Media və təhsil dialoqu
KİV nümayəndələri üçün bu mövzuda təlim-seminarın ilk günü başa çatıb
Sentyabrın 8-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün təşkil edilən “Media və təhsil dialoqu” mövzusunda təlim-seminarın ilk günü öz işini yekunlaşdırıb.
Azərbaycan-Fransız Universitetində təşkil edilən təlimdə nazirliyin regional təhsil idarələrinin, eləcə də tabe qurumların PR əməkdaşları da iştirak edirlər.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov tədbiri giriş sözü ilə açaraq təlim-seminarın əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu formatda tədbirlərə 2014-cü ildən başlanılıb.
Günün birinci yarısında elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri”, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri”, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov “Peşə təhsilindən gözləntilər” mövzularında təqdimatlarla çıxış ediblər.
Günün ikinci yarısında İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Müəllimlərin işə qəbulu prosesi”, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli “Elm və ali təhsil sahəsində yeni addımlar”, İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.
Sonra təqdimatlar ətrafında geniş müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb.
Təlimin sonunda iştirakçılar arasında intellektual oyun təşkil edilib, qaliblər mükafatlandırılıb.
Qeyd edək ki, təlimin məqsədi təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və təhsil sahəsi üzrə görülən işlərin, yeniliklərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
Sentyabrın 9-da təlim öz işini davam etdirəcək.

