Cəmiyyət 

Ana dili xalqımızın milli sərvətidir

Hər bir xalqın varlığı, milli kimliyi ilk növbədə milli mənəvi  dəyərlərində ehtiva olunur. Həmçinin reallığa söykənən bu mühüm məqam da daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə doğru inamla addımlayan xalq hər zaman  tarixin sərt sınaqlarındam şərəflə çıxacaq. Bu fikirlər Azərbaycan  xalqının timsalında özünü doğruldur. Bütün dövrlərdə dilinə, milli- mənəvi dəyərlərinə, tarixinə, mədəniyyətinə bağlılıq nümayiş  etdirərək onların inkişafı istiqamətində mühüm addımlar atan Azərbaycan dünyanın diqqət mərkəzində olub. Məhz keçilən yola söykənərək ulu öndər Heydər Əliyev bildirmişdir ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.  Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşib. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı  göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyil.

Ümummilli Liderin  milli-mənəvi, dini dəyərlərimizin, dilimizin qorunması,  tariximizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yönümündə atdığı davamlı addımların miqyası genişdir. Dahi şəxsiyyət, eyni  zamanda, gənclərə bu çağırışı edirdi ki, tariximizi yaxşı öyrənin, dilimizi, milli mənəvi dəyərlərimizi qoruyun.  Ulu Öndərin 2001-ci il  18 iyun tarixli “Azərbaycan dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında”,  2001-ci il 9 avqust tarixli  “Azərbaycan əlifbası və   Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanları da deyilənlərin təsdiqidir. Gənc nəslin milli ruhda tərbiyə olunmasının  prioritetliyi bütün dövrlərdə atılan addımlardan aydın görünür.   Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən
Prezident İlham Əliyev “Ana dilimizə hörmət və qayğı daimi olmalıdır” bildirərək bunu real addımları ilə təsdiqləyir. Ana dilimizi  xarici təsirdən qorumalıyıq. Azərbaycan xalqının, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili  müstəsna rol oynamışdır. Dilimizin saflığını daim qorumalıyıq.

Dövlət başçısı İlham Əliyevin 2018-ci  ildə imzaladığı “Azərbaycan  dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı da məhz bu  məqsədə xidmət edir. Sənəddə də qeyd edilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə  vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz  imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də  kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında,  internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi  dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi də inkaredilməz  həqiqətlərdir. Məhz bu problemlərin həlli məqsədilə imzalanan  Fərmana  əsasən dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil  normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən  maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası  yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradıldı. Əsas olan budur ki, milli varlığımız kimi dəyərləndirdiyimiz dilimizə hörmətlə  yanaşaq, onun tətbiqi ilə bağlı həyata keçirilən təkmilləşmə, yeniləşmə proseslərinə  töhfəmizi verək.

Azərbaycanın zəngin tarixinin formalaşmasında önəmli rolu və xidmətləri olmuş böyük şəxsiyyətlərimiz ana dilimizi mənəvi Vətən kimi dəyərləndirmişlər. Dil, xalq və dövlət anlayışları  bəşər tarixində önəmli yer tutduğu  kimi, qloballaşma dövründə də həmin dəyərini  qoruyub saxlamaqdadır. Reallıq budur ki,  dil olmasa xalqlar, xalq olmasa dövlətlər bir-birindən fərqlənməzlər. Bir sözlə,  xalqı onun  dili, dövləti isə onun xalqı yaşadır. Məhz bu kontekstdən yanaşdıqda  hər bir dövlətin təhlükəsizliyi ilə bağlı amillər sırasında  dilinin qorunması və zənginləşdirilməsi  əsas yer tutur ki, dövlətimizin bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqətdədir. Nəzərə alsaq ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır, bu halda onun əsasını təşkil edən dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin inkişaf etdirilməsinin prioritetliyi özünü daha qabarıq şəkildə büruzə verir.

Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri

Daha çox xəbərlər