ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ
ÇARİZMİN İŞĞALÇILIQ SİYASƏTİ ÜMUMTÜRK TARİXİ KONTEKSTİNDƏ-Qızıl Orda və ondan törəmə tatar xanlıqları
(tarixi-etnoqrafik oçerklər)
K A Z A N X A N L I Ğ I
Qasım elitası nümayəndələrinin ruslarla bu qədər yaxınlaşmalarını, doğmalarından üz çevirib onlarla qaynayıb-qarışmalarını necə izah etmək olar?- sualına cavab olaraq yəqin ilk növbədə onu xatırlamalıyıq ki, məhz Moskvanın lütfü sayəsində bu əldəqayırma xanlıq ana dövlətindən- Kazan xanlığından az qala 200 il çox- XVII əsrin sonlarına qədər “yaşamış”, Qasım xanlığına xərac ödənilməsinə dair Uluğ Məhəmmədlə imzalanmış müqavilə isə 1553-cü ilədək qüvvədə qalmışdır. Amma deyilənlər Qasım xanlığının ayrıcalığını açıqlamaq üçün kafi deyil. Ruslarla Qasım tatarları arasında dil, din, həyat tərzi, məişət, adət-ənənə parametrləri üzrə zərrəcə uyğunluq yox idi. Müşahidələr göstərir ki, siyasi amillər belə bu fundamental uyğunsuzluğu əvəzləmək, əritmək, yaddan çıxarmaq gücündə deyil. Dünyaya tamamilə başqa qütblərdən, başqa rakurslardan baxan iki qövmün bu dərəcədə yaxınlaşması və siyasi cəhətdən belə asanlıqla qovuşub az qala eyniləşməsi, adətən, xeyli vaxt və zəhmət tələb edir, həm də müxtəliflikdən doğan labüd eksseslər bahasına başa gəlir. Bu mənada Qasım xanlarının yerli xalqı yeni siyasi situasiyaya alışdırmaq, yadlarla birgəyaşayışa təşviq etmək, yabançı mədəni şəraitə uyğunlaşdırmaq üçün böyük əziyyətlərə qatlaşdıqları öz-özlüyündə aydın məsələdir. Yalnız öz xanının, yaxud oba və ya boy bəyinin hakimiyyətinə boyun əyməyə, onların əmrlərinə qeyd-şərtsiz itaət göstərməyə adət etmiş sadə xalqı başa düşmək çətin deyil. İş burasındadır ki, bütün müsəlman dünyasında olduğu kimi, Qızıl Orda regionunda da kütləvi siyasi dünyagörüş “dinü dövlət” (din və dövlət) düsturu ilə şərtlənir, iki imperativ amilin- dinin və dövlətin iç-içə, vahis bütöv şəklində yaşaması prinsipinə söykənirdi. Din- aydındır ki, İslamdır. Dövlət deyəndə isə yerli müsəlmanlar hər şeydən əvvəl öz xanlarının hakimiyyəti altında yaşamağı başa düşür, dövlət anlayışını sadələşdirilmiş şəkildə məhz bu tipli hakimiyyətə müncər edirdilər. Bu hesabla, Qasım xanlığında hökm sürən kütləvi rəyə əsasən, burada “dini dövlət” prinsipi gözlənilirdi: müsəlman əhali öz əqidəsində qalır, dini vacibətlərini yerinə yetirir, eyni zamanda, rəsmən, formal olaraq öz dövlətində, öz xanının tabeçiliyində yaşayırdı. Üstəlik dilini, törəsini də saxlayır, həyat tərzinə, yaşayışına kobud müdaxilə olunmurdu. Bu əlahiddə şərtlər daxilində istənilən insan kütləsinin zaman keçdikcə, ətraf aləmə uyğunlaşması, yad və yabançı qruplarla dinc yanaşı yaşamağı öyrənməsi sosial qanunauyğunluqlara da uyğundur. Lakin, əlbəttə ki, labüd çətinliklərin dəf olunması naminə Qasım xanları izafi problemlərlə üzləşməli, ən əsası isə hakimiyyət ambisiyalarını müəyyən çərçivədə məhdudlaşdırmalı idilər. Çingiz övladlarının müqəddəs sayılan mütləq hakimiyyəti rus voyevodaları ilə bölüşməsi Qasım xanlığına qədər görünməmişdi. Məntiqlə, gərək onları kafirə boyun əyməyə, sırf nominal “hakimiyyət”lə razılaşmağa vadar edəcək kifayət qədər ciddi və böyük bir səbəb olaydı. Nə idi bu səbəb? Söyləmək çətindir. Yalnız fərziyyə (o da çox zəif) qura bilərik.
Tarixdən dəqiq məlumdur ki, Qasım xan sülaləsinin gözü həmişə Kazan taxtında olub. Bəzi mənbələrdə bu Kazan sevdasının başlanğıc tarixi kimi 1445-ci il göstərilir. Həmin il Uluğ Məhəmmədin oğlu Mahmud, qardaşları Yaqub və Qasımı Kazandan qovaraq taxta oturmuş və nəslin budaqları arasında qəvi düşmənçiliyin əsası da o zaman qoyulmuşdu. Nəzərə alsaq ki, Ulu yurd- Volqa hövzəsi, ələlxüsus Kazan sonralar da zaman-zaman qardaş obalar, boylar, qəbilələr, xanlıqlar arasında “nifaq alması” olub, onda əsrlərcə sürən bu ixtilafın məhz Uluğ Məhəmmədin oğlanlarından başladığını arxayınlıqla fərz edə bilərik. Şübhə yoxdur ki, Kazan taxtına- ən azı, nəzəri olaraq!- Mahmudun övladları qədər Qasımın uşaqlarının da haqqı çatırdı və Qasım özü, yaxud oğlanları “ata yurdu”nda rusların dəstəyi və təzyiqi olmadan da hakimiyyət iddialarını gerçəkləşdirə bilərdilər. Kazan xanlığı onların da babalarının mülkü sayılırdı, onlar da bu mülkə iddia etməkdə özlərini haqlı bilirdilər və bu mənada Qasım xanlarının taxt iddiasında təbii olmayan heç nə yoxdur. Qəribəsi burasıdır ki, onlar sanki öz xalqlarından üz döndərmiş, köklərindən ayrılmış, Kazan taxtına rus süngüləri üzərində gəlməyi özlərinə rəva görmüş, sona qədər də bu yolla hərəkət etmişlər. Moskva knyazlığının xarici siyasətində baş verən dönüş (XVI əsrin 40-50-ci illərində Rusiyanın Şərq siyasəti, o cümlədən, Kazan xanlığına münasibətdə strateji kursu dəyişmiş, şərqə və cənuba doğru genişlənmək, Volqadan Urala, Kazandan Xəzər dənizinə qədər əraziləri istila və ilhaq etmək ideyası ön plana çıxmışdı və hərbi şuranın 1552-ci il kampaniyasının planlaşdırıldığı iclasında Qasım xanlığının başçısı kimi iştirak etmiş Şahəli bunu bilməmiş deyildi) belə onları tutduqları yoldan çəkindirməmişdir. Kazanın Rusiyaya birləşdirilməsindən sonra Qasımovda yaşayan Şahəlinin öz dəstəsi ilə ruslar tərəfdən Livon müharibəsi cəbhələrində döyüşməsi də maraqlı faktdır və ona dəlalət edir ki, Qasım xanlarının (ən azı Kazan alındıqdan sonra) artıq Moskvadan başqa istinad yeri qalmamışdır. Qızıl Ordanın digər varisləri ilə bütün körpülər artıq yandırılıb və onlar üçün geriyə yol, sadəcə, yoxdur. Sözü uzatmağa da hacət yoxdur və görünür, “Qasımov müəmması”nı istər-istəməz tərbiyə amili ilə əlaqələndirməli, bu ehtimala əsaslanmalıyıq.
