Uşaqları sevə-sevə böyüdək
Zərif və zəif körpələrə əl qaldırmayaq
Biz körpə fidanlar dediyimiz uşaqları sevə-sevə böyüdür və onların cəmiyyətin dəyərli üzvü olmaları üçün əlimizdən gələni əsirgəmirik. Tanınmış yazıçı Ənvər Məmmədxanlının “Buz” hekayəsində ananın körpəsinə məhəbbətinin zirvəsi təsvir edilmişdir. Dondurucu şaxtada ana öz həyatını körpəsinə bağışlamaqla balasını labüd ölümdən xilas edir…
Təəssüf ki, həmişə belə olmur…Cəmiyyətimizdə uşaqlar böyüklərdən zorakılıq və nifrət də görürlər. Həmişə gələcəyimiz dediyimiz uşaqlara şiddət göstərmək, onlara fiziki cəza vermək bədbəxt sonluğa aparıb çıxara bilər. Zərif və zəif körpələrə əl qaldırmaq və ya digər təhqiramiz cəzaların tətbiq olunması onlara pis təsir edir və bunu ömür boyu lənətlə xatırlayırlar. Təbii ki, anlaqsız və fiziki cəhətdən qüsurlu olan uşaqlara şiddət göstərmək-döymək, saçını yolmaq, qulağını çəkmək və s. kimi cəzalara məruz qoymaq həm günah, həm də cinayətdir. Unudulmaz yazıçımız Tağı Şahbazi Simurğun “Qayçı” hekayəsini xatırlayırsınızmı? Hekayədə yetim qalmış Məhəmmədi qapısında qul kimi saxlayan Məşədi Salman evdə axtarıb qayçını tapmayanda Məhəmməddən şübhələnir və onun andına-amanına baxmayaraq uşağı yanar təndirə atır. Məhəmmədin ərşə çıxan yalvarışlarına və çığırtısına gələn qonşular onu xilas edib xəstəxanaya aparırlar. Sağalanda uşaq evinə verilən Məhəmməd Məşədi Salmana məktub yazır: “Məşədi Salman əmi, məni niyə yandırdın? Niyə məni təndirə atdın? Mən demədimmi ki, qayçıdan xəbərim yoxdur? Nə oldu, qayçı yorğanın içindən çıxdımı?”
Sonda Məhəmməd yazır ki, böyüyəndə gəlib onunla danışacaq. Əlbəttə, belə şəraitdə bütün uşaqlar belə düşünər, gələcəkdə qisas almağı qətiləşdirər.
Son günlər Bakıdakı loqopedik mərkəzlərdən birində anlaqsız bir uşağın psixoloq-tərbiyəçi tərəfindən amansızlıqla döyülməsi sosial şəbəkələrdə geniş müzakirə olundu və ölkədə böyük rezonans yaratdı. Hamı yerbəyerdən onun mərhəmətdən uzaq hərəkətini pislədi. Bundan əvvəl də bir neçə uşaq bağçasında və məktəbdə uşaqların döyülməsi və ya təhqir olunması faktları aşkara çıxmışdı. Bunlar tamamilə yolverilməzdir. Loqopedik mərkəzdə uşağın psixi durumunun yaxşılaşdırılmasına xidmət etməli olan psixoloq xanımın aqressiv hərəkətləri isə təbii ki, əks-effekt verəcəkdir. Bu, bəlkə də normal həyata qayıda biləcək uşağın gələcəyinin puç olmasına səbəb olacaqdır. Belə görünür ki, özünün psixoloji yardıma ehtiyacı olan xanımın həmin müəssisədə işləməsi qətiyyən düzgün deyil. Valideynlər və ya dövlət pul xərcləyir ki, xəstə uşaqlar sağalsın, cəmiyyətə inteqrasiya olunsun. Bu cür davranışla xəstə uşaq sağala bilərmi? Əlbəttə, yox. Deməli, xəstə uşaqlarla işləyən işçilər hərtərəfli hazırlıqlı olmalı, onlar uşaqlara mərhəmət və məhəbbətlə yanaşmağı bacarmalıdırlar. Xəstə uşaqlar kontingenti ilə işləyən işçilər seçilib yerləşdirilməlidirlər. Əks halda belə dəhşətli vəziyyətlə tez-tez rastlaşa bilərik.
Uşaq ölümləri, onların cəzaya məruz qoyulmaları cəmiyyətimizdə ciddi narahatlıq yaradır. Sual olunur: Bütün bunların qarşısını necə almaq olar? Bu sualın cavabını ailələrdə, məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda və polis orqanlarında tapmaq olar. Əgər adları çəkilənlər əlbir işləsələr, problemlərin həllində operativlik göstərsələr, onda yuxarıda təəssüflə qeyd etdiyimiz hallar baş verməz.
Uşaqlar bizim gələcəyimizdir-deyirik, ona görə də gələcəyimizin xoşbəxt olması üçün uşaqlara qayğı və nəvaziş göstərməli, təhsilinə və tərbiyəsinə ciddi fikir verməliyik. Ərəb xilafətinin beşinci xəlifəsi İmam Əli uşaqların tərbiyəsi barədə bir çox gözəl fikirlərin müəllifidir. İmam Əli deyirdi: “Uşağı döymək, təhqir etmək, kobud davranmaq, onunla hesablaşmamaq, təklikdə və cəmiyyət içərisində tənqid etmək zərərli sonluqla nəticələnər.” Biz deyilən və sınaqdan çıxan fikirləri öyrənməli, tərbiyə prosesində tətbiq etməliyik.
Müxtəlif xəstəliklərə məruz qalan və anlaqsız vəziyyətə düşən uşaqlara isə qayğı və hörmət ikiqat olmalıdır. Uşaqlarla işləyən hər kəs bunu bilməli və əməl etməlidir. Nəticədə həm özümüz, həm də cəmiyyətimiz qazanar.

