Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir
Azərbaycanın coğrafi xüsusiyyətləri, Avropa və Asiyanın ən iri iqtisadi inkişaf etmiş ölkələri arasında yerləşməsi beynəlxalq nəqliyyat şəbəkəsində iştirak üçün real zəmin yaradır. Əsas istehsalçı və ən böyük istehlakçı regionları arasında yük axınlarının artımını nəzərə alaraq, Azərbaycanın nəqliyyat siyasətinin əsas məqsədi nəqliyyat infrastrukturunun gələcək inkişafı olaraq qalır. Nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı son illərdə görülən işlər xüsusi diqqətə layiqdir. Xüsusilə, Şərq-Qərb nəqliyyat dəhlizi Çin və Avropa arasında ən qısa marşrutdur, tranzit və yüklərin daşınması baxımından səmərəlidir. 5400 km-lik Şərq-Qərb nəqliyyat dəhlizi boyunca orta tranzit müddəti 15 gündür. Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb.
Təqdirəlayiq haldır ki, nəqliyyatın bütün sahələrində yeni layihələr həyata keçirilib. Azərbaycanın zəngin yol infrastrukturu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycanla nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq xüsusi önəm kəsb edir. Bu fikir Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitində də səsləndi. Prezident İlham Əliyev çıxışında sammit iştirakçılarına ilk növbədə Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir. Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini qeyd etmişdir.
Bu dəhlizlərin hər ikisi Azərbaycandan keçir. İstər “Şimal-Cənub”, istərsə də “Şərq-Qərb” dəhlizi ölkəmizin geosiyasi əhəmiyyətini artırır. Odur ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin də “Şərq-Qərb” dəhlizi qədər vacib olacağı qənaətindəyik. Ölkəmiz üçün onlar bərabər dərəcədə önəmlidir.
Açıq dənizə çıxışı olmayan ölkə kimi Azərbaycan bu gün beynəlxalq nəqliyyat mərkəzinə çevrilməkdədir. Bu istiqamətdə işlər, əlbəttə, bir qədər əvvəl görülüb. Lakin Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal olmuşdur ki, bu yolları daha da yaxından nəzərdən keçirsinlər. Təkcə onu qeyd etmək kifayətdir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar. Azərbaycanın məqsədi Transxəzər tranzit dəhlizini “Bir kəmər, bir yol” layihəsinə inteqrasiya etmək və bütün iştirakçı ölkələrin ümumi iqtisadi maraqlarına uyğun fayda əldə etməkdir.
Azərbaycanın belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.
Həmçinin dövlətimizin başçısının təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyev şəxsiyyətinə dərin hörmət və ehtiramın göstəricisidir. Azərbaycanın bu tədbirdə iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqi sayıla bilər.
YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə şəhər Milli Qəhrəman E. Kərimov adına 4 saylı tam orta məktəbin direktoru Tofiqə Məmmədova