Rusların Kazan strategiyasının dəyişməsi, işğalçı siyasətə keçid və bunun səbəbləri
Rusiyada mərkəzdənqaçma meylləri öz hərbi-siyasi məharəti ilə Moskva knyazlığını güclü bir dövlətə çevriməyi bacarmış III İvanın xəstəliyi dövründə üzə çıxmağa başlamışdı, onun ölümündən sonra isə sürətlənmiş, güclü boyar ailələri arasında nüfuz savaşları ölkəni başına almış, parçalanma başlamış və get-gedə dərinləşmişdi. 1533-cü ildə III Vasili vəfat edəndə onun taxtına böyük oğlu İvan keçirildi. Lakin böyük knyazın cəmi 3 yaşı vardı və dövlətin idarəçiliyi ilə 7 nüfuzlu boyardan ibarət Boyarlar Duması məşğul olurdu. Səltənət naibəsi olaraq İvanın anası Yelena isə knyazlığın birinci şəxsi sayılırdı. Yelena məşhur Qlinskilər (oxucu üçün maraqsız olmaz ki, bu nəsli Qızıl Orda xanı Mamayla əlaqələndirən tarixçilər belə bir rəvayətə əsaslanırlar ki, güya böyük xanın oğulları onun ölümündən sonra Böyük Litva knyazlığına sığınmış, üsyan qaldırıb məğlub olduqdan sonra Moskvanın təbəəliyinə keçən Mixail Qlinskiyə qədər orada yaşamışlar. Özünü Mamay xanın oğlu Mansur Kiyatın varisi hesab edən Mixail, nəslin ağsaqqalı və Yelenanın böyük əmisi idi) ailəsinə mənsub olduğundan real hakimiyyət də tezliklə bu nəslin əlində toplandı. Lakin güc və sərvət sahibi olan başqa sülalələr də hakimiyyətdən pay umurdular. Moskva sarayına təsir iqtidarında olan köklü feodal nəsillərinin başçıları çarın ölkəni idarə edə bilməməsini bəhanə gətirərək, Qlinskilərin hakimiyyətini bölüşmək üçün qüvvələrini birləşdirdilər. “Boyar idarə üsulu” Moskva siyasi hakimiyyət dairələrində hökm sürən kəskin ziddiyyətlərin ifadəsi kimi meydana çıxdı və Yelena Qlinskayanın ölümündən (1538) sonra da xeyli davam etdi. Taxtın formal sahibinin müxtəlif güc mərkəzlərindən, təsir qruplarından asılı vəziyyətə düşməsi ölkədə özbaşınalığı artırır, hakimiyyət boşluğu yaradırdı. Taxta çıxdığı gündən saray intriqaları məngənəsinə düşən gənc İvan Vasilyeviç (1533-1584, 1547-ci ildən ilk rus çarı) onu öz tərəfinə çəkməklə rəqiblərini gücdən salmağa çalışan boyarların oyuncağına çevrilmişdi. Lakin sövq-təbii ilə olsa da vəziyyətin çətinliyini anlayır, gerçək hakimiyyəti əldən vermək istəməyən nəsil və klan başçılarını öz “mütləq iradəsi”nə tabe etdirmək üçün yollar axtarırdı.
Sözarası qeyd edək ki, İvan Vasilyeviçin 1577-ci ildə Andrey Mixayloviç Kurbskiyə yazmaq məcburiyyətində qaldığı məktublar onun gənclik illərində “seçilmiş boyarlar radası”- hökumət qrupu tərəfindən məruz qaldığı siyasi məhrumiyyətlər barədə dolğun təsəvvür yaradır. Knyaz Kurbski həmin qrupun üzvlərindən olmuşdu və onlara qarşı İvanın sonralar başladığı repressiyalardan canını qurtarmaq üçün 1564-cü ildə Litvaya, kral Sigizmund Avqusta pənah aparmış, bir müddət Livoniya ordusunda qulluq etmiş, yüksək hərbi rütbələr qazanmışdı. Vaxtilə Kazan yürüşündə də iştirak etmiş Kurbskini XVI əsrin parlaq siyasi simalarından biri kimi məşhurlaşdıran isə Litvadan çar İvana yazdığı məktubda onu Rusiya qarşısında böyük xidmətlər göstərmiş dövlət adamlarına divan tutmaqda, ölkəni uçuruma sürükləməkdə, daxili və xarici uğursuzluqlarda günahlandırması olmuşdu. Məktubun bütün Avropada (təbii ki, ilk növbədə Rusiyada) böyük əks-səda verməsi çar İvan Qroznını Kurbski ilə yazışmağa vadar etmişdi. Cavab məktublarından birində o, boyar özbaşınalığı dövrünü belə xatırlayırdı: “Siz mənim hakimiyyətimi əlinizə keçirdiniz və ölkəni istədiyiniz kimi idarə etdiniz. Sözdə mən hökmdar olsam da, əslində heç bir şeyə sahib deyildim. Mən necə müsibətlər çəkdim, sizin nə qədər haqsızlıq və tənənizə məruz qaldım”. Başqa bir məktubda çar, Vasili və İvan Şuyski qardaşlarını nəzərdə tutaraq yazırdı ki, “onlar çarın taxtında oturdular”. İvan Vasilyeviç “kollektiv böyük knyaz”lıq iddiasına düşmüş qeyri-qanuni hökumət qrupunun başlıca xarakterik əlamətləri üzərində məxsusi dayanırdı: “Hökmdarsız çarlığı ələ keçirəndən sonra hərc-mərclik saldılar, dövlət xəzinəsini qarət etməyə, çarın qohumlarını və çar hakimiyyəti tərəfdarlarını cəzalandırmağa başladılar” (qeyd etmək lazımdır ki, İvan Vasilyeviç özü də hakimiyyəti tam şəkildə əlinə aldıqdan sonra keçmiş əleyhdarlarına qarşı eyni amansızlıqla davranmış, ömrünün axırına qədər onları bağışlamamış, çoxunu qətl etdirmiş, sağ qalanlarını isə ölkədən pərən salmışdı).
