Əsas səhifə 

Artıq yeni həyatın təzahürləri görünməkdədir

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı işlərin fonunda bildirir ki, biz hərtərəfli iş görürük

Artıq bu gün ölkəmizin iqtisadi inkişafından, Azərbaycanın dünyaya səs salan təkmil islahatlarından bəhs edəndə dərhal göz önünə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, ölkəmizin dirçəliş modeli gəlir. Dövlət başçısı İlham Əliyevin bu ərazilərə hər bir səfəri Böyük Qayıdaşa xidmət edən addımlarla o qədər zəngin olur ki, təkcə bir səfər çərçivəsində atılan addımların hamısını sadalamaq mümkün olmur. Bu fikrin doğruluğunu sübut etmək üçün ölkə Prezidentinin Kəlbəcər və Laçın rayonlarına son səfəri zamanı açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlət başçısı  Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak etdi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış oldu. Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edildi. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış oldu. Dövlət başçısına Kəlbəcər şəhərinin Baş planı təqdim edildi. Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoydu, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında oldu. Burada dövlət başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verildi. Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoydu.

Bunlar bir səfər çərçivəsində görülən işlərin qısa təqdimatıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev «İstisu» sanatoriyasının təməlqoyma mərasimindəki nitqində bildirmişdir: «Yəni, biz hərtərəfli iş görürük – həm infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Bu torpaqlar 30 il ermənilərin əlində idi. Nə qoyub getdilər? Xarabaxana, viran qoyulmuş şəhərlər, kəndlər! Dəfələrlə demişəm, hər dəfə də bu dağıntıları görəndə bir daha deyəcəyəm: Elə bil ki, burada vəhşi qəbilə yaşayıb. Burada ondan da eybəcər işlər görülüb – ancaq dağıtmaq, sökmək, yandırmaq. Bu qədər nifrət, bu qədər qeyri-insani hərəkət, görəsən, haradan qaynaqlanır? Bunu gərək psixoloqlar, yaxud psixiatrlar bizə desinlər. Çünki normal adam bu əməllərə əl atmaz.»

İşğaldan azad edilmiş ərazilərimizdə qısa müddətdə aparılan bərpa-quruculuq işlərinin timsalında bir daha bu reallığı daha uca səslə dünyaya çatdırırıq ki, biz qurub-yaradan xalqıq. Tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qururuq. Artıq yeni həyatın təzahürləri görünür. Bu torpaqlara səfər edən xarici qonaqlar azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə aparılan  genişmiqyaslı inşaat işlərindən heyrətlənirlər.

Dövlət başçısı İlham Əliyev həmin nitqində bu məqama da diqqəti yönəltmişdir ki,  indi Şuşa şəhərində mindən çox insan yerləşib və inşaat işləri ilə məşğuldur, xidmət sahəsində işləyir. Artıq Ağdamda sənaye parkı yaradılır. Zəngilanda, Ağalı kəndində birinci “ağıllı kənd” layihəsi uğurla başa çatdı.  Bunları bu torpaqların sahibi olaraq Azərbaycan xalqı edir. Dövlət başçısı İlham Əliyev bu çağırışı da etdi: «Ancaq hər kəs bilməlidir, bu, çox genişmiqyaslı işdir.»

Azərbaycan bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə görülən işlər xarici investorlar üçün cədbediciliyini artırır. Hər zaman bu fikri böyük inamla qeyd edirik ki, Azərbaycan xarici investorlar üçün  çox cəlbedici ölkədir. Özlüyündə yaranan  «Nəyə görə» sualına cavab olaraq qeyd edə bilərik ki, təkcə  yaxşı investisiya iqliminin olması deyil. Bu suala cavablandırmaq üçün Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpasından sonra ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətə və bu fonda xarici iş adamlarının tərəddüdlərinə diqqət yetirək. O zaman Azərbaycandakı ictimai-siyasi durumun gərginliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olurdu. Bu fakt da hər kəsə məlumdur ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. Bu marağın müxtəlif dövrlərdə fərqli olması da inkaredilməzdir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  ölkəmizdə sabitliyin yaradılması, həyata keçirilən «Açıq qapı» siyasəti investorlarda bu tərəddüdlərin aradan qalxmasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider  bildirirdi ki, ölkəmizin qapısı bura xoş niyyətlə ayaq basan hər bir xarici iş adamının üzünə açıqdır. Bu çağırış da edildi ki, investorlar qoyacaqları  vəsaitin təhlükəsizliyinə tam əmin ola bilərlər. Bunları yenidən təhlil etməyimizə səbəb əvvəldə qeyd etdiyimizi «Nəyə görə» sualını cavablandırmaqdır.  Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Bu inam da səsləndirilir ki,  gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək. Təbii ki, bunu şərtləndirən amillər var.

Azərbaycanın işğal altında olan torpaqları azadlığa qovuşub. Hər bir ərazimiz özünəməxsus potensiala malikdir. Onlardan səmərəli istifadə etmək məqsədilə həm  Prezidentin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi, həm də «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» təsdiqləndi. Artıq işğaldan azad edilmiş ərazilərimizin malik olduğuqları potensial imkanlardan istifadə etmək imkanlarına malikik. Tezliklə Qarabağımız və Şərqi Zəngəzurumuz böyük investisiyalar məkanına çevriləcək.

