Siyasət 

Ya olacaq, ya da olacaq!

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Azərbaycan yüksək keyfiyyətlə və qısa müddətdə Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisini başa çatdırdı. Bu da dövlətimiz tərəfindən götürülmüş öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir. Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhərinin, eləcə də bu rayonun Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır. Yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistanın ərazisindən keçən hissəsinin tikintisinin vaxtının uzadılması bu ölkənin öz öhdəliklərinin icrasına necə yanaşdığını göstərir. Azərbaycan isə hər zamankı kimi konstruktivlik nümayiş etdirir.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu öz növbəsində erməni əhalisinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaq. Göründüyü kimi, Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq münasibətlərin normallaşması, sülhün və əmin-amanlığın təminatı üçün addımlar atır. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişə süni maneələr yaradır. Belə ki, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir. Bununla belə, bölgədə baş verən proseslər, dövlətimizin başçısının qətiyyətli mövqeyi, ölkəmizin artan gücü Azərbaycanın Zəngəzur dəhlizi məsələsində də öz istəyinə çatacağını deməyə əsas verir. Azərbaycanın Qarabağda həyata keçirdiyi işlər ölkəmizin verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqliyinin nümayişidir.

Ümumiyyətlə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıq yaradıb və şərtləri özü diktə edir. Ölkəmiz Vətən müharibəsində təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən, azərbaycanlı keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Bu mənada Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin, keçmiş məcburi köçkünlərimizin uzun illər pozulmuş qalan hüquqlarının da bərpasıdır.

Qarabağdakı qondarma qurum köçə görə hər ailəyə 100 dollar təzminat və ev almaq üçün 24 min dollarlıq arayış vəd edib. Onlara əşyalarını daşımaları üçün yük maşınları verilib və ən əsası isə onlara məskunlaşdıqları evləri salamat qoyub tərk etmələri barədə xəbərdarlıq edilib. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra Laçın şəhərində 50 nəfərə yaxın erməni qalıb. Laçın rayonunun böyüklüyünə görə üçüncü yaşayış məntəqəsi – Sus kəndini isə sakinlər artıq tərk edib. 1992-ci ilin mayında ermənilər tərəfindən zəbt edilmiş Zabux kəndində hələ də bir neçə nəfər Suriyadan gətirilərək məskunlaşdırılan erməni qalıb. Laçının ermənilər tərəfindən süni məskunlaşdırılması beynəlxalq humanitar donorların vəsaiti hesabına həyata keçirilib. Qanunsuz məskunlaşdırmaya görə bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür. Bu ərazilərdə məskunlaşanların mütləq əksəriyyətinin Ermənistana köçmək istəməsi də onu göstərir ki, onların bölgəyə heç bir aidiyyəti yoxdur. Hətta ermənilərin gedərkən evlərini, meşələri yandırmaları onların buralara bir daha qayıtmaq ümidinin olmamasını, xislətini, barbarlığını göstərir. Halbuki o vaxt azərbaycanlılar doğma yurdlarından didərgin salınanda nə vaxtsa oraya yenidən qayıdacaqlarını bildikləri üçün heç bir yanğın və ya dağıntı törətməmişdilər. Çünki bölgənin əsl sahibləri azərbaycanlılardır və bu əhali bilirdi ki, tez-gec doğma yurda qayıdacaqlar. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin sakinləri doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər. Bütün bunlar Azərbaycanın öhdəliklərə sadiq olduğunu, Ermənistanın isə ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini və vaxt uzatmağa çalışdığını nümayiş etdirir. Amma Ermənistan hakimiyyəti unudur ki, vaxt uzatmaq onların əleyhinə işləyir. Çünki Azərbaycanın artan iqtisadi qüdrəti, hərbi gücü, beynəlxalq arenadakı nüfuzu qarşısında Ermənistanın düşdüyü bugünkü acınacaqlı vəziyyət onlar üçün yaxşı heç nə vəd etmir. Ona görə də Ermənistan mövcud reallığı dərk etməli, yaxın keçmişdən dərs çıxarmalı, azərbaycanlıların doğma yurda qayıdışına maneə törətməməli, Zəngəzur dəhlizi ilə bağlı məsələdəki mövqeyində dönüş yaratmalı və tez bir zamanda sülh müqaviləsi ilə bağlı proseslərə başlamalıdır.

Daha çox xəbərlər