Belə bir qarmaqarışıq şəraitdə real təhlükə ilə üzləşən IV İvan rus pravoslav kilsəsinə, şəxsən mitropolit Makarinin mərhəmətinə sığınmaqdan başqa çıxış yolu tapa bilməmişdi. Lakin bununla kilsə və din xadimlərinin təsirinə düşəcəyinin fərqinə varmamışdı. 1546-cı ilin dekabrında mitropolitin məsləhəti ilə o, dövləti idarə etmək iqtidarında olduğunu boyarlar qarşısında qəti şəkildə bəyan etdi və hakimiyyəti tam şəkildə ələ almaq üçün siyasi iradəsini ortaya qoydu. Beləliklə, Belski, Şuyski, Qlinski hökumətlərinin yerini Makarinin şəxsində yüksək rütbəli kilsə ruhaniləri aldılar. İvan Vasilyeviç “ruhani ata”nın məxsusi olaraq Novqoroddan gətirtdiyi protoirey Silvestrin qəyyumluğuna verildi və daha 6 il (1547-1553) onun rəhbərliyi altında hökm sürdü (Kurbskiyə məktublarından aydın olur ki, onun rəsmi qəyyumu keşiş Silvestr də tezliklə boyarların tərəfinə keçir. Çarın Kurbskiyə cavab məktublarında deyilir: “Əgər keşişlə sən mənə baş qaldırmasaydınız, bunların heç biri (sonrakı repressiyalar nəzərdə tutulur-N.M.) olmazdı” (məktublardan sitatlar T.Vəlixanlıya istinadən verilib). Bir çox tarixçilərin fikrincə, bu illərdə saray əyanlarından, təcrid edilən böyük knyazın yaxın əhatəsində cəmi bir nəfər mülki şəxs vardı- onun dostu, Kostroma mülkədarı Aleksey Fyodroviç Adaşev. Maraqlıdır ki, onun da mitropolitə yaxınlığı söylənilir. Biz, əlbəttə, Moskva sarayının qaranlıq künc-bucaqlarında baş vermiş fitnə-fəsadların təsviri ilə oxucunun diqqətini əsas mövzumuzdan yayındırmaq niyyətində deyilik. Lakin bir prinsipial məqamı vurğulamağa borcluyuq: IV İvan hakimiyyətinin 1542-1553-cü illər dövrünün “klerikal siyasət epoxası” adlandırılması əsassız sayılmamalıdır. Bu dövrdə Moskva dövlətinin pravoslav mahiyyət kəsb etməsi aşkar cizgilər alır, dövlətin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi ideyası orta əsrlər üçün xarakterik bir tərzdə müsəlman aləminə qarşı səlib yürüşləri ilə əlaqələndirilir, həmsərhəd “kafir torpaqlarının” ələ keçirilməsi, ilk növbədə Kazan xanlığının ortadan qaldırılması kimi əslində sırf siyasi məqsədlər kütləvi şüura dini vəzifələr kimi yeridilirdi. Beləliklə, Kazanın işğalı ölkə siyasətinin onurğa sütununa çevrilmiş ruhani sinfinin başlıca tələbinə çevrilmişdi. “Moskva- 3-cü Romadır”, “Moskva- bütün pravoslav slavyanlığın dayağıdır” tipli messian ideyalar yayan ayin, moizə və müraciətlərdə Roma və Bizansdan sonra bəşəriyyət tarixində ortodoksal xristianlığın sonuncu mərkəzi, bütöv bir sivilizasiyanın yeni qalası kimi məhz Moskva elan olunurdu. Təbii ki, bununla IV İvan dünya xristianlığının dini rəhbəri ranqına yüksəldilir və onun üzərinə “müqəddəs müharibə”nin davam etdirilməsi öhdəliyi qoyulurdu. Hələ atası III Vasilinin dövründə, 1523-cü ildə o vaxtkı mitropolit Daniil tərəfindən səsləndirilmiş “böyük knyaz bütün Kazan torpaqlarına sahib olacaq,”- fikri yenidən pravoslav ruhani zümrəsinin ümumi rəyi kimi qələmə verilir və İvan Vasilyeviçin siyasi proqramına daxil edilirdi.
Lakin bu fikri rus cəmiyyətinin digər hakim təbəqələrinə də aşılamaq lazım gəlirdi. Odur ki, təbliğat işi eyni zamanda, həm də dünyəvi maraqlar müstəvisinə keçirilir, Kazanın işğalı müstəsna iqtisadi-siyasi önəm daşıyan zəruri strateji hədəf kimi qələmə verilirdi. Kimliyi indiyə qədər müəyyən edilməsə də, mitropolit Makariyə yaxınlığı şübhə doğurmayan İvan Peresvetov təxəllüslü bir “dvoryan publisisti”nin 1547-1549-cu illərdə qələmə aldığı siyasi məqalələr bu cəhətdən xüsusi maraq kəsb edir. Mətbuat tarixçilərinin qənaətincə, ilk dəfə məhz İ.Peresvetov işğal siyasətinin “məqsədəmüvafiqliyini” əsaslandırmış və Moskva Rusunun böyük sosial təbəqələrinin- hərbçilərin, ruhanilərin, mülkədarların və ticarət-sənaye kapitalı təmsilçilərinin ortaq maraqlarına cavab verdiyini “düstur”laşdırmışdı. Rus ictimai fikrində işğalçılıq siyasətinin ideoloqu kimi tanınan İ.Peresvetov İvan Vasilyeviçə ünvanladığı “Çarqradın türklər tərəfindən tutulması haqqında”, “Məhmət saltan haqqında hekayət” povestlərində, habelə “Böyük ərzi-hal”, “Kiçik ərzi-hal”, “Konstantinin hekayəti”, “Filosof və doktorların birinci və ikinci öncəgörmələri” əsərlərində İstanbul fatehi Sultan Məhmədi dünya tarixində mühüm yer tutan Avqust və Makedoniyalı İskəndərlə bir sıraya qoyur, ideal hökmdar və layiqli rəqib kimi rus çarına nümunə gətirirdi. IV İvanı “Məhmət saltan”ın siyasi xələfi olmağa, Kazan üzərinə yürüş keçirməkdə qətiyyət göstərməyə (və bununla Çarqradın-İstanbulun fəthinin əvəzini çıxmağa) səsləyən müəllif yazırdı: “Allahın köməyi ilə bütün rus torpağının böyük knyazı və ər çarı İvan Vasilyeviçin orduya müdrik rəhbərliyi sayəsində Kazan çarlığı fəth ediləcək və xristianlaşdırılacaq”. Peresvetov Moskva böyük knyazına bu böyük məqsəd uğrunda ölkədə qanun-qaydanı və orduda nizam-intizamı bərpa etməyi, ədalətli olmağı, voyevoda və döyüşçülərə qayğı göstərməyi məsləhət görür və Kazanın işğal edilməsinin onların maraqları ilə uzlaşmasını qələbə üçün vacib amil kimi ön plana çıxarırdı.
Kazan üzərinə yürüş ərəfəsində Moskva knyazlığının sosial-iqtisadi ehtiyaclarını dərindən araşdıran M.N. Pokrovski işğal ideyasının rus cəmiyyətində böyük cazibədarlıq qazanmasının səbəbləri üzərində daha ətraflı dayanır: “O dövrdə kasıb torpaq sahibləri öz təsərrüfatlarını genişləndirmək üçün yalnız bir maliyyə mənbəyinə ümid edə bilərdilər ki, bu da xəzinədən alınan ödənclər idi. Ödənc isə hərbi yürüşlərdə iştirak etmək müqabilində verilirdi. Odur ki, eyni zamanda, hərbi dəstə başçıları olan torpaq sahibləri müharibə siyasətinin qızğın tərəfdarı kimi çıxış edirdilər”. Onların niyyəti bir yandan talançılıq, qənimətçilik yolu ilə var-dövlət, o biri yandan işğal olunacaq ərazilərdə yeni torpaqlar əldə etmək idi. Mülkədarların müharibə istəkləri ticarət kapitalının da maraqları ilə üst-üstə düşürdü. İri rus tacirləri Şərq ölkələri ilə ticarətin əsas yollarından sayılan və Ə.Dəmirin təbiri ilə söyləsək, “min il ərzində “türk nəhri” adlanan” Volqa çayına çıxmağa, beləliklə də gəlirli beynəlxalq dəniz ticarəti şəbəkəsinə daxil olmağa çoxdan can atırdılar”. Daim Kazan bazarı ilə sıx əlaqədə olmuş rus tacirləri xanlığın ticarət üçün əhəmiyyətini yaxşı bilir və bu nəhəng beynəlxalq bazarın ələ keçirilməsinə ciddi maraq göstərirdilər.
