Cəmiyyət 

Harada istirahət etməli?

“Ümumiyyətlə, iyun ayının əvvəlindən yay sezonu başlayıb. Yay sezonu da insanların ən çox istirahət etdiyi, tətilə çıxdığı sezondur”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Əhməd Qurbanov bildirib.

Onun sözlərinə görə, yayda həm məzuniyyətlər olur, həm uşaqlar məktəbdən tətilə buraxılırlar: “Bu il aparılan monitorinqlər zamanı görürük ki, vətəndaşlarımız xaricdən çox daxili turizmə daha çox üstünlük verirlər. Həftəsonları otellərin dolu olması ondan xəbər verir ki, ölkəmizdə vətəndaşlarımız daxili turlardan istifadə edir. Ümumiyyətlə, hər bölgənin özünəməxsus təbiəti, turizm potensialı vardır. Həmçinin hər bölgədə müxtəlif seqmentdə həm istirahət mərkəzləri, həm də otellər fəaliyyət göstərir. Eyni zamanda, ictimai iaşə obyektləri, restoranlar fəaliyyət göstərir. Demək olmaz ki, bir bölgədə qiymətlər bahadır, digər bölgədə qiymətlər ucuzdur. Turistlərin getdiyi yerlərdə qiymətlər daha baha olur. Bu baxımdan da Şamaxı, İsmayıllı, Şəki bölgəsi, Quba, Qusar, Xaçmaz, eyni zamanda, Qax, Zaqatala, Balakən bölgəsinə turistlər daha çox səyahət edir. Ona görə də həmin bölgələrdə qiymətlər yay sezonuna görə normal olsa da, digər sezonlara görə nisbətən yüksək olur. İnsanlar öz büdcələrinə görə, istirahət yerlərində dincələ bilərlər. Sadəcə, araşdırma aparmaq lazımdır, həm də turizm şirkətləri ilə əməkdaşlıq etməlidirlər. Çünki turizm şirkətləri bölgədə olan istirahət mərkəzlərini, otelləri yaxşı tanıdığı üçün qiymətlər baxımından insanlara köməklik göstərirlər. Hər turist də öz büdcəsinə uyğun otellərdə gecələyərək istirahət edə bilərlər. Burada vacib deyil ki, beş ulduzlu otellərin qiyməti ucuz olsun. Çünki bilirik ki, dünyanın hər yerində beş ulduzlu otellərin qiyməti baha olur. Tövsiyə edərdim ki, bölgələrə səyahət etdikləri zaman fərdi evlərdən istifadə etsinlər, çünki bu, daha sərfəli olur. Kirayə qonaq evlərində qalmaq daha az xərclərə səbəb olur”.

Daha çox xəbərlər