Ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
1990-cı illərin əvvəlləri Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi yadda qalmışdır. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərmişdir. 1991-ci il 3 sentyabrda Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası çağırılmışdır. Həmin sessiyada Heydər Əliyevi yekdilliklə Ali Məclisin sədri seçildi. Onu da qeyd etmək istərdim ki, Ulu öndərin Naxçıvandakı fəaliyyəti zamannı Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqında fərman verməsi olmuşdur.
Sarsılmaz əqidəyə, möhkəm iradəyə malik olan Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir. Heydər Əliyevin siyasi kursu sayəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamışdır. Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət apararaq xalqı öz ətrafında birləşdirməyi bacarmışdır.
Heydər Əliyevin Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. İlk olaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər etmişdir..
Ulu Öndər Azərbaycanın siyasi sahədə qazanılan nailiyyətləri beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Eyni zamanda, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasındadır. Ölkəmizdə bütün sahələrin inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyimizin qarantı qismində çıxış edir.
Heyder Əliyev Azərbaycana gəlişindən sonra xidmətləri haqqında danışmaq, cildlərlə kitablar yazmaq olar.Bu haqda kitablar yazılır və yazılmaqdadır.Çünki o, dünya şöhrətli Azərbaycanlı, dövlət xadimi və lider kimi adını dünya tarixinə yazmışdır!
Tünzalə Əliyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