XV əsrin sonlarına qədər bölgənin ən böyük yarmarkası Kazanda keçirilmişdi. Hər il iyunun 24-də açılan və bir neçə həftə davam edən Kazan yarmarkasına Qərbi Avropadan Türküstana qədər dünyanın bütün guşələrindən dövrün ən yüksək texologiyaları əsasında istehsal olunan məhsullar- qızıl və gümüşlə işlənən pambıq və ipək parçalar, nadir zinət əşyaları, qiymətli kürklər gətirilir və qısa müddətdə satılırdı. Səyyah və diplomatların qeydlərində Aşağı Volqaboyu və Şimali Qafqaz yolu ilə Kazan istiqamətində hərəkət edən karvanlardan, onların buraya gətirdikləri mallardan geniş söz açılır, yəhər və yüyənlərin, geyim və dəri əşyalarının karvan yolları ilə açıq, silah və dəmirin isə ya gizli, ya da xüsusi rüsxətlə daşındığı vurğulanırdı. Yaxın-uzaq ölkələrdən gəlmiş tacirlərlə birlikdə Kazan yarmarkasının daimi iştirakçıları arasında ruslar mühüm yer tuturdu. Onların yarmarkada həmişə xüsusi fəallıqları ilə seçildiklərini mənbələr də qeydə alır. Lakin 1505-ci və 1523-cü illərdə rus tacirlərinin burada hücuma məruz qalmasından qəzəblənən III Vasilini xüsusi fərmanla onların Kazan yarmarkasına getməsini qadağan etmişdi. Daha sonra isə Kazandan bir qədər yuxarıda, Makaryev monastrı yaxınlığında yeni bir yarmarkanın əsası qoyulmuş, əslində Kazan yarmarkasına alternativ bir ticarət mərkəzi yaradılmışdı (müsəlman tatar və türküstanlılar arasında “Məkərçə”/”Məkərə” adı ilə məşhur olan Makaryev yarmarkası sonralar Nijni Novqoroda köçürülmüşdü). Lakin Kazanın ticari əhəmiyyəti yalnız yarmarka ilə ölçülmürdü. 1476-cı ildə Volqaboyunda olmuş italyan diplomatı İosafat Barbaro yazırdı: “Ticarət mərkəzi olan bu şəhərdən Moskvaya, Polşaya, Prussiyaya və Flandriyaya böyük həcmdə xəz məmulatları daşınır. Xəzləri şimaldan və şimal-şərqdən, Dzeqatay (Çağatay?-N.M.) vilayətlərindən və Mordovadan alırlar”. Barbaro qeyd etməsə belə, Kazan xanlığının öz ərazilərində də çox sayda qiymətli xəz məmulatlarının hazırlandığı məlumdur. Bundan əlavə, Kazandan, həmçinin Moskva və başqa knyazlıqlara balıq, kətan parça, dəri malları, zərgərlik məmulatları, habelə Volqa vasitəsi ilə Şərq ölkələrindən gətirilən məhsullar- ədviyyat, mirvari, qızılla işlənmiş ipək parçalar, ətriyyat, quru meyvələr, şərab və s. daşınıb aparıldığı sənədlərlə təsdiqini tapır. Avstriya elçisi S.Gerbenşteynin yazdığına görə, duz almaq üçün Moskvadan Kazan və Həştərxana gələn gəmilərin ardı-arası kəsilmirdi.
Beləliklə, Kazan xanlığının təbii sərvətləri və beynəlxalq idxal-ixrac əməliyyatları üçün əlverişli coğrafi mövqeyi Moskva knyazlığının işğalçılıq siyasətini stimullaşdıran əsas şirnikləşdirici amillərdən olub, əhalinin müxtəlif təbəqələrini qarşıdakı hərbi əməliyyatlarda fəal iştirak etməyə həvəsləndirirdi. Rus cəmiyyətinin başlıca güc mərkəzləri və təsir dairələri bərəkətli Volqaboyu ərazilərinin ilhaqı ideyası ətrafında birləşmiş və səfərbər olunmuşdu.
Planlar, hazırlıqlar, ilk yürüşlər
Kazanla qarşılıqlı münasibətlər sxemində baş verən prinsipial dəyişiklik 1545-1550-ci illərin hadisələrində özünü çılpaqlığı ilə göstərdi. Moskva bu illərdə aramsız saray çevrilişləri, klan və qruplaşmaların didişməsi nəticəsində zəifləyən Kazan xanlığı üzərinə bir neçə yürüş təşkil etmiş, lakin müvəffəqiyyət qazanmamışdı. 1549-cu ildə Səfa Girey xanın ölməsi ilə hadisələr həlledici fazasına keçdi. Krımdan yeni xanın göndərilməsi ləngidiyindən taxta Səfa xanın azyaşlı oğlu Ötəmiş çıxarıldı, anası Suyumbikə isə xanın naibəsi oldu. Suyumbikə Noqay əmiri Yusuf mirzənin qızı idi. Milli ruhda tərbiyə almış, əri Səfa xanın işğalçılara qarşı mübarizəsində ona dayaq olmuş Suyumbikə Kazandakı “millətçi partiya”nın liderlərindən biri kimi tanınırdı. Səltənət naibəsi kimi fəaliyyətində də millətçi qüvvələrin güclənməsinə çalışır, xanlığın idarəçilik işlərində onlara arxalanırdı. Sarayın, xanın və Suyumbikənin özünün mühafizəsi oğlan Koşçakın (başqa mənbələrdə Kuçak; görünür, Qocaq adının tatarca qarşılığıdır) başçılıq etdiyi Krım qvardiyasına həvalə olunmuşdu. Moskva da manipulyasiyalarını bu istiqamətdə qurur, Krım və Noqay xanədanlarının Kazan taxtından kənarlaşdırılması tələbi ilə çıxış edir, yerliçilik duyğularını qızışdırmaqla əhali arasında əlavə tərəfdarlar toplamaq istəyirdi. Əsas məqsəd isə Kazanı digər tatar uluslarından təcrid etmək, Qızıl Ordanın varisləri arasına nifaq salmaq idi. Uğursuz hərbi səfərlərdən sonra Kazan siyasətini yenidən nəzərdən keçirən çar hökuməti bu dövrdə artıq ətraflı plan-proqram da tərtib etmiş, atacağı addımları mühümlüyünə görə belə bir ardıcıllıqla sıralamışdı:
Kazana su nəqliyyatı yollarının ələ keçirilməsi və şəhərin blokadaya alınması;
Sviyaqa çayı sahilində gələcək əməliyyatlar üçün mərkəz rolu oynaya biləcək bir qalanın inşa olunması;
rus əsirlərin azad edilməsi;
ilk olaraq Volqanın sağ sahilinin ilhaq edilərək Rusiyaya birləşdirilməsi;
əlavə itkilərə yol verməmək üçün hazırlanan yürüşün mərhələli şəkildə həyata keçirilməsi və s.
Osmanlı təcrübəsini əsas götürən İ. Peresvetovun fikrincə, Kazan üzərinə yürüşə IV İvanın özü başçılıq etməli idi. Bu, əsgərlərin döyüş ruhun yüksəldilməsi və yürüşə beynəlxalq diqqətin artırılması üçün siyasi və rəmzi məna daşıyırdı. Xüsusi döyüş və sərkərdəlik bacarığı ilə fərqlənməsə də İvan bu təklifi qəbul etdi. Əməliyyatlara faktiki rəhbərliyi isə həmişəki kimi, baş hərbi qərargahın və qvardiyanın başında duran knyazlar Vladimir Vorotinski və İvan Şeremetyev həyata keçirməli idilər.
