Kölgə iqtisadiyyatına qarşı mübarizənin formulu: Şəffaflıq, dürüstlük, hesabatlılıq…
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar ölkə iqtisadiyyatının dayanıqlı inkişafına, əhalinin maddi rifahının yaxşılaşmasına böyük töhfələr verib. Koronavirus pandemiyasının dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq respublikamızda qəbul edilmiş bütün sosial layihə və öhdəliklər tam həcmdə və vaxtında icra olunub. Birmənalı demək olar ki, ölkə iqtisadiyyatının dünyada baş verən neqativ proseslərə qarşı dayanıqlığını təmin edən əsas amillərdən biri yeni inkişaf strategiyasına uyğun çoxşaxəli islahatların uğurla həyata keçirilməsidir. Məhz bu islahatların sayəsində ölkə iqtisadiyyatının inkişafına mane olan əngəllər aradan qaldırılır. Onlardan biri də kölgə iqtisadiyyatıdır.
Gəlin əvvəlcə bu suala aydınlıq gətirək: kölgə iqtisadiyyatı nədir? Bu, iqtisadiyyatın cəmiyyət və dövlətdən gizlədilən hissəsi olub, dövlət nəzarətindən və uçotundan kənarda qalmasıdır. Başqa sözlə, o, iqtisadiyyatın müşahidə olunmayan, rəsmi qeydiyyata düşməyən hissəsini əhatə edir, amma onu bütünlüklə zəbt edə bilmir. Çünki iqtisadiyyatın elə sahələri vardır ki, onları dövlətdən və cəmiyyətdən gizlətmək mümkün deyil. Məsələn, ev təsərrüfatları və ya icma təsərrüfatları. Kölgə iqtisadiyyatı, həmçinin özündə qeyri-leqal, kriminal və qanunla qadağan edilən iqtisadi sahələri də əhatə edir, lakin onlarla məhdudlaşmır. Kölgə iqtisadiyyatı-inkişaf etməkdə olan ölkələrin vətəndaşlarının qanundan və ictimai qaydalardan kənar qurduqları qarşılıqlı iqtisadi münasibətlərdir. Bu sahibkarlıq fəaliyyətinin gəlirləri vergiyə cəlb olunmur. Mahiyyət etibarilə gəlirləri dövlət orqanlarından gizlədilən istənilən fəaliyyət növü və ya vergi ödənişlərindən yayınmaq kölgə iqtisadiyyatı fəaliyyəti hesab olunur.
Şübhəsiz, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətin yaranmasına və genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır. Kölgə iqtisadiyyatı bütövlükdə dövlətin iqtisadi gücünə mənfi təsir etməklə yanaşı, dövlətin sosial funksiyalarını da məhdudlaşdırır.
Araşdırmalar göstərir ki, hər bir ölkədə az və ya çox gizli iqtisadiyyat mövcuddur. Hazırda ən böyük kölgə iqtisadiyyatı dərəcəsi inkişaf etməkdə olan ölkələrə məxsus olsa da, Avropanın Avstriya, İsveç kimi inkişaf etmiş dövlətləri belə bu neqativ haldan xali deyil. Bu baxımdan Azərbaycan da istisnalıq təşkil etmir.
Hazırda ölkəmizdə kölgə iqtisadiyyatı ilə təsirli mübarizə tədbirləri və şəffaflığın təmin edilməsi dövlətin həyata keçirdiyi siyasətin mühüm prioritetlərindəndir. Müasir çağırışlar şəraitində ölkəmizdə kölgə iqtisadiyyatnın təsirlərinin azaldılması ilə bağlı sistemli və kompleks tədbirlər həyata keçirilir. Bu mənada son illər respublikamızda ictimai xidmətlərin elektron şəkildə həyata keçirilməsi, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması əvvəllər mövcud olan kölgə iqtisadiyyatının həcminin dəfələrlə aşağı salınmasında mühüm rol oyanıyb. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitə- Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzləri kölgə iqtisadiyyatına qarşı mübarizədə mühüm rol oyanıyb. Xüsusilə, vergi sistemində aparılan islahatlar, həyata keçirilən vergi siyasətinin əsas istiqamətləri, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər, dövlət-biznes münasibətləri, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri ilə bağlı görülmüş işlər ölkədə şəffaflığın təmin olunmasına böyük töhfələr verib. İstər dövlət, istərsə də özəl sektorda ən müasir rəqəmsal texnologiyaların tətbiqi genişləndikcə və bunun sayəsində insan faktorunun rolu azaldıqca kölgə iqtisadiyyatı da əhəmiyyətli dərəcədə azalır.
Təbii ki, son illər dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan genişmiqyaslı islahatlar kölgə iqtisadiyyatının miqyasının azalması ilə müşayiət edilməkdədir. Bu, özünü, həm büdcə daxilolmalarının həcminin artımında, həm də sahibkarlıq subyektlərinin sayının çoxalmasında göstərir. Ölkə başçısının şəffaflıq və kölgə iqtisadiyyatı ilə bağlı mövqeyi qəti və sarsılmazdır. Prezident İlham Əliyev 2020-ci il fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019- 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında kölgə iqtisadiyyatına qarşı mübarizədən bəhs edərək bəzi məmur və sahibkarlara sərt xəbərdarlıq etmişdir: “Kölgə iqtisadiyyatı olmamalıdır, vəssalam, çox sadə”.
İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə ölkə başçısı bildirib ki, dürüstləşmə, şəffaflıq, eyni zamanda, aparılan islahatlar nəticəsində dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli şəkildə artıb: “İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Nə üçün? Çünki şəffaflıq var, dürüstlük var, hesabatlılıq var. Biznes dairələrinə bir neçə il bundan əvvəl möhlət verilmişdi ki, onlar da normal relslərə keçsinlər, daha o kölgə iqtisadiyyatından əl çəksinlər. Onlara himayədarlıq edənlərə də, necə deyərlər, dərs verildi. Ona görə 6 ayda 2 milyard manat əlavə ancaq vergi orqanları yığıbdır və biz bundan istifadə edirik. İlin sonuna hələ təxminən 6 ay var. Budur, bizim maliyyə-iqtisadi imkanlarımızın əsas faktoru”.
Göründüyü kimi, Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri gündən-günə gücləndirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin sayəsində yüksək nəticələr əldə edilir. Bütün bunların müqabilində sahibkarlarımız da şəffaf işləməli, gəlirləri gizlətməməli, kölgə mühasibatlığından uzaq durmalıdırlar ki, dövlətin bu neqativ hala qarşı apardığı mübarizə daha effektli olsun. İş adamları bilməlidirlər ki, kölgə iqtisadiyyatından nə qədər çox uzaq dursalar, necə deyərlər, “kölgə”dən çıxıb şəffaf fəaliyyət göstərsələr dövlət dəstəyindən, təyin olunan güzəştlərdən daha çox yararlana biləcəklər.

