Gündəm 

Ölkəmizdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat islahatlar aparılır

Ölkəmizdə son illər aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, fiziki infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı hazırda əldə edilmiş sosial rifah göstəricilərinin başlıca hərəkətverici qüvvələri olub və bütün bunların sayəsində vətəndaşların həyat səviyyəsi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Lakin son illərdə dünya iqtisadiyyatında potensial iqtisadi artım templərinin aşağı düşməsi, qlobal maliyyə sabitliyinin kövrəkliyi,  xüsusilə koronavirus pandemiyası və bir çox regionlarda aparılan müharibələrlə əlaqədar əksər ölkələrdə sosial-iqtisadi fəallığın məhdudlaşması Azərbaycan iqtisadiyyatı qarşısında da yeni strateji çağırışları yaradıb. Bu gün qlobal iqtisadiyyat növbəti resessiya təhlükəsi ilə üz-üzə qalıb.Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatların fəsadları, Çin iqtisadiyyatında kəskin yavaşlama, Qərb və Asiya birjalarında sürətli ucuzlaşma, ABŞ-da gözlənilən kredit böhranı, bazarlarda qeyri-stabillik, inflyasiyanın qarşısını almaq üçün dünyanın bir çox ölkələrində mərkəzi banklar tərəfindən faiz artımları qlobal iqtisadi tənəzzül ehtimalını yüksəldir.

Beynəlxalq Valyuta Fondu da hesab edir ki, qlobal iqtisadiyyat İkinci Dünya müharibəsindən sonra ən böyük sınaqla üz-üzə qalıb. Fondun analitiklərinin fikrincə, Ukraynadakı vəziyyət, iqlim dəyişikliyi təhlükəsi, COVID-19 pandemiyası, təchizat zəncirlərinin pozulması, maliyyə şərtlərinin sərtləşməsi və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatda çətinliklərin miqyasını genişləndirir, inflyasiyanı artırır. Beynəlxalq araşdırma mərkəzlərinin əksəriyyətinin mövqeyi bundan ibarətdir ki, Rusiya-Ukrayna konflikti fonunda dünyanı çox ciddi iqtisadi və maliyyə nəticələri olacaq geosiyasi depressiya dövrü gözləyir. O da nəzərə alınmalıdır ki, dünya ölkələrinin böyük əksəriyyəti fiskal ehtiyatlarının əhəmiyyətli hissəsini koronavirus pandemiyası ilə mübarizədə tükədiblər.

Avrasiya İnkişaf Bankının 2022-2024-cü illər üçün dərc etdiyi makroiqtisadi proqnozlara əsasən, dünya iqtisadiyyatı “turbulentlik” dövrünə qədəm qoyub: “Enerji, qida və gübrə qiymətləri özünün ən yüksək həddinə çatıb. Böyük mərkəzi banklar pul siyasətlərini sərtləşdirməyə başlayıblar. Qlobal iqtisadiyyatda istehsal və logistika zəncirlərində qırılmalar, ixrac tədarüklərinin həyata keçirilməsində çətinliklər, istehlak və investisiya fəallığının zəifləməsi müşahidə olunur. Tələb və təklif şoklarının birləşməsi 2022-2023-cü illərdə dünyanın ən böyük iqtisadiyyatlarında resessiya ehtimalını artırır”.

Buğda və qarğıdalı kimi taxılın da qiyməti sürətlə artır, lakin başqa bir problem də var: bu qiymət artımının inkişaf etməkdə olan ölkələrdə səbəb ola biləcəyi siyasi qeyri-sabitliyin iqtisadi nəticələrinin inkişaf etmiş ölkələrin maliyyə bazarlarına təsir etməsi ehtimalı, xüsusilə, borc böhranı kontekstində gözardı edilməyəcək qədər çox güclüdür. Burada da inkişafın mümkün istiqaməti tənəzzülə işarə edir.

Azərbaycan postmüharibə dövrünün və pandemiyanın ağır şərtlərinə baxmayaraq, dövlət büdcəsindən sabitliyi qoruyub saxlaya bilmişdir. Yaradılmış rifah səviyyəsinin əlverişsiz qlobal mühitdə dayanıqlı saxlanılması və daha da yüksəldilməsi üçün milli iqtisadiyyatımızın beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi, iqtisadiyyatın neft gəlirlərindən asılılığının minimuma endirilməsi, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması qarşıda duran başlıca strateji çağırışlardan biridir.

Ölkə Prezidenti də bu ilin altı ayının iqtisadi yekunlarına həsr olunan müşavirədəki  nitqində bildirdi ki, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq.

Azərbaycan rəhbərliyi dünyada maliyyə böhranının dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq ardıcıl islahatlar aparır. Prezident İlham Əliyev dövlət qurumları üzərində ictimai nəzarətin möhkəmləndirilməsini hər zaman  vacib sayıb. Bütün bunlar həm də onu göstərir ki, dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip daim qüvvədədir. «Xalq prezidenti seçir, prezident də xalqın qarşısında cavab verməlidir. Əgər xalq onun fəaliyyətini dəstəkləyirsə, ona inanırsa, bu, ən böyük mükafatdır» – bu sözlərin müəllifi cənab İlham Əliyevin fəaliyyətinə olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir.  Yeni iqtisadi siyasətin prioritetlərinə idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək, milli iqtisadiyyatı yeni şəraitə uyğunlaşdırmaq məsələləri daxildir. Məsələn, cari ilin ötən dövrü ilə bağlı aparılan təhlillər göstərir ki, Azərbaycanda qeyd edilən müddət ərzində inflyasiya müəyyən olunmuş səviyyədən yüksəkdir. Bunun əsas səbəbi idxal edilən məhsulların dünya bazarında bahalaşmasıdır. Yəni, ölkəmizdə qiymət artımı daha çox idxal inflyasiyası ilə şərtlənir. Bundan irəli gələrək, hökumət idxal mallarının daha çox yerli məhsullarla əvəzlənməsinə, daxili istehsal həcminin artırılmasına çalışır. Daxili istehsal həcminin artırılması məqsədilə dövlət-özəl sektor əməkdaşlığı genişləndirilir, sahibkarlar üçün çoxsaylı stimullaşdırıcı tədbirlər görülür, digər fəaliyyət növləri həyata keçirilir.

Daha çox xəbərlər