Yürüşə hazırlıq 1551-ci ilin yazında başladı. Kazanın 60 kilometrliyində, eyni adlı çayın mənsəbində tikilən Sviyajsk qalasının vaxtında başa çatdırılması üçün Rusiyanın daxili vilayətlərindən lazımi tikinti materialları və ustalar gətirildi və qala çox qısa müddətdə rus qarnizonunun istifadəsinə verildi. Volqa və Kama çaylarından Kazan xanlığına gələn yollar kəsildi. Çay keçidlərinin ticarət gəmilərinin üzünə bağlanması, qurulan zastavalarda yüklərin ciddi baxışdan keçirilməsi və müsadirə olunması, ənənəvi iqtisadi əlaqələrin qırılması, planlaşdırıldığı kimi, xanlığın ticarət və təsərrüfat həyatının, ərzaq təminatının pozulması ilə nəticələndi. Kazan ətraf aləmdən təcrid edildi. Eyni zamanda, çeremis və çuvaşların ələ alınması üçün genişmiqyaslı tədbirlər görüldü. Ruslarla əməkdaşlığa razılaşan nüfuzlu şəxsləri qruplar halında Moskvaya göndərir, “əlahəzrətin qonaqları” kimi ağırlayır, onlara qiymətli hədiyyələr və bəxşişlər verir, mükafatlandırır, bir çoxlarına hətta maaş da kəsirdilər. Sviyajsk qalasının fəaliyyətə başlaması krımlılardan narazı olan dağlıq əhalisinin rusların tərəfinə keçməsi üçün yeni imkanlar açdı və prosesi sürətləndirdi. Xanlığın dağlıq ərazilərinin işğalçılara təslim edilməsi hadisələrin sonrakı inkişafında dönüş nöqtəsi oldu, Kazan-Rusiya qarşıdurmasının dinc məcradan çıxmasına və hər iki tərəfdən həddən artıq şiddətlənməsinə gətirib çıxardı. Rus tərəfi artıq israrlı bir şəkildə xanlığın dağlıq ərazilərinin ilhaqını rəsmiləşdirmək tələbi ilə çıxış etməyə başladı. Bundan əvvəl belə bir tələblə qarşılaşmayan kazanlılar artıq blokadanın götürülməsi müqabilində rusların başlıca şərtlərinə boyun əyməyə, krımlıları hakimiyyətdən uzaqlaşdırmağa (iyunda rus tərəfdarları bunu istəyirdilər), Şahəlini taxta gətirməyə, Moskvanın suverenliyini köhnə qayda üzrə (xərac ödəmək və s.) qəbul etməyə razılaşmışdılar. Məcburiyyət qarşısında 300 nəfərlik Krım qarnizonu şəhərdən çıxarılmışdı. İdarəçilik səlahiyyətləri oğlan Xudaykul və Nurəli Şirin bəyin başçılıq etdiyi müvəqqəti qrupa verilmiş, Seyid Qul-Şərif molla danışıqlar üçün Sviyajska göndərilmişdi. Xanlığın başbilənləri köməksiz qalmış Ötəmiş xan və Suyumbikəni, qaça bilməmiş krımlıları, onların ailə üzvlərini (məs., oğlan Koşçakın iki, oğlan Ağməhəmmədin bir oğlunu) və millətçi qüvvələrin liderlərini təhvil verməyə hazır olduqlarını bildirmiş, rus əsirlərin azad ediləcəyinə dair öhdəlik götürmüşdülər. (Bu öhdəliklərin bir çoxu tezliklə yerinə yetirilmiş, o cümlədən, Ötəmiş Girey və anası Moskvaya aparılmışdı. Bir il sonra məlikə Suyumbikə çarın razılığı əsasında Şahəliyə ərə verilmiş, Ötəmiş isə 1553-cü ildə xaç suyuna çəkilərək, Aleksandr Safagireyeviç adını almış, 1566-cı ildə 20 yaşında dünyadan köçmüşdü.) Eyni zamanda, kazanlıların Moskvaya elçi göndərdikləri Enbars əmir Rast oğlunun orada imzaladığı müqavilədə də dağlıq ərazilərin ilhaq edilməsinə dair maddə yox idi. Tarixçi Mixail Xudyakovun yazdığına görə, məhz rus hökuməti (bu tələbi Şahəlinin təşəbbüsü hesab edən mənbələr də mövcuddur) tərəfindən sonradan ortaya qəfil atılmış bu məsələ mövcud qarşıdurmanı ənənəvi çərçivəsindən çıxararaq Kazan üçün ərazi bütövlüyü və dövlətçiliyin qorunması uğrunda ölüm-dirim mübarizəsi ranqına qaldırmışdı…
1551-ci avqustun 14-də Kazanda böyük qurultay toplandı. Qan tökülməsinə və ölkənin bütünlüklə istila olunmasına yol verməmək üçün Moskvanın tələbləri, o cümlədən də xanlığın dağlıq ərazilərinin Moskva knyazlığına verilməsi tələbi qəbul edildi. Kazan taxtına Qasım xanlarından Şahəli çıxarıldı. Lakin M. Xudyakovun interpretasiyasını əsas alsaq, onun vəziyyəti heç də qənaətbəxş deyildi. Kazan, həqiqətən də qazan kimi qaynayırdı. Vəziyyəti son dərəcə dramatikləşdirən iki əsas məsələ vardısa, bunun biri, heç şübhəsiz, xanlığın dağlıq hissəsinin rusların tabeçiliyinə keçməsi idi. Dağlıq ərazilərin ruslara güzəştə gedilməsi hamıdan əvvəl bir xan kimi Şahəlinin nüfuz və mənafeyinə sarsıdıcı ziyan vurmuş, hakimiyyət məkanını daraltmış, xanlığın vergi və digər gəlir mənbələrini yarıbayarı azaltmışdı. Başqa bir tərəfdən, müsəlman əhalinin xristian-pravoslav çarlığının hökmü altına keçməsi və Qızıl Orda sərhədlərin toxunulmazlığının pozulması qədim törəyə, xanların şərəf və əxlaq kodeksinə daban-dabana zidd idi. Şahəli bilirdi ki, kazanlılar məcburiyyət qarşısında ilhaqa razılaşsalar da, vaxt keçdikcə bununla barışmayacaq və məsələ həllini tapmayınca ölkədə sakitlik yaranmayacaqdır. Həqiqətən də dağ torpaqlarının aqibəti məsələsinə münasibət əyanlar arasındakı bütün köhnə ziddiyyətləri tez bir müddətdə üzə çıxarmış, fikir ayrılıqları sadə əhaliyə də sirayət etmişdi. Cəmiyyətdə həyəcan azalmaq əvəzinə get-gedə yüksəlirdi. İntiqam və revanş əhval-ruhiyyəsinə köklənmiş millətçi qüvvələr vəziyyətdən çıxış yolu axtarırdılar. Sibir bəyləri nəslindən olan əmir Rastın oğulları Bəybars və Enbarsın başçılıq etdikləri zadəgan qruplaşması Şahəliyə və rus səfirinə sui-qəsd hazırlamaq, Noqay xanlığında yaşayan Həştərxan şahzadəsi Yadigarı (Jedigeri) taxta çıxarmaq məqsədi ilə fəaliyyətə keçmiş, lakin çevriliş cəhdinin üstü açılmış, rus səfiri Paletskinin təşviqi ilə təşəbbüskar qardaşlar və daha 70 nəfər xan sarayında ziyafətə dəvət olunaraq namərdcəsinə qətlə yetirilmişdi. Beləliklə, dağlıq ərazilərin qaytarılması məsələsi Kazanda həqiqi bir milli azadlıq hərəkatının leytmotivinə çevrilmişdi. Şahəli bilirdi ki, əmir Rastın oğlanlarının başladığı iş yarıda qalmayacaq, gec-tez başa çatdırılacaqdır. O güzəştə getməsi üçün IV İvanın yanına elçilər də göndərmiş, lakin rus məmurları onları dinləmək belə istəməmiş, əksinə, bir addım da irəli gedərək, Kazandakı bütün rus əsirlər azad olunana qədər elçiləri girov saxlamışdılar.
Əsirlərin azad edilməsi Şahəlinin qarşısında duran ikinci müşkül məsələ idi. Moskva hakimiyyətinin dini çalar verdiyi və Kazanla münasibətlərin guşə daşı kimi qiymətləndirdiyi bu məsələnin önəmini yaxşı anlayan yeni xan taxta çıxdığı ilk gündən rus əsirlərinin azad edilməsi işinə var gücü ilə girişmişdi. Vaxt az idi. Ruslar məsələnin həll edilməsi üçün ona cəmi 5 ay möhlət vermişdilər. Əldə olan siyahıya əsasən, Şahəlinin səyi ilə 60 mindən çox rus əsir azad edilmişdi. Xanlığın hər yerinə carçılar göndərilmiş, Moskva ilə müqavilədə xristianların qul edilməsinə qadağa qoyulduğu, əsirlərin son nəfərədək buraxılmayacağı təqdirdə şəhərə hücumun labüd olduğu əhaliyə çatdırılmış, müqavimət göstərənlər cəzalandırılmışdı. Buna baxmayaraq saray əyanları və zadəganlar (əsirlər məhz onların təsərrüfatlarında qul kimi işlədilirdi) əsirlərin buraxılmasını xanlığın iqtisadi həyatı üçün təhlükəli dəyişiklik sayır, hər vasitə ilə buna mane olurdular. Moskva artıq narazılığını gizlətmir, çar sarayında Kazan xanlığının bütövlüklə işğal olunması ilə barədə qızğın müzakirələr aparılır, müxtəlif variantlar nəzərdən keçirilirdi. Artıq Şahəlinin ondan gözlənilənləri yerinə yetirə biləcəyinə ümid tükənmək üzrə idi.
