Ucuz populizmdən yararlanma azad media prinsiplərinə tamamilə ziddir
İnsan acısından özünün məqsəd və mənafeləri üçün istifadə etmək niyyətləri həm millətimizə xas olan yüksək milli-mənəvi keyfiyyətlərdən, həm də ədalətli, əxlaqlı siyasi mübarizə qanunlarından kənardır
Vətən müharibəsinin ilk günlərindən inanılmaz həmrəyliyin şahidi olduq. Xalq öz ordusu, əsgəri ilə çiyin-çiyinə mübarizə aparırdı. Hər kəs əlindən gələni etməyə çalışırdı. Xalqın orduya, əsgərimizə dəstək verməsi, bu möhtəşəm həmrəylik illər keçsə də yaddaşımızdan silinməyəcək. Hamılıqla bu savaşın bir parçasına çevrilməyimiz, birliyimiz, həmrəyliyimiz olduqca qürurverici mənzərə yaradırdı. Savaşın ilk günlərindən başlayaraq əsgər və şəhid yaxınlarına ayrılan diqqət, çətinliyi, problemi olanlara edilən yardımlar hamımızın yadındadır. Savaş bitdikdən sonra da insanlar arasında yardımlaşma, həmrəylik davam etdirildi, bu gün də davam etdirilir. Xüsusilə dövlətimiz müharibə iştirakçılarına və onların ailələrinə lazımi qayğını göstərmək üçün səfərbər olub. Şəhid ailələri, qazilər və onların ailələri bu gün dövlətin nəzarətində, diqqətindədir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib.
Müharibədən qısa müddət sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə “YAŞAT” Fondu yaradıldı. Büdcəsi ianələr hesabına formalaşan Fondun hesabına 23 iyun 2022-ci il tarixinədək 73 781 435.79 vəsait mədaxil olub. “YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edilib. İsrail dövlətindən hərbi xəsarətlərin müalicə edilməsi üzrə ixtisaslaşmış 8 mütəxəssis gətirilib, qeydiyyatı aparılmış ağır göz problemləri olan 148 şəxs müayinə edilib. Müayinə nəticəsinə uyğun olaraq 30 nəfər əməliyyat edilib, əməliyyat nəticəsində 2 nəfərin görmə qabiliyyəti bərpa olunub. 55 nəfərə protez göz qoyulub, 82 nəfər isə sadəcə müayinə edilib. Ciddi fiziki travma alan yaralıların fiziki bərpa prosesini daha da sürətləndirmək üçün “YAŞAT” Fondu tərəfindən xaricdən sifariş edilən “RGO” ortopedik cihazları ölkəmizə gətirilib. Avadanlıqdan 8 yaralının müalicəsində istifadə olunub. Gün ərzində 35-40 nəfər yaralının müalicəsində istifadə edilməsi üçün Giger MD reabilitasiya cihazı alınıb.
Bundan əlavə, Vətən müharibəsində şəhid olan qəhrəman hərbçilərin ailə üzvlərinin, müharibədə yaralanaraq əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların sosial ödənişlərlə təminatı istiqamətində müharibədən sonra elə ilk günlərdən müvafiq işlərə başlanıldı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə Vətən müharibəsi şəhidlərinin 8 minədək ailə üzvünə 16 minədək sosial ödəniş (Prezident təqaüdü, müavinət və ya pensiya) təyin olunub, Cari ildə “Müharibə veteranı” adı verilmiş 81 856 şəxsə də Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yekunlaşdırılıb. Ümumilikdə 93 min nəfərə 104 min sosial ödəniş təyin olunub. Şəhid ailələri, müharibə əlilləri üçün sosial ödənişlərin məbləği 2021-2022-ci illərdə orta hesabla 60 faiz artırılıb.
Mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 587 mənzil, postmüharibə dövründə isə 3587 mənzil verilib. Ümumən ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.
Postmüharibə dövründə 264 müharibə əlilinə avtomobil verilib. Bugünədək bu kateqoriyadan olan 7450 şəxs avtomobillə təmin olunub. Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 iyul 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib.
Lakin son zamanlar bu cür dəstək tədbirlərinə, dövlətin, şəxsən dövlət başçısının istər Birinci, istərsə İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, qazilərə göstərdiyi yüksək diqqət və qayğısına kölgə salmaq, aparılan ümumi işə xələl gətirmək kimi mənfi tendensiyalar müşahidə edilməkdədir. Xüsusilə də bəzi media subyektləri qazilər arasında intihar halları ilə bağlı müxtəlif xəbərlər yayaraq dövlətin həyata keçirdiyi islahatları qaralamaq, xalqda orduya qarşı dərin inamsızlıq yaratmaq məqsədi güdürlər. Danılmaz faktdır ki, qazilərin, şəhid ailələrinin problemlərindən istifadə edən xeyli sayda mənfur qüvvələr olub, bu gün də var. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında da qeyd olunduğu kimi, tək-tək hallarda rast gəlinən belə hadisələrin səbəb və detallarının araşdırılmadan yayınlanması jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz. Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi, intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, onların təbliğinə yol verilməməlidir. Unutmaq olmaz ki, mətbuatda belə əsassız məlumatların yayılması azyaşlılara, yeniyetmələrə, əhalinin həssas qruplarına, fiziki, əqli və mənəvi inkişafına ziyan vuran amillərdir.
Həmçinin Azərbaycan Mətbuat Şurası tərəfindən ölkə jurnalistlərinə edilən müraciətdə deyilir ki, jurnalist peşesinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir. Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir. Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önəmini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olay: baxış sayı toplamaq izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir. Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimalı böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə ziddir.
Bəli, baş verən hadisədən sui-istifadə etmək cəhdləri utancvericidir. Çünki insan acısından özünün siyasi məqsədləri üçün istifadə etmək, qazanılan qələbəyə kölgə salmaq niyyətləri həm millətimizə xas olan yüksək milli-mənəvi keyfiyyətlərdən, həm də ədalətli, əxlaqlı siyasi mübarizə qanunlarından kənardır. Qazilərin üzərindən siyasət yürütməzlər. Başqasının bədbəxtliyi üzərində özünün cılız siyasi iddialarını həyata keçirmək, xeyrini güdmək olmaz. Azərbaycan milləti və dövləti buna heç bir zaman icazə verməz.