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunması, ÜDM-nin və dövlət  büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması, bütün bölgələrin sosial-iqtisadi vəziyyətinin müasir tələblər səviyyəsinə çatdırılması, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsi və yerli məhsulların dünya bazarlarına ixrac imkanlarının artırılması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və maddi-mənəvi, rifah halının durmadan yaxşılaşdırılması,  orta təbəqənin  formalaşdırılması və cəmiyyət həyatında rolunun artırılması bir məqsədə yönəldilir ki, insan amilinə artan diqqətin əsasını təşkil edən göstəricilər daha böyük rəqəmlərlə ifadə olunsun,  sosial-iqtisadi sahədə  davamlı  inkişaf gerçəkləşdirilsin. Ən əsası isə  qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi sürətləndirilir.  Prezident İlham Əliyevin vurğuladığı kimi, müstəqillik,   iqtisadi inkişaf yolu ilə  irəliləyən Azərbaycanın iqtisadi böhrandan ən az itki ilə çıxması üçün yerli resurslardan istifadə imkanları və daxili  potensialı tükənməzdir: «Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar. Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, – çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, – eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır.» Dövlət  başçısı bu məqamı da xüsusi qeyd edir ki, əgər bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft sektorunu nəyin hesabına  inkişaf etdirə bilərdik?

Daxili investisiyaların həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin  sahibkarlığın inkişafına diqqət və qayğısından irəli gəlir.   ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edir. Ötən 18  ildən artıq dövr ərzində  iki  milyondan artıq  yeni iş yerinin açılması işsizlik, məşğulluq probleminin həllinə öz müsbət təsirini göstərir.  Hazırda Azərbaycan kredit reytinqinin səviyyəsinə görə MDB məkanında ən irəlidə gedən ölkələrdəndir. Dünya İqtisadi Forumu  inkişafın Azərbaycan modelinin mövcudluğunu təsdiqləməklə yanaşı, bu reallığı da diqqətə çatdırır ki, uzüunmüddətli iqtisadi uğurlara nail olmaq üçün əməkdaşlıq zəruridir. Hər bir ölkənin öz inkişaf strategiyası olduğunu nəzərə alsaq, səylərin birləşdirilməsinin, təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyi daha qabarıq şəkildə özünü büruzə verər. Azərbaycanın iqtisadi inkişafın istiqamətini enerji sektorundan qeyri-enerji sektoruna yönəltməsi yüksək dəyərləndirilir, gələcək üçün uğurlu addım kimi önə çəkilir. Dövlət başçısı İlham Əliyev  dünyanın biznes icmasına özümüzü nəinki mühüm coğrafi mövqeyə və təbii sərvətlərə malik, o cümlədən islahatlara, dəyişikliklərə və şaxələndirməyə sadiq  ölkə kimi təqdim etməyin vacibliyini bildirir.

Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir.  Bu fikir hər zaman qeyd olunur ki,  əgər biz doğrudan da inkişaf  etmiş  ölkəyə çevrilmək istəyiriksə, hər sahədə şəffaflığın yüksək səviyyədə qorunmasına nail olmalıyıq.  O da məlumdur ki,  ölkəmiz 2011-ci ildə  şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı  fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq   təcrübənin mübadiləsi və beynəlxalq səylərə  öz töhfəsini verməsi  üçün Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Bu inam ifadə olunur ki, müəyyən bürokratik əngəllərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində  atılan   addımlar  biznes cədvəlində  Azərbaycanı daha da  yüksək pilləyə çıxaracaq.  Reallıqlara söykənərək ölkə  Prezidentinin  «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında»  Fərmanı bugünümüz üçün geniş imkanlar yaratdı.  Strateji Yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Sənədə uyğun olaraq həyata keçirilən tədbirlər, təsdiqlənən  Dövlət proqramları, İnkişaf konsepsiyaları və onların uğurlu icrası sonda müəyyənləşdirilən  hədəflərə yüksək səviyyədə nail olacağımıza inamı artırır. Prezident İlham Əliyev hər zaman bildirir ki,  atılan addımlar Azərbaycanın inkişafının hərtərəfli və sürətli olmasına xidmət edir.

Məhz bu uğurlarımızın fonunda dövlət başçısı İlham Əliyev onu da diqqətə çatdırır ki, ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Bir daha vurğulanır ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir.

Uğurlarımız bu ümumiləşdirməni aparmağa əsas verir ki, ölkəmizdə iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması Azərbaycanın qarşısında geniş imkanla açır. Şaxələndirmə siyasətinin uğurlu nəticələri göz önündədir. Dövlətimiz  sahibkarlığın inkişafına xüsusi diqqət göstərərək bütün zəruri olan şəraiti yaradır.  Təkcə koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı zamanda sahibkarlara göstərilən diqqət və qayğıya nəzər salsaq deyilənlərin reallıq olduğunu görərik. Həmin dövrdə onlara güzəştli kreditlərin verilməsi  qarşıya qoyduqları hədəflərə  yüksək səviyyədə nail olmalarını təmin etdi. Bir sözlə, Azərbaycan  beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı ölkəmizi ən islahatçı ölkələr sırasında qeyd edir.  Qarşıdakı dövrdə ölkəmiz daha möhtəşəm uğurları, iqtisadi göstəriciləri ilə diqqətdə olacaq. Buna əsas verən yazının əvvəlində böyük qürurla bəhs etdiyimiz işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin miqyası, tezliklə bu fonda soydaşlarımızın reallaşacaq Böyük Qayıdışıdır. Bu torpaqlara yeni nəfəsin verilərək həmin ərazilərin malik olduqları iqtisadi potensialdan maksimum istifadə etmələrinə geniş imkanlar yaranacaq.

Daha çox xəbərlər