M.Xudyakovun yazdığına görə 1552-ci ilin fevralında Kazanda daimi səfir təyin olunmuş A.F.Adaşevin tələbi ilə Şahəli taxtdan çəkilməyə razılıq verdi və martın 6-da 300 nəfərlik mühafizə dəstəsi ilə şəhərdən çıxaraq Sviyajska gəldi. Onun yanında olan 84 bəy və mirzə ruslar tərəfindən girov götürüldü. Elə həmin gün Kazan xanlığının Rusiyaya birləşdirilməsi haqqında fərman elan olundu. Lakin rus tarixçisinin xüsusilə vurğuladığı kimi, Şahəli paytaxtı ruslara təhvil verməkdən imtina etmiş, bunun İslamla bir araya sığmadığını açıq şəkildə bildirmişdi (o da diqqətəlayiq faktdır ki ki, rusların əlinə keçmiş üç Kazan xanından yalnız Şahəli xristianlığı qəbul etməmiş və axirət dünyasına müsəlman kimi köçmüşdür).
Martın 7-də S.Mikulinski Kazan valisi təyin olundu. Ənənəyə görə əhali rus çarına sədaqət andı içməli idi və bunun üçün keçiriləcək təntənəli mərasim ayın 9-na təyin olunmuşdu. Lakin Oğlan Xudaykulun başçılığı altında özlərini ilhaq fərmanı ilə razılaşmış kimi göstərən Kazan əsilzadələri şəhərdən qərargaha həyəcanlı xəbərlər gətirdilər. Guya Kazanın çar hakimiyyətinə keçməsi xəbərini qəzəblə qarşılayan sadə xalq və əyanların böyük hissəsi şəhərdə qarışıqlıq yaratmağa çalışırdı. Oğlan Xudaykul andiçmə zamanı mümkün qarşıdurmaların önlənməsi, asayişin qorunması və mərasimin daha yaxşı təşkil olunması üçün Sviyajskda girov saxlanan bir neçə bəyin şəhərə göndərilməsini validən xahiş etdi. Əslində, bu, Kazan əsilzadələri tərəfindən şəhərin müqavimətsiz, az qala könüllü şəkildə təhvil verilməsinin qarşısını almaq məqsədi ilə hazırlanmış planın mühüm bir hissəsi idi. Və müvəffəqiyyətdən başı gicəllənmiş yeni vali xanlığın ən nüfuzlu zadəganlarından olan Narık mirzənin oğlanları İslam, Kebek və Alıkey bəylərin İvan Çeremisovun kiçik bir strelets dəstəsinin müşayiəti ilə Kazana buraxmaqla şəhərin təslim alınmasının dinc yolunu öz əli ilə bağlamış oldu.
Martın 7-də qala qapıları içəri daxil olan bəylərin arxasınca bağlanan kimi şəhərdə üsyan bayrağı qaldırıldı və müdafiə hazırlıqlarına başlanıldı. Əhali arasında güclü iş aparılmışdı, artıq sadə kazanlılar tərəddüd etmədən kafir ruslara qarşı son nəfəslərinə qədər döyüşmək əzmi ilə silaha sarılırdılar. Bir müddətdən bəri rusların qatı tərəfdarı olması ilə məşhurlaşan oğlan Çapkun Otuçevin öz sadiq bəylərindən Burnasla birlikdə şəhərə gələrək, müqavimət hərəkatına qoşulması və onun başına keçməsi xalqı daha da ruhlandırdı. Kazandakı streletslər, Rusiya təbəələri və onların tərəfdarları edam edildi, canişinə məxsus müxəlləfat və atributlar dağıdıldı. Müqavimət liderləri (Seyid Qul-Şərif Molla, Çapkun Otuçev, Alike, İslam, Kebek Narıkov qardaşları, Dərviş bəy, Noqay bəyi Zeniyet və b.) müstəqilliyin qorunmasına and içdilər. Kazan xalqının çarın ilhaq fərmanını tanımayacağı bəyan olunsa da, hamı yaxşı bilirdi ki, xanlığın yaşamasını təmin etmək və ətraf aləmə göstərmək üçün ən mühüm şərt Çingiz soyundan layiqli bir şəxsin taxta gətirilməsidir. Bu məqsədlə Noqay Ordasında yaşayan Həştərxan şahzadəsi Yadigar Məhəmmədin yanına elçilər göndərildi. Çox keçmədən onun yüzlərlə döyüşçüsü ilə Kazana gəlib, taxta çıxması, gözlənildiyi kimi, əhali arasında daha böyük ruh yüksəkliyinə səbəb oldu.
Yadigar xanın 30 yaşı vardı. Həştərxan xanlarından Əbdürrəhmanın hakimiyyəti dövründə, 1542-ci ildə Rusiyaya gedərək, 8 il çar ordusunda qulluq etmiş, hətta 1550-ci ildə Kazana yürüşün də iştirakçısı olmuşdu. Elə həmin il də Noqay Ordasına qayıtmış və orada məskən salmışdı. Rusların hərbi sistemi ilə yaxından tanış olan bir şahzadənin belə çətin bir vəziyyətdə Kazan xanlığında hakimiyyət başına keçməsi şəhərin müdafiəçilərinin qələbə əzmini artırırdı. Tezliklə üç mindən artıq noqaylı Yadigar xanın ordusunda döyüşmək üçün Kazana gəldi və xanlığın qoşunları rusların Kama çayı sahilindəki əsas zastavalarından birini darmadağın etdilər. Yadigar xanın hökumətində Kazan əsilzadə və ruhaniləri ilə birlikdə noqay və Sibir bəyləri də təmsil olunurdu. Vəziyyətin dəyişməsi xanlığın ilhaq edilmiş dağlıq ərazisində yaşayan çuvaş və çeremisləri də ayıltmış, onlar yenidən Kazan xanının təbəəliyinə keçmişdilər. Rusların əlində yalnız Sviyajsk və ətrafı qalırdı.
Kazanlıların silahlı müqavimət yolu tutmaları Moskvada qəzəblə qarşılanmış, çar İvan dərhal “böyük yürüş”ə hazırlıq əmri vermişdi. Sviyajska silah-sürsat, toplar gətirilir, eyni zamanda, Kazana son və qəti hücum üçün beynəlxalq vəziyyətin münasib olub-olmaması da araşdırılırdı. Təhlükə yalnız Krım xanlığından gözlənilə bilərdi. Polşa-Litva knyazlığı ilə təzəlikcə razılaşma əldə olunmuşdu, eston-alman qüvvələrinin Moskvaya qarşı çıxmaq ehtimalı isə yox dərəcəsində idi. Krım ordusunun qarşısını almaq məqsədi ilə Kolomna ətrafında zəruri sayda hərbi qüvvə yerləşdirilmişdi. Krım xanı Dövlət Gireyin də, görünür, öz hesabı vardı, amma hadisələrin gedişi onun yanıldığını göstərmişdi. Dövlət xan yayın ortalarında öz qoşunu və üç minlik yeniçəri bölüyü və bir neçə topla Moskva knyazlığı ərazisinə soxulmuş və Tulaya qədər irəliləmiş, lakin nə şəhəri almış, nə də Kazan ətrafında yaranmış vəziyyəti dəyişə bilmişdi. Dövlət xan rus qoşunlarının artıq Kazana doğru hərəkətə başladıqlarını düşünmüşdü, amma belə deyildi. O, gözləmədiyi halda güclü müqavimətlə rastlaşıb, Tulanın mühasirəsini yarımçıq qoymuş və geri çəkilməyə məcbur olmuşdu. Krımlıların ikinci bir qolu isə bundan xəbər tutmadığından mühasirəyə düşüb, darmadağın edilmiş, sağ qalanlar xeyli silah-əsləhə və bir neçə topu meydanda qoyaraq, canlarını götürüb qaçmışdılar. Ruslar yalnız Dövlət xan sarıdan arxayın olduqdan sonra Kazan üzərinə yürüşə başlamışdılar. Mitropolit Makari qoşuna şəxsən xeyir-dua vermiş, Kazan səfərinin Allah qarşısında müqəddəs borc olduğunu, bu yolda qurban gedənlərin əzabkeş kimi cənnətə düşəcəyini vəd etmişdi.
