək “Aqrar Xidmətlər Agentliyinin struktur islahatı və strateji inkişafına dəstək” və “Aqrar Xidmətlər Agentliyinin nəzdində toxum və aqrokimyəvi laboratoriyaları və sertifikasiya xidmətlərinin təkmilləşdirilməsi” layihələrinin açılış mərasimi keçirildi. Sözügedən layihələrin kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyi vurğulandı.
Həqiqətənmi qlobal səviyyədə aclıq baş verə bilər? Ərzaq böhranı ilə mübarizədə hansı effektiv üsullardan istifadə edilməlidir? Ölkəmizdə vəziyyət necədir və bu istiqamətdə görülən işlər hansı səviyyədədir? Mövzunun aktuallığını nəzərə alaraq yaranan bu və digər suallarımızı Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynova ünvanladıq.
Deputat bildirdi ki, bütövlükdə ərzaq təhlükəsizliyinə təhdidlər var: “Buna təsir edən amillərdən ən başlıcası qlobal istiləşmədir. Digər tərəfdən geosiyasi proseslər – Ukrayna və Rusiya arasındakı hərbi münaqişə dünyada ərzaq bazarına, xüsusilə taxıl idxalına böyük təsir göstərib. Böyük ərzaq idxalçısı olan Kanada və ABŞ-ın özündə də bu sahədə qlobal təsirlər mövcuddur”.
A.Hüseynov qeyd etdi ki, sözügedən problemin qarşısının alınması üçün Azərbaycan dövləti əvvəlcədən bir sıra tədbirlər görür: “Məlumdur ki, bu təhdidlər ərzaq qıtlığı ilə yanaşı, həm də ərzaq bahalaşmasına gətirib çıxarır. Azərbaycan dövləti tərəfindən atılan ən uğurlu addımlar sırasında ərzaq ehtiyatlarının yaranması istiqamətində görülən işləri qeyd etmək lazımdır. Digər tərəfdən daxili bazarın təmin olunması üçün kənd təsərrüfatı məhsullarının becərilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi, yeni əkinə yararlı sahələrin cəlb olunması istiqamətində bütün lazımi addımlar atılır”.
İşğaldan azad olunmuş ərazilərimizdə aqrar sektorun inkişafı məsələsinə toxunan həmsöhbətimiz bildirdi ki, həmin ərazilər geniş və münbit torpaq sahələrini əhatə edir: “ O torpaqların böyük kənd təsərrüfat potensialı var. Bu potensialdan səmərəli istifadə olunması üçün genişmiqyaslı işlər görülür. Sahibkarlara, fermerlərə güzəştli kreditlərin, subsidiyaların verilməsi, onların bir çox vergilərdən azad olunması söylədiklərimizin sübutudur. Eyni zamanda, daxili bazarın tələbatından artıq hər hansı kənd təsərrüfatı məhsulu ölkədən kənara çıxarılırsa bu, məhdudlaşdırılır və digər inzibati tədbirlər həyata keçirilir. Ən sevindirici hallardan biri də ondan ibarətdir ki, dövlət büdcəsinin gəlir və xərc hissəsi artırıldı. Xərc hissəsinin 193 milyon manatı məhz ərzaq təhlükəsizliyi ilə bağlıdır. Belə ki, 2022-ci ilin dövlət büdcəsinə ərzaq bahalaşmasının qarşısının alınması, eləcə də ərzaq bolluğunun, ehtiyatların yaradılması üçün 193 milyon manat vəsait əlavə olundu. Azərbaycan dövləti bütün xarici şokların, bu kimi halların, onların fəsadlarının və təsirlərinin minimuma endirilməsi istiqamətində həmişə uğurlu addımlar atıb. Bu istiqamətdə, yəni ərzaq təhlükəsizliyinin yaradılması və bu kimi problemlərin qlobal tərzdə təsir etməməsi üçün də tədbirlər həyata keçirilir”.

