Biz birlikdə güclüyük!
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 ili tamam olur
20 il ərzində fəaliyyət göstərən Diaporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb

Bu gün “Azərbaycan diasporu” dedikdə xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur. “Xaricdə yaşayan azərbaycanlılar” anlayışının təfsiri “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır. Bu qanuna əsasən, “xaricdə yaşayan azərbaycanlılar” anlayışı Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına və onların övladlarına, əvvəllər Azərbaycan SSR-in və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş və hazırda Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslərə və onların övladlarına, bu kateqoriyaya aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü Azərbaycana bağlı və ya azərbaycanlı hesab edən şəxslərə aid edilir.
XX əsrin əvvəllərində azərbaycanlıların xaricə axını daha geniş vüsət almağa başlamışdı. Qafqazda çar Rusiyasının antimüsəlman və antitürk siyasəti məqsədli şəkildə regionda azərbaycanlı əhalinin üstün mövqeyinin zəiflədilməsinə yönəlmiş və 1905-1906, 1918-ci illərdə ermənilər tərəfindən həyata keçirilən soyqırım, etnik təmizləmə siyasəti də belə məkirli strateji niyyətlərdən törənmişdir
1949-cu il fevralın 1-də Türkiyənin Ankara şəhərində “Azərbaycan Kültür Dərnəyi”nin təsis edilməsi dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım oldu. II Dünya müharibəsindən sonrakı dövr Azərbaycan diasporunun tarixində yeni bir mərhələ ilə əlamətdar oldu. Müharibə dövründə və sülhün bərqərar olunmasından sonra xaricdə yaşayan həmvətənlərimizin sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunlar hərbi əməliyyatlar zamanı əsir düşənlər və müharibədən sonra müxtəlif səbəblər üzündən Avropa ölkələrində məskunlaşan azərbaycanlılar olmuşdu. Sovet rejiminin amansız və qəddar cəza mexanizmləri, qanlı represiyaları onların bir çoxunu geri qayıtmaqdan çəkindirmiş, beləliklə xaricdə yaşayan azərbaycanlıların sayca artmasına səbəb olmuşdu.
Qeyd etmək lazımdır ki, təxminən 30 milyon azərbaycanlının tarixən yaşadıqları İran ərazisindən də son onilliklər ərzində mühacirət edənlərin sayı Azərbaycan Respublikasından gedənlərin sayından qat-qat çox olmuşdur.
XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. 70-80-ci illərdə Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı.
Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi.Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərqərar olmuş və dönməz xarakter almışdır. Lakin tarix boyu ictimai-siyasi proseslər elə gətirmişdir ki, azərbaycanlıların bir hissəsi əzəli ərazilərimizi tərk edərək planetin müxtəlif ölkələrində məskunlaşmış, yurd-yuva salmışlar.
1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə edirdi. Belə bir mürəkkəb və çətin vəziyyətdə 20 Yanvar qırğını ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə Heydər Əliyev dünya azərbaycanlılarını ayağa qaldırdı, xalqın siyasi iradəsini ifadə və bəyan etdi. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi.
Bu gün xaricdə yaşayan soydaşlarımızın milli diaspor halında formalaşması, respublikamızla əlaqələrinin yaradılmasında ortaya çıxan çətinliklərin və problemlərin daha səmərəli həlli yollarının araşdırılmasına böyük ehtiyac duyulur. Hazırda dünyanın əksər ölkəsində 300-ə yaxın Azərbaycan icma və birlikləri fəaliyyət göstərir və diasporumuzun təşkilatlanma prosesi bu gün də davam edir.
