Qarabağ mövzusu bağlanıb
İkinci Qarabağ müharibəsinin Qələbəmizlə başa çatmasından bir il səkkiz ay vaxt ötür. Bu müddət ərzində Ermənistanla Azərbaycan arasında bir çox formatda görüşlər keçirilib, danışıqlar aparılıb. Postmünaqişə dövründə Azərbaycan qonşusu ilə münasibətlərini normallaşdırmağa, məsələlərin həlli istiqamətində razılığa gəlsə də, bu istiqamətdə müəyyən addımlar atılsa da hələlik real nəticələr yoxdur. Çünki Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir. Halbuki ötən bu müddətdə beynəlxalq kürsülərdən, baş tutan bütün görüşlərdə Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanır.
Vətən müharibəsindən sonra baş tutan əhəmiyyətli görüşlər hansılar idi və orada hansı məsələlər müzakirə olunmuşdu?
Ötən il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirildi. Həmin il noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Rusiyanın dövlət başçısı, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş oldu. Prezident İlham Əliyev sözügedən üçtərəfli görüş zamanı Azərbaycanın haqlı mövqeyini ortaya qoyaraq, konstruktivlik nümayiş etdirdiyini diqqətə çatdırdı: “Azərbaycan müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması işində bu 1 il ərzində maksimum konstruktivlik nümayiş etdirib. Hesab edirəm ki, kommunikasiyaların açılmaması icra olunmamış əsas məsələlərdən biridir. Çünki ötən ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın bütün bəndləri demək olar ki, yerinə yetirilib. Düşünürəm ki, üçtərəfli görüşdə bu mövzu, həmçinin Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən olunması məsələsi müzakirə olunacaq. Biz Rusiyanın bu məsələdə dəstəyini, o cümlədən məsləhətçi qismində rolunu yüksək qiymətləndiririk. Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya olunmayıb. Ona görə də biz dəfələrlə açıq şəkildə bildirmişik ki, sərhədlərin təxirə salınmadan delimitasiyasına başlamağa hazırıq. Biz, həmçinin qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa təşviq etmək üçün Ermənistan tərəfinə sülh müqaviləsi üzərində işə başlamağı açıq şəkildə təklif etmişik”.
2022-ci il martın 30-da Avropa İttifaqı (Aİ) Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli rəsmilərinin görüşünə ev sahibliyi etdi. Görüş hər iki ölkə arasında yenə bir sıra məsələlərin həlli yollarını tapmaq istiqamətində birgə səyləri inkişaf etdirmək üçün təşkil edilmişdi. Məlum görüşdə iştirak edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan substantiv müzakirələr zamanı 14 dekabr 2021-ci ildə Brüsseldə keçirilən hər iki ölkənin liderlərinin görüşü zamanı əldə olunmuş anlaşmaların davamı olaraq Azərbaycanla Ermənistan arasında siyasi və təhlükəsizlik vəziyyəti kimi məsələlərin spektrini nəzərdən keçirdilər və ölkə liderlərinin növbəti həftələrdə yenidən görüşü barədə razılığa gəlindi. Xatırladaq ki, ötən il dekabrın 14-də keçirilən görüşdə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilmişdi. Eyni zamanda, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirildi. Bundan əlavə, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldilər. Kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olundu.
Bu il Avropa İttifaqı Şurası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin aprelin 6-da ikinci üçtərəfli görüşü baş tutdu. Bu görüş 4 saat yarımdan artıq davam etdi. Aİ Şurasının Prezidenti Şarl Mişel gərginliklərin aradan qaldırılmasında yaxından çalışmağın, Ermənistan və Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi və regionda yaşayan bütün xalqların faydası naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazın təşviq edilməsinə Avropa İttifaqının sadiq olduğunu bildirdi.
Azərbaycan Vətən müharibəsinin Zəfərlə yekunlaşmasından dərhal sonra Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi, delimitasiya və demarkasiya prosesinə başlanması təşəbbüsü ilə çıxış etdi. Soçi görüşündə bununla bağlı razılıq əldə edilsə də Ermənistan hakimiyyətinin qeyri-konstruktivliyi səbəbindən məsələ hələ də öz həllini tapmayıb.
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Ölkə başçısı müşavirədəki nitqində bunları bəyan etdi: “Əgər müsbət məqamlardan söhbət açsaq, sadəcə olaraq, deyə bilərəm ki, delimitasiya üzrə işçi qrupların birinci görüşü keçirilmişdir. Biz bunu müsbət addım kimi qiymətləndiririk. Bu da ölkəmizin təşəbbüsü ilə baş vermiş hadisədir. Çünki məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı”.
Prezident İlham Əliyev nəzərə çatdırdı ki, gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur: “Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik”.
Prezident İlham Əliyev digər müsbət hal kimi yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edildiyini vurğuladı və qeyd etdi ki, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib: “Bu beş prinsip nədən ibarətdir, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir, təkrarlamaq istəmirəm. Ancaq təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik – Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları – biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı”.
Ali Baş Komandan, Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Ermənistanın bizim beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərimizi qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur. “Müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq əfsuslar olsun ki, mənfi məqamlar daha çoxdur” deyən ölkə başçısı Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasını qeyd edib. İkinci mənfi məqamın isə yenə sözügedən Bəyannaməyə əsasən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı olduğunu xatırladan Prezident İlham Əliyev bildirib ki, Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü: “Ancaq bu günə qədər bizə bu imkan verilmədi. Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün”.
Ölkə başçısı son vaxtlar Ermənistan rəhbərliyinin yenə hansısa status haqqında danışmağa başladığına diqqət çəkərək bəyan etdi ki, Qarabağ münaqişəsi həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev altı ay ərzində hərbi sahədə də islahatların aparıldığını vurğuladı: “Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib. Büdcəyə əlavələr edildi, dürüstləşmə edildi və orada hərbi xərclər əhəmiyyətli dərəcədə artırıldı. Nə üçün? Deməli, buna əsas var”.