İşğal, müqavimət, uğursuzluq və fəlakətlər dastanı
Bu, çar qoşunlarının Kazana birinci yürüşü deyildi. 1469, 1505 və 1545-ci illərdə onlar şəhəri ala bilməmiş, 1487-ci ildə ələ keçirmiş, lakin tərk etməli olmuşdular. 1524, 1530, 1550-ci illərdə isə Kazan qısa müddətə mühasirəyə alınmış, lakin bu taktika da uğur gətirməmişdi. Bu dəfə onlar Kazanı blakodaya salıb, uzun müddət təcrid vəziyyətində saxlamağı planlaşdırır və qışı şəhərin yaxınlığında keçirməyə hazırlaşırdılar. İndi onlar həm sayca (150 min nəfər), həm də hərbi təchizat (150 top) baxımından şəhərin müdafiəçilərini üstələyirdilər (Kazan ordusunun ümumi sayı 33 min nəfərə çatırdı, bunun da 3 mini köməyə gəlmiş noqaylılar idilər). Çar qoşununun əsas üstünlüklərindən söz açan tarixçilər iki məsələyə xüsusi diqqət yetirirlər. Birincisi, rus ordusunun bəzi hissələrində tüfəng tipli odlu silahdan istifadə olunması, ikincisi isə Avropadan muzdlu hərbi mütəxəssislərin gətirilməsidir. İngilis mühəndisi Butlerin sərəncamındakı xüsusi alay barıt tərkibli minalarla təchiz edilmişdi ki, bu, hərbi sahədə bölgə üçün yeni texnologiya sayılmalıdır. Butlerin alayı, həmçinin lağımçılıq və istehkamçılıq üzrə texniki yeniliklərdən istifadə etməsi ilə fərqlənirdi. Qonşu türk dövlətləri və Osmanlı imperiyasından yardım və müdaxilə təşəbbüsləri baş tutmamışdı.
Çar qoşunları Kazana çatan kimi şəhəri dörd tərəfdən mühasirəyə aldılar. Casuslarından müdafiə işinin təşkili, qida təchizatı və içməli su mənbələri haqqında məlumat alan ruslar bu istiqamətdə təxribatlar törədib, şəhəri həyati əhəmiyyətli resurslardan məhrum edirdilərsə də, Kazana girə bilmirdilər. Nəhayət, oktyabrın 2-də (yeni təqvimlə 13-də) avropalı mütəxəssislər tərəfindən 30-dək barıt çəlləyinin partladılması ilə (deyilənə görə, bunun üçün 240 pud barıt işlədilmişdi) 49 günlük mühasirədən sonra şəhərin bürcləri uçuruldu və rus qoşunu qalaya daxil oldu. Əvvəl bayır şəhərdə səngər mübarizəsi, sonra isə içəri şəhərdə əlbəyaxa döyüş başladı. Kazanlıların doğma şəhərlərinin müdafiəsi üçün göstərdikləri qəhrəmanlığı ümumtürk tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən tarixçilər Seyid Qul-Şərif Mollanın ətrafında toplanan ruhanilərin (hafizlər, xətiblər, müəzzin və müdərrislər və s.) və əliyalın əhalinin məscidi qorumaq üçün silahlı ruslara hücum çəkərək şiddətli döyüşdə şəhid olmalarını doğma yurdun və mədəni irsin müdafiəsi naminə əsl fədakarlıq, mərdlik və şücaət nümunəsi kimi xüsusi vurğulayırlar. Xan sarayının həyətində baş verən qanlı toqquşmada Yadigar xan və kəraçi Zeniyet bəy, habelə xanın iki imildaşı (süd qardaşı) əsir götürüldü. (Yadigar xan Moskvaya aparılmış, 1553-cü ildə xaç suyuna çəkilib Simeon adlandırılmaq müqabilində Kremldə mülk almış, 1565-ci ildə Moskvada ölmüşdür.)
Döyüşlər səngiyəndən sonra isə şəhərdə qorxunc qətliam və talançılıq başladı. Qeyd etmək lazımdır ki, kişilərin hamılıqla qətlə yetirilməsi əmri komandanlıq tərəfindən rəsmən verilmişdi. Əsgərlər isə qadına, uşağa, yaşlıya, xəstəyə da aman vermədən, qarşılarına çıxanı qılıncdan keçirirdilər. Əhalinin yalnız kiçik bir hissəsi döyüşə-döyüşə şəhərdən çıxmağa və meşələrə çəkilməyə müvəffəq olmuş, qalanları ya öldürülmüş, ya da əsir götürülmüşdü. Doğrudur, Kazan xanlığının (sonradan qohum və qonşu xanlıqların da) dövlət arxivi məhv edilmişdi, amma buna baxmayaraq, Şərq mənbələrində rus qoşunlarının 1552-ci il yürüşü zamanı 190 min insanı qılıncdan keçirdiyi, 15 min 355 nəfərin əsir alındığı təsbit olunmuşdur. Hesabınızı ondan götürün ki, işğalın ilk günü çar İvanın Kazana daxil olması üçün Nurəli darvazasından xan sarayına qədər cəmi 213 metrlik məsafənin meyidlərdən təmizlənməsi əməlli-başlı müşkülə çevrilmişdi. Yolun açılmasına şəxsi heyətin böyük bir hissəsi cəlb olunsa da, bu iş saatlarla çəkmiş, çar, nəhayət ki, şəhərə girmiş, lakin ətrafı bürüyən kəsif meyid və qan qoxusuna tab gətirməyib, tez də geri- şəhər kənarında yerləşən qərargahına qayıtmalı olmuşdu. Ölənlərin dəfn olunmasından söhbət gedə bilməz, cəsədləri kürüyüb Volqaya tökürdülər.