Aparılmış məqsədyönlü işlər nəticəsində bu gün Avropada, Şimali və Cənubi Amerikada, MDB məkanında və bir çox ölkələrdə, o cümlədən Özbəkistan, Qırğızıstan, Norveç, Niderland, Almaniya, İspaniya, İtaliya, Belçika, Bolqarıstan, Çexiya, Finlandiya, Estoniya, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Misir Ərəb Respublikası, Türkiyə və ABŞ-da 460-dan çox Azərbaycan icmaları yaradılmışdır. Yeni Azərbaycan icma və birliklərinin təsis edilməsi Azərbaycanın çağdaş diaspor quruculuğu işinin uğurları kimi qiymətləndirilməyə layiqdir.
Müasir dövrümüzdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini tarixi zərurətə çevirib. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması məhz bu zərurətdən irəli gəlib.
Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirir. Bu mənada Prezidentin “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Sərəncamı Azərbaycan Respublikasının diaspor quruculuğu işinə verdiyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməlidir.
Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi xalqımızın ən böyük tarixi müvəffəqiyyəti oldu. Azərbaycanda 1989-cu ildən başlayan milli azadlıq hərəkatı xaricdə yaşayan və illər uzunu həsrətində qaldığımız bacıqardaşlarımız arasında da milli oyanış, milli özünüdərk hissləri yaratdı. Son dövrlərin ən böyük hadisəsi isə 2001-ci ilin noyabr ayında Azərbaycan tarixində ilk dəfə olaraq Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı oldu. Böyük ruh yüksəkliyi və təntənə ilə yadda qalan qurultay göstərdi ki, bu gün hər hansı bir ölkədə yaşamasından asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı dövlət müstəqilliyimizi qorumağı və möhkəmləndirməyi özünə borc saymalı, kənarda bu diyarı şərəflə təmsil etməlidir. Qurultay onu da qeyd etdi ki, müstəqil Azərbaycan dövləti xaricdəki soydaşlarımızın hüquq və milli-mənəvi azadlıqlarını həmişə qoruyacaq və onları dəstəkləyəcəkdir.
Bakıda keçirilən Dünya Azərbaycanlılarının I, II, III Qurultayları xaricdə yaşayan azərbaycanlıların ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin – quruculuq və təşkilatlanma proseslərini yüksək mərhələyə çatdırmışdır.
2016-cı ilin iyununda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilmişdir. Qurultayda Ali Baş Komandan cənab İlham Əliyev proqram xarakterli dərin məzmunlu çıxış etmiş, I Qurultaydan keçən dövr ərzində diaspor nümayəndələri qarşısında qoyulan tələblərin həyata keçirilməsi üçün kifayət qədər uğurlu işlərin görüldüyünü vurğulamışdır.
Bu ilin aprel ayında Azərbaycanın və Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı keçirilmişdir. Cənab İlham Əliyev bu Qurultayda çıxışı zamanı bildirmişdir ki, ” Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır.”
Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycanın və bütün dünyada yaşayan azərbaycanlıların tarixi qələbəsinin təntənəsidir. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi və Prezident İlham Əliyevin mədəniyyət paytaxtımızdan verdiyi bəyanatlar regionun sonrakı taleyi üçün həlledici əhəmiyyətə malikdir. Dövlət başçısı Azərbaycan diasporunun nümayəndələri ilə Şuşada görüşməsi müharibədən sonrakı reallığını ortaya qoyur. Bu reallığı isə, cənab İlham Əliyevin özünün də dediyi kimi, dünyanın bütün gücləri, iri beynəlxalq və regional təsisatlar birmənalı qəbul edir. Üstəlik, həmin güc mərkəzlərinin özləri də Prezident İlham Əliyevin yaratdığı mövcud mənzərədə rol sahibi olmaq arzusundadırlar.
Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən dövlət qurumu fəaliyyət göstərir. Xüsusilə də son illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb. Azərbaycanın dövlət siyasətini uğurla həyata keçirən Komitə diasporun formalaşmasından tutmuş təşkilatlanmasınadək çətin yol qət edib, ölkədən kənarda səsimizə səs verən həmvətənlərin birliyinə nail olub. Bu gün Azərbaycan diasporunun səsi dünyanın demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.

