Əsas səhifə 

Tarixi missiya

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu öndərin Naxçıvanın çətin vaxtlarında buraya qayıtması bu qədim Azərbaycan torpağını təhlükədən sovuşdurdu. Ən əsası bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı.

Azərbaycan xalqının qan yaddaşında silinməz iz qoymuş 20 Yanvar faciəsinə də ilk dəfə siyasi qiymət Naxçıvan MR Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsini işləyib Ali Məclisin sessiyasının müzakirəsinə təqdim etdi. Həmin gün Ali Məclisin binası önünə toplanmış xalq kütlələrinin ciddi tələbi, muxtar respublika deputatlarının fəallığı və Heydər Əliyevin böyük siyasi nüfuzu nəticəsində qəbul olunan bu qərarda ilk dəfə Qanlı Yanvar hadisələrinə düzgün siyasi qiymət verilmiş, bu hadisədə SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı qeyd olunmuş və onların adları açıq göstərilərək məsuliyyətə cəlb edilmələri tələb edilmişdi.

1991-ci il sentyabrın əvvəllərində Naxçıvan MR-nın ictimai-siyasi həyatında onun müqəddəratını həll edəcək mühüm hadisələr baş verdi. Sentyabrın 3-də keçirilən və tariximizdə özünəməxsus yer tutan Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri seçildi. Bu, Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə idi.

1991-ci ilin ikinci yarısından etibarən Azərbaycanda hakimiyyət böhranının dərinləşməsi demək olar ki, son həddə çatmışdı. Etibarını itirmiş Azərbaycan Kommunist Partiyası artıq səlahiyyətlərini də itirməkdə idi. Naxçıvan Vilayət Partiya Komitəsi də muxtar respublika Ali Məclisinin sessiyalarının keçirilməsində maraqlı ola bilmirdi. Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da sözün əsl mənasında elan olunmamış fövqəladə şərait yaranmışdı. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli fövqəladə sessiyasının çağırılması ölkədə, o cümlədən regionda yaranmış çətin və mürəkkəb vəziyyətin tələblərindən irəli gəlmişdi.

Sessiyanın gündəliyinə həmin tarixi mərhələnin aktual məsələləri daxil edilmişdi. Fövqəladə sessiya ölkədə Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsinə münasibət bildirməli idi. Eyni zamanda, gündəliyə daxil edilmiş Azərbaycan Kommunist Partiyası təşkilatının fəaliyyətini davam etdirib-etdirməməsi məsələsi də cəsarətli münasibət tələb edirdi. Gündəlikdə nəzərdə tutulan məsələlərin hamısı fövqəladə zamanın meydana çıxardığı aktual problemlər idi, Azərbaycan üçün taleyüklü məsələləri əhatə edirdi. Bu problemlərin həllinə təsir göstərmək Azərbaycanda müstəqil dövlətçilik prosesinin dərinləşdirilməsinə və sürətləndirilməsinə xidmət edirdi. Ancaq həmin məsələlərin müsbət həlli Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında bu ali hakimiyyət orqanının sədri seçiləcək şəxsin siyasi iradəsindən, cəsarəti və uzaqgörənliyindən çox asılı idi. Buna görə Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının həll edəcəyi ən əsas vəzifə təşkilati məsələ idi.

Həmin gün Ali Məclisin binası qarşısına toplanmış minlərlə insan Heydər Əliyevin seçilməsini tələb edən bəyanatlarla çıxış edirdi. Lakin sessiyanın keçirilməsinə qədərki mərhələdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, MR Ali Məclisinin üzvü kimi ölkədə, o cümlədən  regionda gedən ictimai-siyasi proseslərdə sözünü deyən, cəmiyyət həyatının demokratikləşdirilməsinə ciddi təsir göstərən, xüsusən özünü bütövlükdə dövlət müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Heydər Əliyev heç bir rəsmi dövlət vəzifəsi daşımaq niyyətində olmadığını bildirmişdi. Naxçıvan MR Ali Məclisinin 3 sentyabr 1991-ci il tarixli sessiyasının iclasında da o, dörd dəfə çıxış edərək namizədliyini irəli sürənlərə minnətdarlıq duyğularını ifadə etməklə yanaşı, böyük təkidlə bu məsələnin səsə qoyulmamasını xahiş etmişdi. Lakin xalqın və Naxçıvan MR Ali Məclisi deputatlarının təkidi ilə Heydər Əliyev ölkə və region üçün fövqəladə şəraitdə və fövqəladə hal olaraq çağırılması zəruri sayılmış sessiyada bu ali dövlət qurumunun rəhbəri seçilməsinə razılıq verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri MR ərazisindən çıxarıldı. Ulu öndərin ən böyük xidmətlərindən biri Naxçıvanı işğal təhlükəsindən xilas etməsi idi. Ali Məclisin Sədri Heydər Əliyevin Türkiyə və İrana səfərləri, apardığı danışıqlar regionda blokada şəraitinin yaratdığı böhranın aradan qaldırılması, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Heydər Əliyev Naxçıvan MR-nın rəhbəri olduğu dövrdə muxtar respublikada elmin, təhsilin, mədəniyyətin, siyasi maarifçiliyin ictimai faktora çevrilməsi, inkişaf etdirilməsi məsələlərinə əhəmiyyət verilmiş, bu sahələrdə ciddi, yaddaqalan tədbirlər həyata keçirilmişdi.

Ümummilli liderin Heydər Əliyevin 1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanda dövlət müstəqilliyi uğrunda gedən prosesə ciddi təsir göstərdi, xalqı istiqlal mücadiləsinə doğru istiqamətə yönəltdi. Bu, xalqın böyük arzusu və tələbi ilə dünya miqyaslı siyasətçi Heydər Əliyevin böyük siyasətə yenidən qayıdışının həlledici mərhələsi idi. Qarşıda isə ulu öndəri daha çətin, eyni zamanda şərəfli bir missiya – Azərbaycanı xilas etmək missiyası gözləyirdi.

Qarat Qaratov,
Bakı şəhəri Ə.Abbasov  adına 257 nömrəli tam orta məktəbin direktoru

Daha çox xəbərlər