Gözü qızmış rus əsgərləri evlərə soxulur, qənimət üstündə dava-dalaş salırdılar. Kazanın, demək olar, bütün sərvətləri qarət edilmiş, evlər, məscidlər dağıdılmış, şəhər xarabazara çevrilmişdi. Kazanda olarkən IV İvan şəhər valisi təyin etdiyi knyaz A.V.Qorbatı-Şuyskiyə yanğınların söndürülməsini, qənimət kimi xəzinəyə yalnız topların təhvil verilməsini, qalan bütün varidatın əsgərlər tərəfindən talanmasına imkan yaradılmasını tapşırmışdı. Oktyabrın 2-də və sonrakı günlərdə Kazanda baş verən dəhşətlər “Kazan tarixi”ndə (“Kazan salnaməsi” də adlandırılan bu əsərin çar İvanın özü, yaxud İ.Peresvetov tərəfindən qələmə alındığını yazanlar da var) belə təsvir olunur: “…Bir kazanlıya qarşı əlli rus vuruşurdu. Rus döyüşçüləri qartallar və ac qırğılar öz yuvalarına uçan kimi şəhər qalalarına cumdular, dağlarda qaçan marallar təki şəhər küçələrinə axışdılar. Ov axtaran vəhşilər kimi evlərdə, ibadət yerlərində, anbar və xəndəklərdə gizlənmiş kazanlıları axtarıb tapır və öldürürdülər. Hardasa qoca və cavan, ya da ortayaşlı görən kimi canlarını alırdılar… Bütün şəhər qan sellərinə qərq oldu, acı göz yaşları axıdıldı. Qan alçaq yerlərdə yağış suyundan əmələ gəlmiş böyük gölməçələr yaratmışdı, torpaq qana bulaşmış və çay suları qanla elə qarışmışdı ki, insanlar yeddi gün çaylardan su içə bilmədilər. Atlar və adamlar dizə kimi qan içində gəzirdilər”…
…Amma tezliklə məlum olmuşdu ki, paytaxtın və şəhər ətraflarının tutulması hələ bütün xanlığın itaət altına alınması üçün kifayət deyil. Dövlətçiliyin itirilməsi ilə barışmayan kazanlıların müqavimət hərəkatı hələ qarşıda idi…
1553-cü ilin fevralında çəmən yasaqlarını (“yasaq”- natural qaydada və pul şəklində ödənilən kompleks vergi idi və onun pulla ifadə edilən hissəsi yerindən və zamanından asılı olaraq dəyişirdi) ödəməkdən imtina edən bir qrup tatar çarın vergiyığanlarını öldürüb gizlənmək üçün dağa çıxdı və adi bir qaçaq hərəkatı kimi başlayan bu silahlı etiraz tezliklə geniş xalq kütlələri tərəfindən dəstəklənən ümumxalq mübarizəsinə çevrildi. Çuvaşlar və çeremislər də üsyana qalxdılar. Şəhərdən göndərilmiş Zeyzet və Sarının başçılığı altında silaha sarılan üsyançılar Saltıkovun dəstəsini məğlub edib, 35 boyar övladı, 170 çuvaş və 200 rus döyüşçüsü ilə birlikdə onun özünü də əsir aldılar. Sviyajsk və Vasilsursk arasındakı yol tutuldu. Sürətlə təşkilatlanan qiyamçılar müqavimət hərəkatının mərkəzini şəhərdən 45 kilometr şimalda yerləşən Çalım qalasına keçirdilər. Hərəkata Sarı Batır, Mamış Birdi, Əhməd Batır, Zeyn Seyid kimi el qəhrəmanları rəhbərlik edirdilər. Amma bu dəfə də mübarizənin legitim və mütəşəkkil xarakter alması üçün xan hakimiyyətinin, ləğv edilmiş dövlət təşkilatının bərpa olunması zərurəti ortaya çıxmışdı. Noqay mirzələrindən İsmayılın oğlu Məhəmməd Kazan taxtına dəvət olundu. Elçilər edam edilmiş rus voyevodası Saltıkovun yaraq-əsləhəsini də ona hədiyyə aparmışdılar. Lakin mirzə Məhəmməd Rusiya tərəfdarı kimi ad çıxarmış atasının təsiri altında bu dəvətlə razılaşmadı. Belə olduqda kazanlılar onun əmisi oğlunu- əsir edilib Moskvaya aparılmış məlikə Suyumbikənin qardaşı Əliəkrəmi taxta keçirdilər (Əliəkrəm uzun müddətdən bəri qardaşı İsmayıl mirzə ilə sərt rəqabət aparan Yusuf mirzənin oğlu idi). İşğal altında olan xanlığın yeni başçısı 300 silahlı noqaylı ilə Saraycıqdan Kazan xanlığına gəldi və paytaxtın Çalım qalasına köçürüldüyünü bəyan etdi. Bununla Kazan xanlığının mövcudluğuna son qoymuş çar fərmanı artıq ikinci dəfə qüvvəsini itirirdi. Çar, əlbəttə ki, yaranmış vəziyyətlə barışmadı və kazanlıları itaətə məcbur etmək üçün yenidən döyüşə girmək qərarı verdi. Rus qoşunları əvvəlcə A.F.Adaşevin, sentyabrda voyevodalardan S.Mikulinski, İ.Şeremetyev və başqalarının komandanlığı altında Volqa, Kama və Vyatka çaylarında hərəkəti nəzarətə götürüb əliyalın xalqa qarşı şiddətli cəza əməliyyatlarına başladılar. Kazan tatarlarının yaşadığı bütün ərazilər faktiki olaraq döyüş meydanına çevrilmişdi. 250 verstlik geniş bir ərazini əhatə edən bu müdhiş əməliyyatlar zamanı ruslar kənddən kəndə keçərək, evləri yandırır, dinc sakinlərə divan tutur, günahsız adamları əsir alır, tacirlərin mallarını yandırır və ya özbaşına müsadirə edir, etiraz edənləri öldürür, ətrafa od-alov, aclıq və vahimə yayırdılar. 1553-1554-cü illərin qışına doğru onlar daha 6 min kişini, 15 min qadın və uşağı əsir götürmüş, ölkəni xarabazarlığa döndərmişdilər. Çox vaxt əsirlər edam edilirdi. Voyevodaların əlinə keçən ərazilərdə yerli əhali qorxunc işgəncələr altında çara sədaqət andı içmək, vergiləri ödəmək məcburiyyətində qalır, lakin heç bir halda Çalıma- üsyançıların üzərinə getmək tələbinə boyun əymirdilər. Müqavimət hərəkatı gah orda, gah burda spontan şəkildə baş qaldırır, alovlanır, söndürülür, yenidən od tutub qızışırdı. 1556-cı ildə lağımlar ataraq Çalım qalasını partladan çar qoşunları ətrafı qan gölünə çevirdilər. Əliəkrəm xan və yaxın əhatəsindəki adamlar öldürüldü, üsyanın rəhbərləri xəyanət nəticəsində ələ verilib Moskvaya aparıldılar və orada edam olundular. Həmin il Arsk torpağı knyaz Mstislavskinin cəza dəstələri tərəfindən boşaldıldı, 1557-ci ildə isə xanlıq ərazisindəki son müqavimət ocaqları da söndürüldü. Beləliklə, əfsanəvi Uluğ Məhəmməd xan tərəfindən qurulmasından 115 il sonra Kazan xanlığı yer üzündən silindi, “Kazan sarayı Prikazı” yaradıldı və xanlığın əraziləri Rusiya dövlətinin tərkibinə birləşdirilərək, bu qurumun ixtiyarına verildi.
Qiyamın xüsusi amansızlıqla yatırılması, üsyançıların sərt şəkildə cəzalandırılması, real siyasət baxımından, əsasən, iki məqsəd güdürdü. IV İvan (qəddarlığına görə avropalıların “Terrible” təyini ilə damğaladıqları İvan Vasilyeviçi ruslar “Qroznıy” (“Heybətli”) adlandırırlar. Halbuki ona verilmiş bu ləqəbin ingiliscədən rus dilinə “ujasnıy” (“dəhşətli”) kimi tərcümə edilməsi daha düzgün sayılır. Fikrimizcə, çar İvanı ruscada olduğu kimi “Qroznıy” deyil, “terrible” sözünün türkcə qarşılığı olan “Qorxunc İvan” adlandırmaq semantik cəhətdən daha adekvat sayılmalıdır) bir tərəfdən istila etdiyi müsəlman torpaqlarında milli azadlıq hərəkatlarına yol verilməyəcəyini göstərir, presendent yaranmasının qarşısını alırdı. Digər tərəfdən XVI əsrinin bütün ikinci yarısı boyunca Kazanda adda-budda özünü büruzə verən milli müqavimət qüvvələrini hərbi-siyasi cəhətdən dəstəkləyən qonşu müsəlman dövlətlərini də təhdid edir, onları Moskvaya qarşı ittifaqa girmək niyyətlərindən çəkindirmək istəyirdi. Bir qədər geniş yanaşdıqda isə deyə bilərik ki, rus ordusunun Kazan üzərinə son cəza aksiyası (1553-1557) Moskvanın müsəlman aləminə yönəlmiş qisasçılıq və revanşist ruhunun təcəssümü olub, bir yandan orta əsrlərin səlib yürüşlərinin davam etdiriləcəyini (“Moskva-III Roma” ideyası) göstərir, o biri yandan çox sonrakı imperialist müharibələrinin anonsunu verirdi. Yəni, biri o birini istisna etmirdi. Belə demək mümkünsə, Rusiya Kazan xanlığı ilə bütün müsəlman dünyasının girovu kimi davranmışdı.
ARDI VAR
N.MUSTAFA

